Novella Cəfəroğlu: “Hər şey yaxın 3 gündə bilinəcək”
Qarşıdan Ramazan bayramı gəlir. Hər bayramda olduğu kimi, indi də insanların bir qismi bu önəmli günü böyük maraqla gözləyir. Xüsusilə, siyasi məhbus ailələri. Çoxları bu bayramda əfv olacağına, siyasi məhbuslarımızın bir qisminin azadlığa çıxacağına ümid edir.
Artıq Ramazan bayramına bir həftədən az müddət qalmasına baxmayaraq, əfvlə bağlı müzakirələr demək olar ki, aparılmır. Bu isə məhbuslarımızın azad olmayacağı anlamına gəlir.
Məhbus ailələri bundan əvvəl böyük ümidlə 28 mayda ciddi əfv olacağını düşünürdü. Doğrudur, fərman verildi. Amma bu, heç kəsi qane etmədi. Bütün cəmiyyət tərəfindən narazılıqla qarşılanan bu əfvdə demək olar ki, siyasi məhbuslarımızın heç biri azadlığa çıxmadı. Yalnız prezidentə müraciət edən məhbuslardan bir neçəsi azad edildi.
Həmin vaxt belə bir məlumat yayılmışdı ki, 19 iyunda əfv olacaq. Həmin dövrdə Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi başlayırdı. Prezident İ.Əliyevin AŞ PA sessiyasında çıxışı zamanı Azərbaycanın mövqeyinin güclü olması məqsədi ilə guya iyunun 19-da növbəti əfv fərmanı veriləcəkdi. Bununla bağlı hətta əfvə düşəcək siyasi məhbusların siyahısı da hazırlanmışdı. Nədənsə son anda iqtidarın bu addımdan çəkildiyi deyilir.
Bəs bu bayramda necə, əfv gözlənilirmi?
Hüquq müdafiəçisi Novella Cəfəroğlu əfvlə bağlı onlara məlumat daxil olmadığını bildirdi: “Bu barədə bizə hər hansı bir məlumat daxil olmayıb. Bəlkə bir şey olar deyə, ümidlə gözləyirik. Onu qeyd edim ki, monitorinq qrupu olaraq, bütün siyasi məhbuslarımızla görüşmüşük. Problemləri ilə maraqlanmışıq. Onların hər biri daim diqqətimizdədir. Açığı hazırda əfv olacağına ümidim yoxdur. Yaxın 3 gün ərzində dəqiqləşəcək. Hansısa məlumatımız olsa, mətbuata xəbər verəcəyik”.
Onu da qeyd edək ki, əfv olsa belə çoxları siyasi məhbuslarımızın azad olunacağına inanmır. Çünki Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik müvəqqəti olaraq, Azərbaycana keçdiyi zaman hər kəs ümid edirdi ki, iqtidar siyasi məhbusları azad edəcək. Amma tam əksinə oldu. Azərbaycan hakimiyyəti siyasi məhbusların sıralarını daha da genişləndirdi. Onların bəzilərinə hökm oxundu.
Hazırda Azərbaycan həbsxanalarında 130-a yaxın siyasi məhbus var. Onların əksəriyyətinin, əfv verilsə belə, azadlığa çıxmaq şansları yoxdur. Çünki hökm oxunsa da, onların apelyasiya şikayətlərinə baxılır. Bəzilərinin isə ümumiyyətlə, apelyasiya şikayətlərinə baxılmayıb. Buna səbəb də hökmün qüvvəyə minməsinin gecikdirilməsidir. OMON hadisələrinə, hicab aksiyalarına görə tutulanların, o cümlədən keçmiş səhiyyə naziri Əli İnsanov, Nemət Pənahlı, Qurban Məmmədov, Əvəz Zeynallı kimi məhbusların əfvə düşmə ehtimalı daha yüksəkdir. Müsavat başqanının müavini Tofiq Yaqublu və İsa Qəmbərin müşaviri Yadigar Sadıqov, REAL sədri İlqar Məmmədov, NİDA-çı gənclər, Pərviz Həşimli, Ömər Məmmədov və başqa bu kimi siyasi məhbusların azadlığa çıxma şansları yoxdur.
Bəzi hüquq müdafiəçiləri isə bildirir ki, bu ilin sonuna yaxın geniş əfv olacaq (musavat.com)
Qaynar.info