
Milli Məclisin növbəti plenar iclası keçirilir. Spiker Oqtay Əsədov “Şahdəniz-2” qaz layihəsi ilə bağlı müqavilənin imzalanması münasibətilə təbriklərini çatdırdıqdan sonra cari məsələlərin müzakirəsinə keçildi.
Deputat Əli Məsimli də bu münasibətlə xalqı təbrik etdi: “Mən bu müqaviləni 1994-cü ildə imzalanan əsrin müqaviləsi ilə müqayisə edirəm. Hesab edirəm ki, “Şahdəniz-2”-nin imzalanması Azərbaycanın müstəqilliyinin qorunması istiqamətində real addımdır və təkcə iqtisadi müqavilə deyil.
Azərbaycan bu layihələrdə aktiv iştirak edirsə, Avropa strukturları da Qarabağla bağlı heç olmasa özlərinin imzaladığı sənədlərə hörmət etsinlər”.
Spiker “düz fikir söylədin, yəqin ki, Allah bunlara insaf verəcək” deyə bildirdi.
Xanhüseyn Kazımlı da “Şahdəniz-2”-ni “Əsrin müqaviləsi” ilə eyniləşdirdi.
Fazil Mustafa son vaxtlar M.Ə.Rəsulzadənin 130 illiyi ilə bağlı verilən sərəncamı təqdir etdi: “Buna Rəsulzadənin yox, Azərbaycan xalqının ehtiyacı var idi ki, tarixi şəxsiyyətlər artıq bir qrupun, bir dəstənin bayraq etdiyi simvollara çevrilməsin”. F.Mustafa növbəti dəfə Nuru Paşanın abidəsinin qoyulması təşəbbüsünü qaldırdı: “İstərdim ki, cənab prezident bu mütərəqqi addımın da müəllifinə çevrilsin. Nuru Paşanın başçılığı ilə Qafqaz İslam Ordusu Azərbahycana gəlməsəydi, bu gün Azərbaycan xalqının taleyi necə olardı, istərdim bu məsələ barədə düşünək. M.Ə.Rəsulzadə ilə bağlı parlamentin üzərinə də müəyyən işlər düşür. Yaxşı olardı ki, MM-də ciddi elmi-praktik konfrans keçirilsin”.
Qüdrət Həsənquliyev də “Şahdəniz-2” qaz yatağının işlənməsinə dair müqavilənin imzalanması münasibətilə xalqı təbrik etdi.
Deputat M.Ə.Rəsulzadənin 130 illiyi ərəfəsində keçmiş “26-lar bağı”na “Cümhuriyyət bağı” adının verilməsi barədə qaldırılan təşəbbüsü dəstəklədi: “Qarşıdan Dünya Azərbaycanlılarının Həmrəylik Günü, Yeni il gəlir, “Şahdəniz-2” müqaviləsi imzalanıb. Milli birliyə və həmrəyliyə xidmət edərdi ki, həbs olunmalarında siyasi motiv olduğu iddia olunan şəxslər azad edilsin, məhkəmə istintaqı davam edənlərin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilsin”.
Zahid Oruc “Şahdəniz-2” müqaviləsi barədə müsbət fikirlərini ifadə etdi. O, Türkiyənin Qarabağ məsələsi ilə bağlı izahat verməsinə ehtiyac olduğunu da dedi.
O.Əsədov isə “ay Zahid Oruc, burda nə izahata ehtiyac var, Türkiyənin mövqeyi məlumdur, ara yazılarına fikir verməyin”söylədi.
Qənirə Paşayeva F.Mustafa və Q.Həsənquliyevin təkliflərini dəstəklədi: “Cənab prezidentə təşəkkür edirik ki, M.Ə.Rəsulzadə haqqında çox yüksək qiymətləndirilən sərəncam imzalayıb”. Q.Paşayeva digər bir məsələyə də toxundu: “Cümhuriyyət dövrünün baş naziri Nəsib bəy Yusifbəylinin məzarının harada olduğu bilinmir. Çox yaxşı olar ki, onun abidəsinin Gəncə, ya Bakıda qoyulması, qəbrinin harada olması ilə bağlı araşdırma aparılsın”. Deputat reproduktiv sağlamlıq haqqında qanunun da müzakirəsinə ehtiyac olduğunu bildirdi.
O.Əsədov “səhv etmirəmsə, artıq ziddiyyətli maddələr layihədən çıxarılıb” söylədi.
Vahid Əhmədov Vülnis sammitindən sonrakı situasiyanı, Ukraynadakı prosesləri xatırladıb Azərbaycanın düzgün siyasət yürütdüyünü vurğuladı: ““Şahdəniz-2” müqaviləsi yalnız iqtisadi yox, həm də siyasi layihədir. Bu münasibətlər xalqı təbrik etmək istəyirəm”.
İqbal Ağazadə cəmiyyəti narahat edən məsələlərdən danışdı: “İlk növbədə Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı narahatlıq var. Təəssüflər olsun ki, ölkənin həm mərkəzində, həm regionlarında bütün ölkə boyu siyasi məhbus kateqoriyasına aid olan insanların məhkəmələri gedir”. İ.Ağazadə İlqar Məmmədov, Tofiq Yaqublu, gənclər və digər məhbuslarla bağlı danışdı. HəmçininSMM rəhbəri Anar Məmmədov haqqında qondarma cinayət işinin qaldırıldığını dedi və bayramlar ərəfəsində əfv və ya amnistiya verilməsini təklif etdi.
