Təhsilin nəzəriyyə və praktikası ilə məşğul olan görkəmli pedaqoq, Əməkdar elm xadimi, psixoloq-alim, professor Əbdül Əlizadənin “Xalq” qəzetində dərc olunmuş müsahibələrindən birini təqdim edirik. - Əbdül müəllim, inkişaf etmiş ölkələrin tarixi təcrübəsi belə deməyə əsas verir ki, respublikamızın gələcəyi, onun dünya dövlətləri arasında tutacağı yer təhsilimizin də hansı istiqamətdə inkişafından və səviyyəsindən çox asılı olacaq. Bu strateji sahənin problemləri təxirə salınmadan həll edilməlidir. Sabah gec ola bilər...- Mən Hüseyn Cavidin bu gün xüsusilə aktual səslənən bir məqaləsi ilə cəmiyyətin taleyüklü problemlərinin həllində məktəbin, müəllimin rolu məsələsinə toxunmaq istərdim. İndi bütün dünya özünün qeyri-adi elmi-texniki uğurları ilə, necə deyərlər, yerə-göyə sığmayan Yaponiyadan heyrətlə danışır. Görəsən, əlçatmaz yapon möcüzələrinin sirri nədədir? Bu axtarışlara hansı müstəvidən yanaşırlarsa-yanaşsınlar, bir sınanmış həqiqətə gəlib çıxırlar: yapon möcüzələrinin sirri, ilk növbədə, onun məktəblərindədir, yapon müəllimlərinin gücündədir. 1905-ci ildə Rus-Yapon müharibəsində yaponların qələbəsini onun hərbi qüdrəti ilə əlaqələndirirdilər. Bəzi yazarlar isə, Hüseyn Cavidin sözləri ilə desək, Rus-Yapon müharibəsində yaponların qalibiyyətini onların komandanlarında, zabitlərində deyil, ibtidadi məktəblərdə, müəllimlərdə, onların xalqa vermiş olduğu tərbiyyədə arayırdılar. Hüseyn Cavid 1915-ci ildə yazdığı “Müharibə və ədəbiyyat” sərlövhəli məqaləsində həmin yazarları mütəfəkkir adlandırır, hərbi qabiliyyətin pedaqoji faktor olmasını zamanın hərbi düşüncəsinə sığmayan fəlsəfi ölçülərlə vurğulayırdı. “Müəllimlərin xalqa vermiş olduğu tərbiyə” – bu sözlərlə müasir məktəbin də inkişafında onun strateji rolunu bütün dolğunluğu ilə aydınlaşdırmaq olar. Yapon möcüzələri haqqında H.Cavid şərhi dahiyanə təhlil nümunəsidir. Vaxtilə buna çox az adam inanırdı, bu gün isə Yaponiya özünün ağlasığmaz elmi-texniki uğurları ilə dünyanı heyran qoyanda, zamanın ağıllı adamları gur səslə yapon məktəbinin rolundan danışmağa başlayıblar. Yaponlar Təhsil Nazirliyini güc nazirlikləri səviyyəsində qiymətləndirirlər və onun imkanlarından ağlasığmaz uğurlarla bəhrələnirlər.
Yaşadığımız günlərdə cəmiyyətin sosial-iqtisadi inkişafında məktəbin rolu bütün aydınlığı ilə dərk olunur. Mütəxəssislərin fikrincə, təhsilin keyfiyyəti problemi ən kəskin milli problemlərdən birinə çevrilmişdir. Təsadüfi deyil ki, YUNESKO XXI yüzilliyi “təhsil əsri” elan etmişdir. Dünyanın müxtəlif ölkələrində 45 ildən çoxdur ki, təhsil nəzəriyyəçiləri adamları gündən-günə dəyişən dünyaya hazırlamaq məqsədi ilə “XXI əsr üçün təhsil” ideyası üzərində durmadan işləyərək təkmilləşdirir, yeni proqramlar irəli sürürlər. Azərbaycan filosofları, sosioloqları, psixoloqları və pedaqoqlarının da bu axtarışlarda iştirakı vacibdir.
