Xəbər lenti

Ramin Hacılı dördüncü doğum gününü həbsdə qeyd edir
Foto 14:34 02.09.2024

Ramin Hacılı dördüncü doğum gününü həbsdə qeyd edir

Bu gün Azərbaycan Avropa Hərəkatının sədri, ictimai fəal Ramin Hacılının doğum günüdür. 

Ramin Hacılı artıq dördüncü doğum günüdür ki, həbsdə qeyd edir. 2021-ci ildən həbsdə olan Ramin Hacılının  həyat yolunu təqdim edirik: 

Hacılı Ramin Rasim oğlu 02 sentyabr 1983-cü ildə Azərbaycan SSR-nin Füzuli rayonu Arayatılı kəndində doğulub. 1991-ci ildə Azərbaycan dövləti öz müstəqilliyini bərpa etdikdən sonra, 1993-cü ildə erməni hərbi birləşmələrinin Füzuli rayonunu işğal etməsi səbəbindən məcburi köçkün kimi ailəsi ilə birlikdə əvvəlcə İmişli rayonunda, sonra isə Bakı şəhərində məskunlaşıb və uzun müddət vaqonda yaşayıblar.

Ramin Hacılı orta təhsilini Bakı şəhəri, Nizami rayonu 220 saylı tam orta məktəbdə bitirib. Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq Münasibətlər ixtisası üzrə ali təhsil alıb. Türkiyə Cumhuriyyəti İstanbul Universitetinin, ABŞ-da Liderlik Proqramının, Malta Respublikasında ingilis dili üzrə ixtisaslaşmış kursun və bir çox beynəlxalq proqramın təhsillərini alıb.

2002–2004-cü illərdə "Rəsulzadə - Elçibəy Ocağı"nın sədr müavini vəzifəsində çalışıb.

2005–2006-cı illərdə Dalğa Gənclər Hərəkatının (Dalğa GH) qurucularından biri və ilk sədri olub.

2005-ci ildə Azərbaycanda fəaliyyət göstərmiş müstəqil gənclər təşkilatlarının birləşdiyi "ARI Hərəkatı” Gənclər Təşkilatları Koalisiyasının həmtəsisçisi və həmin qurumun Ali Şurasının üzvü olub.

2005-2014-cü illərdə Azərbaycan cəmiyyətində ümumbəşəri dəyərlərin təbliği, keyfiyyətli təhsil, hüququn aliliyi, ədalətli məhkəmə, söz azadlığı, Qarabağın işğalına etiraz, insan hüquqları, demokratik dövlət və gender bərabərliyi mövzularında baş tutmuş yüzlərlə "flaşmob”un (aksiya) təşkilatçısı və iştirakçısı olub. 

2006–2007-ci illərdə ABŞ-nın Hüquqşünaslar Assosasiyasının dəstəyi ilə Bakı şəhərində keçirilən "SAĞLAM TƏHSİL" kampaniyasına rəhbərlik edib.
2006-2011-ci illərdə nəşr olunan "Alma" ictimai-siyasi qəzetinin təşəbbüskarı olub. 

2006-cı ildə Beynəlxalq Şəffaflıq Təşkilatının korrupsiya ilə mübarizə mövzusunda keçirilən seminarlarda iştirak edib.

2006–2013-cü illərdə Demokratik İslahatlar Partiyası Gənclər Təşkilatının sədri və partiyanın qərarverici orqanı olan Siyasi Şurasının üzvü olub.

2006-2008-ci illərdə Beynəlxalq Şəffaflıq Təşkilatının Azərbaycan Nümayəndəliyinin dəstəyi ilə baş tutmuş "Rüşvətsiz Təhsil!” Kampaniyasına rəhbərlik edib.

2007-ci ildən etibarən dövri mətbuatda maarifçi məqalələrlə çıxışlar etməyə başlayıb. 

2007-ci ildə ATƏT-in "Konfliktologiya üzrə Xüsusi Təlimlər” kursunu bitirib.

2007-ci ildə Ukrayna Respublikasının Kiyev şəhərində keçirilən "Dünya Demokratiya Hərəkatı”nın Sammitində Azərbaycan gənclərinin təmsilçisi kimi iştirak edib.

2007-ci ildə Almaniya Federativ Respublikasının "Fredrix Nauman” Fondunun dəstəyi ilə keçirilən "Təşkilati Quruculuq üzrə İnteraktiv Təlimlər” kursunu bitirib.

2007–2008-ci illərdə Dalğa GH-nın təsis etdiyi "Azərbaycan Demokratiya Məktəbi"nin (ADM) direktoru, 2008–2013-cü illərdə isə təlimçisi olub.