Fəzail Ağamalı Şhdəniz-2-nin Azərbaycana iqtisadi-siyasi dividentlər gətirəcəyinə şübhə etmədiyini dedi: “Çox arzulayardım ki, bu layihənin adekvat cavabı Avropa ölkələrinin Qarabağ məsələsində ədalətli mövqe tutmasıdır”.
F.Ağamalı Türkiyə XİN-in başçısının Azərbaycan mətbuatında yayılan ziddiyyətli fikirlərdən danışdı: “Düşünmürəm ki, Türkiyə hökuməti Azərbaycan xalqına verdiyi vədin arxasından çəkilib”.
Flora Qasımova dedi ki, çap olunan kitablarda işğal olunmuş keçmiş DQMV-in rayonları arasında Xankəndinin adının olmaması onu narahat edir: “Bütün işğal olunmuş rayon və şəhərlər haqqında məlumat verilir, ancaq Xankəndi haqqında məlumat verilmir. Bu yaxınlarda ermənilər Stepanakertin 90 illiyini qeyd edib, ancaq biz bunu unuduruq. 8 min kv km ərazisi, Kərkicahan qəsəbəsi olan Xankəndi axı bizim şəhərimizdir axı. Bəlkə də buna səbəb 1o min əhalisi, Kərkicahan qəsəbəsi olmuş Xankəndi icra strukturunun olmamasıdır”.
O.Əsədov “Bəzi həqiqətlərə baxmaq olar” deyə bildirdi.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Milli Məclis üzvlərinin statusu haqqında qanuna dəyişikliklər barədə məlumat verdi. Burada deputatların əmək haqqının artımından söhbət gedir. Komitə sədri dedi ki, Milli Məclisin sədri 1950 manat əvəzinə 2250 manata qaldırılır. O dedi ki, bununla bağlı mətbuatdakı bir sıra məlumatlar dəqiq deyil. Çünki bu məbləğin 14 faiz gəlir vergisi, 3 faizi sosial müdafiə, 2 faizi həmkarlara çıxır: “Bu məbləğin 19 faizi vergi kimi çıxır və MM sədrinə 1822 manat əmək haqqı verilir”.
İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə dedi ki, 2008-ci ildən bəri MM üzvlərinin maaşına heç vaxt artım olmayıb: “Bu il isə 15,3 faiz artım olub. Söhbət ildə cəmi 500 manatdan gedir ki, bu da ölkə üzrə artımın cəmi 04,-0,5 faizini təşkil edir. Yəqin ki, gələcəkdə əlavə artım nəzərdə tutulacaq”.
Siyavuş Novruzov dedi ki, deputatların maaşının artırılmasından ajiotaj yaradılır, kimlərləsə müqayisələr aparılır: “Rusiya və Ukraynaya müqayisədə MM üzvlərinin əmək haqqından çoxdur. Bəzən müəllimlə deputatın əmək haqqını müzakirə edirlər. MM-in cəmi 125 üzvü var, müəllimlərin sayı isə 500 mindir. ABŞ-da senator 15-16 min dollar alır, müəllim 2 min dollar. Azərbaycan dövlətinin təhsilə ayırdığı vəsait ordudan sonra ikinci yerdədir. MM-in ümumi büdcəsi isə onun 300-də biridir”. “Dünyada əmək haqqını kimdənsə soruşmaq ayıb sayılır” deyə, jurnalistlərə xitab edən S.Novruzov sözarası Müsavat başqanının Maydandakı çıxışına da ironik reaksiya verdi: “Xalqdan mandat ala bilməyənlər gedib Ukraynada meydanda xalqa dəstək vermək istəyir”.
Sabir Rüstımxanlı deputat statusu təkcə maaş, mükafat, yaxud deputatın özünün şəxsi dolanışığından ibarət deyil: “Bu, həm də mənəvi məsələdir. Biz bu institutun nüfuzunun artmasına çalışmalıyıq. Deputatların rəsmi orqanlara, dövlət qurumlarına müraciətinə normal münasibət olarsa, deputatın da nüfuzu qalxar. Mən hələ görməmişəm ki, MM-də hansısa məsələlər qaldırılsın, mətbuatda çıxsın, sonra icra strukturundan məktub yazılsın ki, filan məsələ qaldırılmışdı, onunla bağlı tədbir görülür”. S.Rüstəmxanlı Bakıda keçirilən humanitar forumlara MM üzvlərinin dəvət olunmadığını, humanitar sahəyə dəxli olmayan adamların həmin tədbirlərə daha çox çağırıldığını da dedi: “Niyə mənim haqqım yoxdur ki, bura mənim yanıma gələn adamı qəbul edə bilmirəm, komitə sədrinə müraciət edib icazə almalıyam? Deputata hətta rəsmi dövlət qurumlarının telefon kitabçaları belə verilmir”.
O.Əsədov “deputat özü hörmətini birinci özü qazanır. Təəssüf ki, bəzən biz özümüz özümüzü hörmətdən salırıq. Çox şeyləri sadalamıram, özləri başa düşdülər. Vaxtilə 4 deputatın bir dövlət telefonu var idi” dedi.
Bundan sonra 92 lehinə, 1 əleyhinə deputatların maaş artımı ilə bağlı layihə qəbul edildi.
Qaynar.info