Xəbər lenti

"Vitse-prezidentlər dövlət büdcəsinə 10 milyon manat köçürsünlər" - Hüquqşünasdan təklif
Ölkə08:24 28.07.2016

"Vitse-prezidentlər dövlət büdcəsinə 10 milyon manat köçürsünlər" - Hüquqşünasdan təklif

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sentayabrın 26-da Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi - referendum keçiriləcək.

Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması, prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə artırılması, prezidentə Milli Məclisi buraxmaq və növbədənkənar prezident seçkilərinin elan edilməsi səlahiyyətinin verilməsi, prezident seçkilərində yaş məhdudiyyətinin aradan qaldırılması, parlament seçkilərində iştirak üçün yaş həddinin 25-dən 18-ə endirilməsi nəzərdə tutulur.

"Qaynarinfo.Az" saytı xəbər verir ki, sosial şəbəkələrdə bu məsələ geniş müzakirə olunmaqdadır. 

Hüquqşünas Əkrəm Həsənov isə "facebook" səhifəsində bu yöndə maraqlı təkliflə çıxış edib. O, təklif edib ki, vitse-prezidentliyə təyin olunan şəxslər dövlət büdcəsinə pul köçürsünlər: 

"Konstitusiyaya dəyişikliklər qəbul olunsa, ölkədə 1-ci vitse-prezident və sayı qeyri-müəyyən olan digər vitse-prezidentlər olacaq. Bütün vitse-prezidentlərin şəxsiyyəti toxunulmaz olacaq. 1-ci vitse-prezidentin dövlət təminatı, mühafizəsi və konkret funksiyası olacaq: lazım olanda Prezidenti əvəz etmək. Digər vitse-prezidentlərin isə nə təminatı, nə də konkret səlahiyyəti olmayacaq. Amma məlumdur ki, titulları və toxunulmazlıq statusunu sevən insanlar az deyil. Buna görə də iqtisadiyyatımızın dərinləşən böhranını nəzərə alaraq, təklif edirəm ki, 1-ci vitse-prezident istisna olmaqla, digər vitse-prezidentlər vəzifəyə yalnız dövlət büdcəsinə müəyyən məbləğdə (məsələn, 10 mln. manat) pul köçürdükdən sonra təyin olunsunlar".

Hüquqşünas yazıb ki, burada qəbahətli heç nə yoxdur:"Bəzi ölkələr hətta vətəndaşlığa qəbul üçün ölkə iqtisadiyyatına pul qoyulmasını tələb edir.  Nəticədə dövlət büdcəsinə xeyli vəsait daxil olacaq. Əsas da məhz budur. Vitse-prezidentlərin isə sayı nə qədər olursa, olsun".

Qızılgül

Qaynarinfo.Az