2008-ci ildə ABŞ-nın Beynəlxalq Respublikaçılar İnstitutunun (İRİ) "Liderlik Bacarıqlarının Artırılması Metodalogiyası” təlim-kursunu bitirib.

2008-ci ildə Böyük Britaniyanın "İnternews” studiyası tərəfindən Ramin Hacılının həyat və yaradıcılığından bəhs edən "Biz nə istəyirik?” adlı sənədli film çəkilib. Bu film həmin il üzrə "ilin ən yaxşı sənədli filmi” nominasiyasının qalibi olub. 

2008-ci ildən etibarən Qarabağ münaqişəsi ilə bağlı bir çox mötəbər beynəlxalq konfranslarda iştirakçı və məruzəçi kimi çıxışlarında, bu mövzuda yazılarında Azərbaycanın haqq səsini dünyaya çatdırıb. 

2008–2010-cu illərdə ABŞ-nın Demokratiyaya Yardım Fondunun (NED) dəstəyi ilə fəaliyyət göstərən "Demokratiya Akademiyası"nın prezidenti vəzifəsini icra edib.

2009-cu ildə Almaniya Federativ Respublikasının "Kornard Edenauer” Fondu tərəfindən Gürcüstan Respublikasında təşkil olunan "Sülh Quruculuğu üzrə İnteraktiv Təlimlər” kursunu bitirib.

2009-cu ildə Türkiyə Cumhuriyyətinin Bursa şəhərində keçirilən "Türkiyə, Azərbaycan və Ermənistan münasibətləri" adlı konfransa qatılıb. 

Konfransda çıxış edib və dünyanın bir çox ölkələrindən qatılan nüfuzlu media qurumlarında Qarabağ konflikti ilə bağlı mövqe bildirib. Həmin vaxt Bursa şəhərində Azərbaycan dövlət bayrağının qadağan edilməsi haqqında şəhər rəhbərliyi tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsi prosesində aktiv iştirak edib. Eyni zamanda Bursa şəhərində baş tutan Ermənistan - Türkiyə milli komandaları arasında keçirilən futbol matçında qadağan olunan Azərbaycan dövlət bayrağını stadiona keçirə bilib və Ermənistan prezidenti Serj Sərkisyanın önündə qaldırıb. Bu hərəkətinə görə Türkiyə polisi tərəfindən saxlanılıb və barəsində araşdırma aparıldıqdan sonra sərbəst buraxılıb.

2009-cu ildə ABŞ-nın Milli Demokratiya İnstitutunun (NDİ) "Siyasi Kampaniyaların Təşkili Üsulları” təlimini bitirib.

2010-cu ildə ABŞ Dövlət Deportamentinin dəstəyi ilə ABŞ-nın 7 ştatını əhatə edən Liderlik Proqramının məzunu olub.

2010-cu ildən başlayaraq Azərbaycanda nəşr olunan dörd yerli, üç xarici müəllif olmaqla yeddi kitabın tərtibində iştirak edib.

2010-cu ildə Azərbaycan Respublikasında səfərdə olmuş ABŞ-nın Dövlət Katibi Hilari Klinton ilə görüşüb. 

2010-cu ilin 7 noyabr tarixində keçirilən Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə Bakı şəhəri, Nizami rayonu (24 saylı Nizami birinci seçki dairəsi) üzrə deputatlığa namizəd olub və iki partiya (Vətəndaş Həmrəyliyi Partiyası və Demokratik İslahatlar Partiyası) tərəfindən dəstəklənib. Nəticədə həmin ərazidən deputat seçilən Rövnəq Abdullayevdən sonra ikinci ən çox seçici səsi toplayan namizəd olub. 

2011-ci ildə "Üçüncü Gələcək" elmi araşdırmalar jurnalını təsis edib və həmin jurnalın baş redaktorudur.

2012-ci ilin 17 fevral tarixində Beynəlxalq Avropa Hərəkatının (BAH) Azərbaycan nümayəndəliyi olan Azərbaycan Avropa Hərəkatının sədri seçilib. Həmin il bu qurum Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb

2012-ci ilin fevral ayında Ramin Hacılının dəvəti ilə Beynəlxalq Avropa Hərəkatının Prezidenti, Avropa Parlamentinin deputatı cənab Co Lainen Bakıya səfər edərək, Azərbaycan Avropa Hərəkatını dəstəklədiyini bəyan edib. Səfər zamanı cənab C.Lainen Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qəbulunda olub.

2012-ci ildə ATƏT-in dəstəyi ilə həyata keçirilən "Gənclərin İctimai–Siyasi Fəallığının Artırılması üzrə Regional Təlimlər" layihəsinin koordinatoru olub.