- Təhsil sisteminin bugünkü durumu və səviyyəsi, təhsilin keyfiyyəti və nöqsanları barədə müxtəlif fikirlər söylənilir...- Təhsilin inkişaf yolu həmişə enişli-yoxuşlu olub. O, intibah ömrünü də yaşayıb, böhranlı günlərini də keçirib. Cəmiyyətdə keşməkeşli dövr yarananda isə təhsilin inkişafında çox vaxt anlaşılmaz görünən ziddiyyətlər, təzadlar xüsusilə aydın nəzərə çarpır. Bu gün təhsil sahəsindəki nöqsanlar və çatışmamazlıqlar barədə mütəxəssislər də, mütəxəssis olmayanlar da qəzet və jurnal səhifələrində, efirdə və ekranda səxavətlə danışırlar. Onlara etiraz etmək çətindir. Haqlı sözə nə deyəsən?! Azərbaycan müəllimlərinin uğurları fərəhlidir. Onların bir çoxu zəmanənin görkəmli müəllimləri sırasında layiqli yer tuturlar, lakin məktəblərimizin təcrübəsində köklü çatışmazlıqlar da özünü göstərir. Müəllimin xüsusilə psixoloji səriştəsizliyi ilə bağlı olan nöqsanlar bəzən his edilmir, lakin bu, arxadan vurulan iti bıçaq kimi olur. İndi biz bu həqiqətlər haqqında ciddi düşünməliyik.
- Əslində, çox paradoksal bir vəziyyət yaranıb: çağdaş psixologiya böyük uğurlar əldə edib, məktəblər isə yerində sayır, hava və su kimi vacib olan bu uğurlardan məktəb təcrübəsində, demək olar ki, istifadə olunmur. - Məktəb bu gün iki yolun arasındadır. Bu yolayrıcı, əslində, iki pedaqoji sistemi, iki pedaqoji təfəkkür tərzini səciyyələndirir. Müasir psixoloji və pedaqoji ədəbiyyatda birinci sistemi “ənənəvi didaktika” və ya “ənənəvi pedaqoji sistem”, ikincini isə “yeni pedaqoji təfəkkür”, “müasir təhsil konsepsiyası” kimi səciyyələndirirlər. Birinci yol, təəssüf ki, hələ də adi müəllimlərin təcrübəsində bu və ya digər formada yaşayır. Lakin həmin yol bir pedaqoji sistem kimi artıq ömrünü başa vurmuşdur. Müasir məktəb üçün yeni pedaqoji təfəkkürün alternativi yoxdur: o, ancaq və ancaq çağdaş təhsil konsepsiyası əsasında inkişaf edə bilər.
- Çağdaş təhsil konsepsiyası yeni təfəkkürlü, gələcəyin şəxsiyyətini yetirə biləcək yaradıcı müəllim tələb edir. - Bəli, təəssüf hissi ilə deməliyik ki, müəllimlərin çoxu hələ yeni pedaqoji təfəkkürə dəyərincə yiyələnməyib. Zaman isə yeni üsullarla işləməyi tələb edir. “Dindirir əsr bizi...” Dünən, böyük Sabirin yanğılı sözləri ilə desək, dinməmişik. Bu gün dinməliyik. Müstəqil respublikamızda təhsil sistemini də zamanın ölçüləri ilə qurmalıyıq. Ənənəvi didaktik sistemdən fərqli olaraq, yeni pedaqoji təfəkkür şagirdin bir şəxsiyyət kimi formalaşdırılmasını təhsil sisteminin başlıca vəzifəsi sayır. Bu köklü vəzifənin həyata keçirilməsi üçün təhsil humanistləşdirilməli və humanitarlaşdırılmalı, təlim inkişafetdirici və tərbiyəedici olmalıdır. Bu prinsiplərdən hər biri köklü psixoloji, pedaqoji və metodik problemlərin həlli ilə bağlıdır.
