Ölkə 12:15 11.11.2022

Qusarda təhsildə görünməmiş hadisə: Bir müəllim 2 və 3-cü siniflərə eyni vaxtda...

Qusar rayonunda bir müəllim iki sinfə - 2 və 3-cü siniflərə eyni vaxtda dərs keçir.

Bu barədə Qaynarinfo-ya açıqlamasında Qusar rayonunun Çiləgir kənd sakini Vahid Quliyev məlumat verib. Valideyn bildirib ki, onun uşağı 2-ci sinifdə oxuyur:

"Sinifdə 7 nəfər şagird var. Bundan əlavə, 3-cü sinifdə də 7 şagird oxuyur. Hər iki sinifdə şagird sayı az olduğundan 2-ci siniflə 3-cü sinfi birləşdiriblər. Ən dəhşətlisi də odur ki, onlara eyni müəllim dərs keçir. 45 dəqiqə dərsi müəllim iki sinfə bölür. 22 dəqiqədə uşaq necə dərs oxuya bilər? Əgər iki sinif eyni olsaydı, bunu başa düşmək asan idi. Bunlar ayrı-ayrı proqramlardır”.

Vahid Quliyev deyir ki, bu, hər iki sinifdə oxuyan şagirdlərin valideynlərini narahat edir:

"Belə bir vəziyyətdə yüksək təhsildən danışmaq olmaz”.

Elm və Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov Qaynarinfo-ya açıqlamasında 2-3-cü siniflərin birləşməsinin qanunauyğun hal olduğunu deyib:

"Orada şagird sayı az olduğuna görə, birləşmiş siniflərdə dərs keçilir. Bununla bağlı müvafiq qayda var”.

Təhsil eksperti Elçin Əfəndiyev isə açıqlamasında bildirib ki, 2--3-cü sinif şagirdlərinin bir sinifdə dərs keçməsi heç bir qanunla tənzimlənmir:

"Bu, birbaşa təhsil haqqında qanunvericiliyin kobud şəkildə pozulmasıdır. 2-ci sinfin tədris yükü ilə 3-cü sinfin tədris yükü başqa-başqa proqramlardır. Bundan əlavə, orada şagirdlərin yaşını, psixologiyasını nəzərə almaq lazımdır. 2-3-cü siniflərdə oxuyan şagirdlərin arasında müəyyən qədər fərq var. Şagird sayının az olduğunu düşünərək, sinifləri birləşdirib dərs keçirlərsə, bu o deməkdir ki, iki sinfi birləşdirib bir sinif adında verir, digər sinfin əmək haqqını ya özü yeyir, ya da konkret olaraq qanunvericiliyin tələblərini pozur. Yaxşı olar ki, həmin sinfin şagirdlərinin valideynləri nazirliyə şikayət etsin. Birləşmə yalnız eyni siniflərdə ola bilər”.

Elçin Əfəndiyev deyir ki, əgər qanunda 2-3-cü sinifləri birləşdirmək əks olunubsa, onda bütün məktəblərdə bu sinifləri birləşdirsinlər:

"2-ci sinifdə oxuyanı birbaşa 3-cü sinfə keçirək? Bu, birbaşa sualdan yayınmaqdır. 45 dəqiqəni iki yerə necə bölək? Axı bu 45 dəqiqə bir sinfə dərs vermək üçün ayrılıb. İki sinfin dərs yükünü 45 dəqiqədə yerinə yetirmək mümkün deyil”.

Bahar Rüstəmli