2012-ci ilin sentyabr ayında Ramin Hacılının dəvəti ilə Beynəlxalq Avropa Hərəkatının (BAH) Baş katibi Dioqo Pinto Bakıya səfər edərək Azərbaycan Avropa Hərəkatının tam hüquqlu üzv kimi BAH-na qəbul edildiyini bəyan edib. 

2012-ci ildə dünya azərbaycanlılarının birləşdiyi Bütöv Azərbaycan Ocaqlarının (BAO) İdarə Heyətinin üzvü seçilib.

2012-ci ildə Belçika Krallığında keçirilən Beynəlxalq Avropa Hərəkatının Hesabat Konqresinə qatılıb və həmin Konqresdə məsələ qaldıraraq ermənilərin yaratmış olduğu "Artsax (Qarabağ) Avropa Hərəkatı”nın ləğvinə nail olub. 

2013-cü ildə Malta Respublikasında ingilis dili üzrə ixtisaslaşmış kursun məzunu olub.

2013-cü ildə Polşa Respublikasında keçirilən "Dünya İqtisadi Forumu”nda iştirakçı olub. 

2013–2014-cü illərdə ABŞ Təhsilli Azərbaycan Məzunları Birliyinin (AAA) İdarə Heyətinin üzvü olub.

2013-ci ildə ABŞ-ın "German Marşal” Fondunun dəstəyi ilə həyata keçirilən "Cənubi Qafqazda Sülh Quruculuğu” layihəsinin koordinatoru olub. Layihə çərçivəsində Azərbaycan, Gürcüstan, Ermənistan və Türkiyə Respublikalarından olan vətəndaş cəmiyyəti qurumları iştirak edib. İlk dəfə olaraq məhz bu layihə çərçivəsində region ölkələri ilə yanaşı Türkiyə Cumhuriyyəti vətəndaş cəmiyyəti qurumları da Cənubi Qafqaz üzrə sülh müzakirələrinə cəlb edilib. 

2013-cü ildə İrlandiya Respublikasında keçirilən Beynəlxalq Avropa Hərəkatının Hesabat Konqresinə qatılıb və "Avrointeqrasiya Prosesinə Breksitin Təsirləri” mövzusunda keçirilən dinləmələrdə Azərbaycan nümayəndəsi kimi məruzə çıxışı edib.

2013-cü ilin 9 oktyabrında keçirilən Azərbaycan Respublikası Prezidenti seçkilərində prezidentliyə namizəd İqbal Ağazadənin vəkili olub. 

2013-cü ildə Beynəlxalq Avropa Hərəkatının təşəbbüsü ilə Ermənistan Respublikasında keçirilən "Dağlıq Qarabağ münaqişəsinin həllində Vətəndaş Cəmiyyətinin rolu" mövzusunda müzakirələrdə iştirak etmək üçün İrəvan şəhərində səfərdə olub (4 gün). Beynəlxalq təşkilatların və nüfuzlu media quruluşlarının iştirak etdiyi müzakirələrdə Azərbaycanın haqlı mövqeyini müdafiə edib. 

2014–2017-ci illərdə Azərbaycan Ümid Partiyası sədrinin Beynəlxalq Əlaqələr üzrə müavini vəzifəsində çalışıb.

2014-cü ildə "TEDx spikeri” kimi çıxış edib.

2014-cü ildə baş tutmuş "Qarabağ üçün oxu!” sivil beynəlxalq kampaniyasının iştirakçısı olub.

2014 - 2015-ci tədris ilində ADA Universitetində Avropa Birliyi tarixindən dərs deyib.

2014-cü ildə Türkiyə Cumhuriyyətinin İstanbul şəhərində fəaliyyət göstərən "Azərbaycan Kültür Dərnəyi”nin təşkilatçılığı ilə "Müasir Azərbaycan Ədəbiyyatı” mövzusunda keçirilən konfransa xüsusi qonaq qismində qatılaraq məruzə ilə çıxış edib.  

2014-cü ilin 9 oktyabr tarixində şairə-publisist, yazıçı Aysel Əlizadə ilə ailə həyatı qurub.

2014-cü ilin 23 dekabr tarixində keçirilən bələdiyyə seçkilərində Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən səlahiyyətli müşahidəçi kimi qeydiyyata alınıb.

2015-ci ildə Almaniya Fedarativ Respublikasının paytaxtı Berlin şəhərində Gürcüstan, Azərbaycan və Almaniya Avropa Hərəkatları arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı üçtərəfli memarandum sənədi imzalanıb.  