- Yeni pedaqoji təfəkkürün formalaşmasını şərtləndirən amillər?..- Cəmiyyət inkişafının hər bir mərhələsində özünəməxsus pedaqoji təfəkkür formalaşır və bu, təkcə uşaqların təlim-tərbiyəsi barəsində cəmiyyətin pedaqoji dəyərlərini deyil, həm də, ilk növbədə, fəlsəfi-psixoloji dəyərlərini əks etdirir. Cəmiyyət inkişaf etdikcə onun təhsil siyasətində də yeni cəhətlər meydana gəlir, köhnəlmiş pedaqoji nəzəriyyələr sıradan çıxır. Əvvəlki dövrlərdə yeni pedaqoji təfəkkürün formalaşmasında pedaqoqlar önəmli rol oynayıb. XX əsrdə, həmçinin yaşadığımız XXI əsrdə isə, pedaqoji təfəkkürün inkişafında psixologiyanın əhəmiyyəti xüsusilə artıb. Yeni pedaqoji təfəkkürün formalaşması müxtəlif amillərlə şərtlənir. Gəlin, 60-cı illərin əvvəllərini xatırlayaq. Elmi-texniki inqilab (ETİ) dövrü artıq başlamışdı. Bəşəriyyət ağlın təntənəsinə doğru gedir və böyük amala çətinliklə olsa da, tədricən, lakin qətiyyətli addımlarla qovuşurdu. ETİ öz ağlagəlməz möcüzələri ilə köhnə təsəvvürləri dağıdırdı. Cəmiyyət industrial cəmiyyətdən informasiya cəmiyyətinə doğru inkişaf edirdi. Zamanın mədəniyyət ölçüləri dəyişirdi. Bir cəhəti xüsusilə vurğulamaq lazımdır ki, təhsil mədəniyyətin zəruri tərkib hissəsidir. Onun inkişaf meylləri ancaq mədəniyyət aspektində sistemli təhlil olunub, mənalandırıla bilər. Təəssüf ki, bizim psixoloji və pedaqoji ədəbiyyatımızda, bir qayda olaraq, məsələnin bu yönümdə təhlilinə yetərincə diqqət yetirilmir. Halbuki, məsələyə mədəniyyət kontekstində yanaşada ənənəvi və müasir didaktik sistemin nəzəri-metodoloji köklərini bütün aydınlığı ilə görmək olar.
Ənənəvi pedaqoji sistem, mahiyyəti etibarı ilə “Yeni dövr” (1640-1660-cı illərdən sonrakı dövr) mədəniyyətinə söykənir. “Yeni dövr”ün mədəniyyəti “sahə” mədəniyyəti idi. Bu dövrdə elm ayrı-ayrı bilik sahələrinə bölünür. Bu, təlim prosesində də öz əksini tapır və ayrı-ayrı fənlərin öyrənilməsinə həsr olunmuş dərslər meydana gəlir. Elmi biliklərin inkişaf məntiqi axarında sinif anlamı yaranır. Böyük pedaqoqların (Kamenski, Pestalotsi, Herbart və b.) səyi ilə sinif-dərs sistemi formalaşır, müəllim təlim prosesinin subyekti kimi avtoritar status kəsb edir, şagird isə bu kökdə tədricən obyektə çevrilirdi. Sinif məkanında assimmetriya əmələ gəlirdi.
Ənənəvi didaktik sistemin təxminən 350 illik tarixi var. Onun yaranmasında Şərq iştirak etməyib və aydın məslədir ki, bu sistemdə Şərqin təlim (tərbiyə) ənənələri nəzərə alınmayıb. Bu sistem öz dövrü üçün mütərəqqi hadisə olub. Bu gün isə həmin sistemin potensialı tükənib. Artıq müasir mədəniyyət yaranıb və müasir mədəniyyət ölçüləri ilə təhsil yeni paradiqmalarla dəyərləndirilir. “Yeni dövr” mədəniyyətindən fərqli olaraq müasir mədəniyyət inteqrativ mədəniyyətdir. Elmlərin (fənlərin) inteqrasiyası, elmin istehsalatla inteqrasiyası onun başlıca məziyyətidir. “Yeni dövr” mədəniyyətindən fərqli olaraq, müasir mədəniyyət üçün insan vasitə deyil, məqsəddir, şəxsiyyətin formalaşması və inkişafı onun üçün məramdır. “İnsan amili”, “insan hüquqları”, “şəxsiyyət” anlayışları artıq dövrün lüğətində ən işlək sözlərə çevrilib.
