Ölkə 18:40 22.06.2022

Ramin Hacılı: “Hüquqlarım bərpa olunana qədər ölüm aclığını davam etdirəcəm”

"Azərbaycan Avropa Hərəkatı”nın həbsdə olan rəhbəri Ramin Hacılı aclıq aksiyasını davam etdirir.

Qaynarinfo xəbər verir ki, o bu barədə iyunun 22-də öz məhkəməsində bildirib. Ramin Hacılı qeyd edib ki, ona əsassız ittihamlar verilməsinə, hüquqlarının pozulmasına etiraz olaraq, bu addımı atıb.

"Hüquqlarım bərpa olunana qədər ölüm aclığını davam etdirəcəm”, - deyə o vurğulayıb.

Ramin Hacılının işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. O, araşdırmaların natamam, qərəzli aparıldığını deyir. Onun sözlərinə görə, bu vəziyyətdə işə məhkəmə baxıb, obyektiv, ədalətli qərar çıxara bilməz. Ona görə də işin təkrar istintaqa qaytarılmasını istəyir. Məhkəmədə bu barədə vəsatət qaldırsa da, təmin edilməyib.

Onun daha bir vəsatəti ev dustaqlığına buraxılması olub, amma hakimlər bu məsələdə də ona "yox” deyib. Nəzərinə çatdırılıb ki, onun haqqında dələduzluq ittihamıyla hökm çıxarılıb və onun üzərində həmin hökmlə kəsilmiş 3 il 6 aylıq azadlıqdan məhrumetmə cəzası qalıb. Ona görə ev dustaqlığına buraxılması mümkün deyil.

Hacılı hakimləri ona qarşı qərəzli yanaşmada, işinə obyektiv baxmamaqda suçlayıb. Onların bu işə baxmasına yazılı şəkildə etiraz verib. Ancaq etirazı baxılmamış saxlanılıb. Bundan sonra o, aclığa başladığını açıqlayıb.

Məhkəmədə şahid kimi dindirilən Azər Əliyev deyib ki, qardaşıyla birlikdə Kanadaya getmək istəyiblər. Hacılı onlara viza və başqa məsələləri həll edəcəyinə söz verib, amma yerinə yetirməyib.

"Ona 2 min dollar bir, 3 min dollar bir, 11 min 250 manat da bir vermişəm. Evimi satmışdım. Məni aldatdı, indi kirayələrdə qalıram. Ona görə ailəm dağıldı. İndi birtəhər ailəmi bərpa eləmişəm. 4-5 ildi məni yola verir, pulumu qaytarmır”, - şahid belə deyib.

Hacılı bu adamların məqsədli şəkildə öyrədilərək məhkəməyə göndərildiyini bildirib.

"Bu cür ədalətsizliklərlə dövləti gözdən salırsız. Mənim hüquqlarım tapdalana bilməz”, - Hacılı məhkəmə zalında saxlandığı şüşə kabinənin içində qışqırmağa başlayıb. O, divara yumruq vurub. Bu zaman hakim Azad Məcidov onun məhkəmə zalından çıxarılmasına göstəriş verib. Təqsirləndirilən Hacılının əlləri qandallanıb və o, məhkəmə zalından çıxarılıb.

Qeyd edək ki, Ramin Hacılı qanunsuz miqrasiyada ittiham olunur. R.Hacılı və bir qrup şəxs Cinayət Məcəlləsinin 178.3.1-ci (mütəşəkkil dəstə tərkibində dələduzluq) maddəsi ilə təqsirləndirilərək istintaqa cəlb olunublar. Sonradan digər şəxslər azadlığa buraxılsa da, R.Hacılının işi ayrıca icraata verilib.

Seyid