Qafqaz Müsəlmanlar İdarəsi (QMİ) 2014-cü il üçün Ramazan (orucluq) ayının təqvimini açıqlayıb.
Qaynar.info-nun QMİ-nin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Ramazan təqvimində gündəlik oxunacaq dualar, iftar və sahur vaxtları qeyd olunub.
Hicri təqvimi ilə 1434-cü il Ramazan ayının ilk günü miladi təqvimlə iyunun 29-ə düşür. Ramazan ayı 30 gün olacaq.
Şəvval ayı hilalının görünməsindən asılı olaraq Eyd-ül-Fitr - Ramazan bayramı namazı iyul ayının 28 və ya 29-da qılınacaq. QMİ-nin tərtib etdiyi cədvələ əsasən, Əhya gecələri Ramazan ayının 18-dən 19-na, 20-dən 21-nə, 22-dən 23-nə keçən gecələrə təsadüf edir.
Hər il olduğu kimi, bu il də Qafqaz Müsəlmanları İdarəsi AMEA Şamaxı Astrofizika rəsədxanası ilə birlikdə Azərbaycan ərazisi üfüqünə uyğun olaraq Ramazan ayının əvvəli, namaz vaxtları, günün duaları və bayram tarixini əhatə edən müstəsna təqvimi və yaddaş kitabçasını tərtib etib. Bu ilki hesablamalara əsasən, miladi təqvimlə 29 iyun 2014-cü il – hicri tarixi ilə Ramazan ayının 1-ci günüdür. İyun ayının 28-i orucluğun niyyət gecəsidir.
QMİ Ramazan ayı ilə bağlı dindarlara öz tövsiyyələrini verib: "Azərbaycan dövləti müsəlman dindarların tolerantlığını və qardaşlıq münasibətlərini nəzərə alaraq Ramazan bayramının iki gün – 28 və 29 iyul tarixlərində keçirilməsinə qərar verilib. Şəvval ayı hilalının görünməsindən asılı olaraq Eyd-ül-Fitr – Ramazan bayramı namazı iyul ayının 28 və ya 29-da qılınacaqdır, inşallah. Müqəddəs dinimiz orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtında (Ramazan ayının sonunda) çıxarılması və imkansızlara verilməsini və bununla da onlara bayram sevincini yaşatmağı tövsiyə edir. Fitrə canın sədəqəsidir və hər bir imkanlı müsəlmanın bu günün həyat şəraitinə uyğun olaraq ailənin hər bir üzvü üçün 5-10 manat civarında fitrə zəkatı verməsi Allahın buyruqlarındandır. Mənəvi birliyimizi qorumaq məqsədilə bu qaydalara və müxtəlif mənbələrdən daxil olmuş və möminlər arasında məzhəb ayrıseçkiliyinə səbəb olan təqvimlərə deyil, məhz QMİ ilə AMEA-nın rəsədxanası tərəfindən birgə hazırlanmış və Azərbaycan üfüqünə uyğun olan mövcud təqvimə riayət etməyi dindarlarımıza tövsiyə edir, bölgələrdəki qazılar, səlahiyyətli nümayəndələr, imam və axundlar tərəfindən icraatının vacib olduğunu bildiririk. Azərbaycanda tolerantlıq mühitinin qorunub-saxlanması naminə KİV-dən bu təqvimdən istifadə etmələrini xahiş edirik."
Qaynar.info