- Əbdül müəllim, söhbətimizdən belə bir məntiqi nəticə çıxır ki, təhsil sahəsində islahatlar zəruri və qaçılmazdır. - Təhsilin fəlsəfi problemlərini araşdıran mütəxəssislər bu köklü məsələni tarixi faktlarla açıqlayırlar. Onlar göstərirlər ki, dəfələrlə böhranlı situasiyaya düşmüş Qərb ölkələri ondan çıxmaq üçün təhsildən yaxşı vasitə tapmamışlar. Böyük Fransa inqilabından sonra da belə olmuş, İkinci Dünya Müharibəsindən sonra da ABŞ, Almaniya, Yaponiya bu yolla getmiş, daha dəqiq desək, təhsil sahəsində köklü islahatlar keçirmişlər. Sevindirici haldır ki, bu gün Azərbaycan təhsil sistemi də belə köklü islahatlara açıqdır və bu islahatların nəticələri görünməkdədir.
- Ümumiyyətlə, islahatlaşdırılmış təhsil nədir? - Fəlsəfi ədəbiyyatda islahatlaşdırılmış təhsil, zamanın nəbzini düzgün tutan, gələcək inkişafı qabaqlayan, köhnəlik və mühafizəkarlıq buxovlarını qıran və bununla da köhnə ilə yeni arasındakı uçurumu kataklizmlərsiz dəf etməyə kömək edən təhsil kimi səciyyələndirilir. Əsrlərin sınağından çıxmış bir həqiqət bu gün daha sərt səslənir: böyüyən nəslə biliklərin verilməsinin ənənəvi formalarını inadkarlıqla qoruyub saxlayan ölkələr gələcək vətəndaşlarda sosial böhranlarla zəngin olan qeyri-adekvat sivilizasiya sindromunun əmələ gəlməsi üçün zəmin yaradırlar.
Bu problemlər Respublikamız üçün də eyni dərəcədə aktualdır. Lakin tarixin sınaqlarından çıxmış həqiqətlər var: heç bir ölkə müharibə şəraitində təhsildə sistemli islahatlara getmir və məlum səbəblərə görə bunu həyata keçirə də bilməz. İndiki şəraitdə ən başlıca məsələ elmi-metodik işi gücləndirməkdən ibarətdir və yeni pedaqoji təfəkkürün formalaşdırılması onun ana xəttini təşkil etməlidir. Müəllimlər müasir təhsil konsepsiyasına və yeni pedaqoji texnologiyaya dərindən yiyələnməlidirlər. Hazırda müəllimlər elmi-pedaqoji ədəbiyyat axtarır, məsləhət üşün N.Tusi adına ADPU-nun psixologiya, pedaqogika və metodika kafedralarına müraciət edirlər. Əvvəllər belə hallar olmazdı. Bakı məktəblərinin təcrübəsindən rayon məktəbləri də bəhrələnməlidirlər. Müasir məktəb, əslində elmi-metodiki laboratoriya olmalıdır.
Müəllimlərimiz bu və ya digər dərəcədə metodiki məsələlərlə yaxından maraqlanırlar. Lakin özlüyündə çox qiymətli olan həmin meyldə birtərəfli cəhətlər də özünü göstərir: onların çoxu metodika məsələlərinə əhəmiyyət versələr də, fənnin tədris metodikasının şəfa qaynaqlarını təşkil edən elmləri – psixologiya və pedaqogikanı lazımınca dəyərləndirmirlər. müəllim dərsin təhsil məqsədini metodik mülahizələrlə həll edə bilir, halbuki dərsin inkişafetdirici və tərbiyəedici məqsədini müəyyən etmək üçün o, zəruri surətdə psixoloji və pedaqoji ölçülərə əsaslanmalıdır. Əsaslanmayanda... dərsin məqsədlərini düzgün müəyyənləşdirə bilmir, dərs öz-özünə əhəmiyyətini itirir. Məsələyə bu baxımdan yanaşanda onlarla önəmli sualla rastlaşırsan: müəllim şagirdlərin fərdi xüsusiyyətlərini necə öyrənməlidir? Şagirdlərin qabiliyyətini necə müəyyən etmək olar? Təhsilin humanistləşdirilməsi və humanitarlaşdırılması nə deməkdir, məktəb təcrübəsində hansı yollarla həyata keçirilməlidir?
Demokrat müəllim hansı məziyyətlərlə seçilir? Pedaqoji qabiliyyətlər məktəb təcrübəsində necə inkişaf etdirilməlidir? və s.