2015-ci ildə tanınmış ictimai-siyasi xadimlərin birləşdiyi "125-lər” Seçki Platformasının təsisçilərindən biri və Mərkəzi Şurasının üzvü olub.
2015-ci ildən beynəlxalq şəbəkə olan "Mədən Sənayesində Şəffaflığın Artırılması” kualisiyasına üzv seçilib.

2015-ci ilin 1 noyabr tarixində keçirilən Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə Bakı şəhəri, Nərimanov rayonundan (19 saylı Nərimanov birinci seçki dairəsi üzrə) deputatlığa namizəd olub. Nəticədə həmin ərazidən deputat seçilən Hikmət Babaoğludan sonra ikinci ən çox seçici səsi toplayan namizəd olub. 

2016–2018-ci illərdə təhsil və turizm sahəsində fəaliyyət göstərən "No Border" Holdinqdə icraçı direktor vəzifəsində çalışıb.

2016–2017-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə icra olunan "Diqqət Azərbaycana!" və "Azərbaycanı dünyada necə tanıtmalı?" layihələrinə rəhbərlik edib.

2016-cı ilin fevral ayında Fransa Xarici İşlər Nazirliyinin dəvəti ilə Paris şəhərinə səfər edib və Qarabağ münaqişəsi ilə bağlı müzakirələrə qatılıb.
2016-cı ilin may ayında Niderland Krallığında baş tutan Beynəlxalq Avropa Hərəkatının Hesabat Konqresinə qatılıb və "Şərq Tərəfdaşlığı Proqramının Perspektivləri” mövzusunda keçirilən Sammitdə iştirak edən Azərbaycan nümayəndə heyətinə rəhbərlik edib.

2016–2017-ci illərdə Azərbaycan Avropa Hərəkatının təşəbbüsü ilə İngilis və Azərbaycan dillərində nəşr olunan "Azərbaycanı dünyada necə tanıtmalı?" jurnalının ideya müəllifi olub. 

2016-cı ilin oktyabr ayında ABŞ-da fəaliyyət göstərən Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən "18 oktyabr – Müstəqillik Günü” tədbirlərinə qatılmaq üçün Nyu-York şəhərinə səfər edib.

2016-cı ilin noyabr ayında Belçika Krallığında Beynəlxalq Avropa Hərəkatının təşkilatçılığı ilə baş tutan "Avropa Sülh Fondu və NATO” mövzusunda keçirilən dinləmələrə qatılan Azərbaycan nümayəndə heyətinə rəhbərlik edib.

2016-cı ilin dekabr ayında Türkiyə Cumhuriyyətinin İstanbul şəhərində Azərbaycan Avropa Hərəkatı ilə Türkiyə Avropa Hərəkatı arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı ikitərəfli memarandum sənədi imzalanıb.

2017-ci ilin yanvar ayında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (DİN-nin BMCMİ) tərəfindən qondarma ittihamlarla başladılan "cinayət işi"nə görə 4 oktyabr 2017-ci il tarixində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi onun barəsində 3 il müddətinə qanunsuz və ədalətsiz olaraq şərti cəza hökmü təyin edib. 

2017--2018-ci illərdə Avropa Birliyinin maliyyə yardımı və Azərbaycan dövləti tərəfindən dəstəklənən "Qız övladlarına qarşı ayrı-seçkiliyin aradan qaldırılması” layihəsinə rəhbərlik edib.

2017-ci ilin 29 mart tarixində yaşadığı ev tikinti mafiyası tərəfindən yandırılıb. Evin qəsdən yandırılması Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin vermiş olduğu rəy ilə də təsdiq edilib. Bu özbaşınalıqla bağlı ölkə rəhbərliyinə müraciətlər etsə də heç bir nəticəsi olmayıb.

2018–2019-cu illərdə Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) başlatdığı və DİN-nin BMCMİ-nin davam etdirdiyi "cinayət işi" səbəbindən 4 iyun 2018-ci il tarixindən, 14 mart 2019-cu ilədək (9 ay 10 gün) qanunsuz əsaslarla həbsdə saxlanılıb.

2019-cu ilin 14 mart tarixində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Baş Prokurorluğa ünvanladığı tövsiyə məktubu əsasında həbsdən azad edilib.

2019-cı ilin aprel ayından etibarən müstəqil bloger kimi fəaliyyətə başlayaraq sosial şəbəkələrdə özünün fərdi "youtube” kanalını (Ramin Hajili) və şəxsi saytını (www.raminhacili.az) yaradıb.

