
Noyabrın 5-də Nəsimi Rayon Məhkəməsi Milli Şuranın üzvü, hüquqşünas Qurban Məmmədovun cinayət işi üzrə prosesi davam etdirib.
“Media forum” saytına danışan vəkil Fəxrəddin Mehdiyev deyib ki, məhkəmə həbs qətimkan tədbirin dəyişdirilməsi barədə qaldırılan vəsatəti təmin etməyib: “İttiham tərəfinin şahidlərinin verdikləri yalan ifadələr məhkəmə prosesində öz təsdiqini tapdı. Şahidlərin ifadələrində xeyli ziddiyyətli məqam var. Biz də bu səbəbdən həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət verdik. Qurban Məmmədovun həbsdə saxlanması ciddi qanun pozuntusudur. Təəssüf ki, məhkəmə vəsatəti təmin etmədi”.
Növbəti məhkəmə prosesi noyabrın 7-də olacaq.
Qurban Məmmədov iyunun 4-də yol hərəkəti qaydalarını pozma ittihamı ilə tutulub, sonradan ona ifadə verməkdən boyun qaçırmağa məcbur etmə ittihamı da verilib.