- Əbdül müəllim, məktəblərimizdə şagirdlərə bir şəxsiyyət kimi hansı keyfiyyətlərin necə aşılanacağı çox müəmmalı şəkildə həyata keçirilir, bu gün tərbiyəçi fənn müəllimləri, demək olar ki, çox azdır. - Sözsüz ki, müəllimlər şagirdlərə bir şəxsiyyət kimi hansı keyfiyyətlər aşılayacaqlarını bilirlər. Təhsil Qanununda bu keyfiyyətlər və onunla bağlı qaynaqlar bir-bir qeyd olunub. Lakin müəllimlərin çoxu, bəlkə də əksəriyyəti bu keyfiyyətləri hansı sistemlə və necə aşılayacaqlarından bixəbərdirlər. Bunun üçün tərbiyə işinin proqramı hazırlanmalı, tərbiyə işinin texnologiyası məsələləri və nəhayət, hər bir fənnin tədrisi prosesində tərbiyə işinin məzmunu və sistemi əsaslı surətdə işlənməlidir.
Müasir məktəbə yüksək intellektual səviyyəli tərbiyəçi fənn müəllimi lazımdır. Müəllimlərimizin çoxu isə fənn müəllimidir. Onların bir tərbiyəçi kimi psixoloji və pedaqoji səriştəsinin artırılması aktual vəzifə kimi özünü göstərir.
- Bu gün müəllimlərimizin bu istiqamətdə hazırlığını inkişaf etdirəcək elmi-metodik ədəbiyyat varmı? - Bu gün müəllim üçün elmi-metodik ədəbiyyat daha çox nəşr olunmalı, dünyanın məşhur psixoloq, pedaqoq və metodistlərinin sanballı əsərləri dilimizə tərcümə edilməlidir. “Azərbaycan məktəbi” dərgisinə, “Azərbaycan müəllimi” qəzetinə abunə yazılışı hələ də problem olaraq qalır. Müəllimlərin çoxu, bir növ, öz-özünə yaranmış “elmi-metodik informasiya blokadası” şəraitində işləyir. Məktəblərdə elmi-metodik işi gücləndirmək üçün ilk növbədə, bu başabəla “informasiya blokadasını” dağıtmaq lazımdır. Müəllimləri elmi-metodik ədəbiyyatla məqsədyönlü təmin etmək üçün təsirli tədbirlər daim görülməlidir.
XXI əsrdə Azərbaycan psixoloji və pedaqoji fikrinin inkişafı meylləri hansılardır? XXI əsrdə Azərbaycan məktəbi necə olmalıdır? Bu gün bu suallara cavab tapılmalıdır.
XXI yüzillikdə Azərbaycan məktəbinin uğurları bütün başqa şərtlərlə yanaşı, həm də məhz psixoloji biliklərin məktəb təcrübəsində nə dərəcədə səriştə ilə gerçəkləşməsindən asılıdır. Biz uzun müddət psixologiyanın məktəb üçün əhəmiyyətindən ağızdolusu danışmaqla, yaş psixologiyası və pedaqoji psixologiya, bəzən də ümumi psixologiya və sosial psixologiya üzrə kitabça və məqalələr dərc etməklə kifayətlənmişik. Bu gün isə bu sahədə də artıq əməli addımlar atılmağa başlanılıb.
Azərbaycan psixologiyası və məktəb tarixində fərəhli bir hadisəyə çevrilmiş məktəblərdəki psixoloji xidmət sahəsinin gələcəkdə daha da genişlənməsi, inkişaf etməsi üçün sistemli iş aparılmalı, xüsusi proqam hazırlanmalı, psixodiqanostika mərkəzi təşkil olunmalıdır.
XXI əsr sübut etdi ki, üasir məktəbə psixoloq hava və su kimi lazımdır. Eksperimental tədqiqatlar da, sivil ölkələrin təcrübəsi də bunu sübut edir. Biz inanırıq ki, özünün qədim mədəniyyəti və bənzərsiz xalq psixologiyası ilə seçilən Azərbaycanda da məktəblərin hamısı öyüd-nəsihətli saatını gec-tez psixoloji ölçülər axarında kökləyəcəklər. Bu, zamanın hökmüdür.
Qaynar.info