2019-cu ilin may ayında "Biz Qarabağı İstəyirik!" kampaniyasını başladıb və 8 iyun tarixinin Qarabağ Günü kimi qeyd olunması ideyasını irəli sürüb. Dünya ictimaiyyətinin diqqətini Qarabağ münaqişəsinə çəkmək üçün təkbaşına və piyada Bakı şəhərindən Horadiz şəhərinə kimi 293 km-lik yolu ayaqla yürüş edib.

2019-cu ilin payızında Azərbaycan Respublikası Prezidentinin BMT kürsüsündən ermənilərin silahlanması ilə bağlı çıxışı istiqamətində jurnalist araşdırması edib və Ermənistan Respublikasına daşınan silahlarla bağlı əldə etdiyi faktları öz sosial şəbəkə hesablarında eksklüziv olaraq yayımlayıb. 

2020-ci ildə baş vermiş ikinci Qarabağ müharibəsi zamanı Horadiz şəhərinə gedərək əsgərlərə dəstək olub və həmin dövrdə beynəlxalq arenada Azərbaycanın haqlı mövqeyini müdafiə edib.

2021-ci ilin mart ayından etibarən "Bizim Media” xəbər portalında çalışıb.

2021-ci ilin 24 iyun tarixində Nərimanov Rayon Məhkəməsi tərəfindən Ramin Hacılıya 3 il 6 ay müddətinə şərti cəza təyin edilib.

2021-ci ilin 9 iyul tarixində Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən Ramin Hacılı barəsində cinayət işi başladılıb. Elə həmin gün o, Baş Prokurorun birinci müavininin təqdimatı əsasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs olunub.

2021-ci ilin 26 oktyabr tarixində Bakı Apellyasiya Məhkəməsi Baş Prokurorluğun (dövlət ittihamçısının) protesti əsasında Nərimanov Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli hökmünü dəyişdirərək Ramin Hacılıya 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib.
2022-ci ilin 3 fevral tarixində siyasi fəal Bəxtiyar Hacıyevin şikayət ərizəsi əsasında Ramin Hacılı barəsində Füzuli Rayon Məhkəməsi böhtan ittihamı üzrə bəraət verib, təhqir ittihamı üzrə isə 1500 manat cərimə cəzası təyin edib.

2022-ci ilin 26 oktyabr tarixində Bakı Ağır Cinayətlər Məhkəməsi Baş Prokurorluğun apardığı istintaq əsasında Ramin Hacılıya 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib. Həmin cəza bütün cinayət işləri üzrə olan cəzaların məcmusuna (toplamına) əsasən verilsə də, onun istintaq dövründə həbsdə saxlanıldığı 9 ay 10 gün müddət nəzərə alınmayıb. Nəticədə ona 8 il 9 ay 10 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş olub.

2023-cü ilin 22 iyun tarixində Bakı Apellyasiya Məhkəməsi Ramin Hacılıya "rüşvət verməyə təhriketmə” maddəsi üzrə bəraət verib və cəzasını 6 ay azaldaraq 7 il 6 ay müddətinə  azadlıqdan məhrumetmə cəzası təyin edib. Bu dəfə də onun istintaq dövründə həbsdə saxlanıldığı 9 ay 10 gün müddət nəzərə alınmayıb və nəticədə Ramin Hacılıya 8 il 3 ay 10 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş olub.

2024-cü ilin 28 iyun tarixində Ali Məhkəmə Ramin Hacılıya "rüşvət verməyə təhriketmə” maddəsi üzrə bəraət verilməsi qərarını təsdiq edib, CM-nin 29,178.3.1-ci maddəsi üzrə ittihama xitam verib və cəzasını 6 ay azaldaraq 7 il müddətinə  azadlıqdan məhrumetmə cəzası təyin edib. Bu dəfə onun istintaq dövründə həbsdə saxlanıldığı 9 ay 10 gün müddət nəzərə alınıb və nəticədə Ramin Hacılının ümumilikdə 3 il 9 aydan çoxdur həbsdə saxlanıldığı nəhayət öz təsdiqini tapıb. 

2024-cü ilin 29 sentyabr tarixində Ramin Hacılıya təyin edilmiş cəzanın artıq 4 ili tamam olub. O, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 17 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılır. Həbsdə olduğu müddət ərzində o, Bakı İstintaq Təcridxanasında, 16 saylı Cəzaçəkmə Müəssisəsində, 3 saylı İstintaq Təcridxanasında, Xətai, Binəqədi və Beyləqan Polis İdarələrinin Müvəqqəti Saxlama Yerlərində saxlanılıb. Ümumilikdə onu 23 dəfə müxtəlif müəssisələrə köçürüblər. 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->