
Ağasəlim Pünhanoğlu
Bu yaxınlarda radio da bir verilişdə mövzu qısqanclıq idi. Təsadüfən qulağasmalı oldum. Xeyli “Fəlsəfi” xatirələr də qoydu bu veriliş məndə. Doğurdan da əmin oldum ki, kimlərinsə evlərində-eşiklərində, gündəlik həyatlarında başverən ən dərin sosial xırdalıqları görmək üçün, radiodan günorta 1 saat ayırıb “evinizə qonaq gəlmişik, dərdinizi bizə danışın” demək bəs edir.
Doğurdan da ailələrin qapısından girib birbaşa mətbəxtə keçmək bu qədərmi sadədir bu kütlədə?
Yadımda qalan anormal “sosial” xatirələr də var bölüşəcəm, amma, yadda qalan başlıca şey o oldu ki, insanların əksəriyyətində qeyri-normal “anormal” qısqanclıq var. Buna heç qısqanclıq da demək olmur.
Qeyri-normal qısqanclıq qısqanclığın ən qorxunc növüdür. Üstəlik o Freqoli sindromu adlanır.
Bir qayda olaraq belə qısqanclığın kökləri uşaq vaxtlardan götürülür və o tədricən genişlənir, güclənir, ən müxtəlif formalarda özlərini göstərərək bəzən sadəcə dəhşətli hadisələrə, hətta qətlə qədər gətirib çıxara bilir. İnsanlar bağçada öz tərbiyəçisini qısqanır, məktəbdə sevimli müəlliməsinini, evdə öz anasını, sonra qızını və arvadını qısqanmağa başlayır.
Həm də ən qorxuncu odur ki, bir qayda olaraq daim təkrarlanan bu qəzəbin sonu təcavüzlə sona yetir. Belə qısqanclığı - baxış, söz, qoxu, hərəkət provokasiya etməyi hamı bacarar. Nə vaxt ki, partlayış keçir gedir qısqanc adam anlayır ki, bədbəxtliklər də törədə bilər, amma o vəziyyətdə o özünə nəzarət etməyə bilər. Nə vaxt ki, onun növbəti qısqanclıq partlayışı olacaq və nə ilə bitəcək, bunu hətta qısqanan adamın özü də bilmir.
İnsanı iki şey formalaşdırır əsasən: Məntiq, təfəkkür. İstənilən addım bu iki şeydən doğur, kökünü oradan alır.
İnsanın özünə kənardan baxa bilmək qabiliyəti olmalıdır, sanki, radioda gedən bu tip verilişlərə zəng edib ərindən, arvadından danışanlar heç vaxt o verilişlərə qulaqasmayıblar, elə radionu açıb, zəng vurub özlərinə qulaqasır, tez radionu söndürürlər.
Bir ağdamlı "dayday" zəng vurub ki, "qağa, mən Ağdama taksi işləyirəm, arvad imkan vermir yolu sürüm. Tez tez zəng vurur ki, neçə "klyentin" var? İndi haradasan? Tez qayıt".
Aparıcı da deyir ki, "bunun nəyi pisdir ki? Maraqlanır da?" "Dayday" deyir "yox ee, "klyent-zad" yanında danışmaq olmur axı".
Nə isə, "dayday" deyir ki, "ta mən bilmirəm hayana qaçım bu arvadın əlindən, başına dönüm. Hələ elə olur ki, "klyent" tapılmır qayıtmağa, bir yer tapıb qalıram, səhər qayıdıram. Onda da qayıtmağa peşiman oluram, arvad yapışır ki, hansı arvadın yanında qalmışdın?"
Fikr vermişəm, həmişə kiçik insanlar böyük işlərdə səriştəsiz olurlar, eynən bu tip adamların ailə-uşaq sahibi olduqları kimi.
Bir qadın isə zəng edib deyir ki, "ərimi çox qısqanıram, kaş ölə, bilərəm ki qəbrdədir, çıxa bilmir, qəbri də filan yerdədir, gedib baxıb rahat olub gələrəm".
Deyir ki, "Ərimin "Facebook" parolu da məndədir, hər səhər 6-da oyanıb onun "Facebook"una birinci özüm baxıram. Dostluğunda olan xanımlarla gün ərzində yazışıram".
Bu adam evdarlığı da gözdən salır. Bu qadının aləmində evdarlıq "dispeçer" kimi ərinin "Facebook"dakı xanım dostlarıyla yazışmaq, tez-tez əri ilə əlaqə saxlayıb vəziyəti bilmək, evə nə vaxt qayıdacağını dəqiqləşdirməkdir.
Hələ bəzi ailələr var ki, analar qız övladlarını da bu işə cəlb edirlər, gün ərzində özləri yatanda, ya əllərində başqa iş olanda qızlarına atalarının "Facebook"unu, "Instagram"ını izlətdirirlər.
Bu tip adamın pisliyi ilə yaxşılığı arasında niyyət fərqi olar, nəticə onu düşündürmür. Bu qadının niyyəti budur ki, ərim ölər yaxşı olar da, bilərəm ki, "gəzmir", ora-bura getmir. Nəticə isə ölümdür, ölüm bu insanı düşündürmür...
Bu cür qısqanclığın altında özünə inam əskikliyi, tək qalma qorxusu, adam yerinə qoyulmamaq qorxusu var.
O qorxu ki, insan bunu həzm edə bilmir, o səbəbdən də öz ərinə ölüm də istəyir ki, ölsün, amma əri müəllimdirsə qız tələbəsi, taksi sürürsə qadın müştərisi, həkimdirsə qadın pasienti olmasın…
Bu tipp “dərinliklər”, pataloji qısqanclıqlar artıq mənəviyat məsələsidir. Mənəvi əskiklik var.
Mənəviyatdakı əskiklikləri tamamlamaqla bu xəstəlikdən qurtulmaq olar…
Qaynarinfo.Az