Ölkə 17:23 22.06.2023

Ramin Hacılının cəzası 6 ay azaldıldı

Hazırda həbsdə olan Azərbaycan Avropa Hərəkatının sədri, ictimai fəal Ramin Hacılının apellyasiya şikayətinə baxılıb.

Bu barədə Qaynarinfo-ya onun vəkili Rəşad Əliyev məlumat verib.

O bildirib ki, Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murğuzovun sədrliyi ilə keçirilən prosesdə  R.Hacılının barəsində irəli sürülmüş Cinayət Məcəlləsinin 34, 312-ci (rüşvətə təhrik etmə) maddəsi ilə bağlı bəraət qərarı çıxarılıb və onun cəzası 6 ay azaldılıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ramin Hacılıya  8 il 9 ay 10 gün həbs cəzası təyin edilib, oradan istintaq müddətində həbsdə saxlanıldığı müddət çıxılaraq, 7 il 7 ay 14 gün saxlanılmışdı.

İttiham aktına görə, Azərbaycan Avropa Hərəkatının və "No Border Travel Agency” MMC-nin rəhbəri Ramin Hacılı, "Gəncliyin Elmi-Mədəni İnkişafı” İctimai Birliyinin sədri Sərdar İsgəndərov, "Yes Travel” MMC-nin vəzifəli şəxsləri Sərxan Abdullayev, Üzeyir Bağırlı, "HMH Baku Travel” MMC-nin rəhbəri Nərminə Dadaşova, Zakir Əmirov, Əziz Səfərəliyev, Akif Əsədov külli miqdarda qazanc əldə etmək məqsədi ilə ABŞ, Kanada və Avropa ölkələrinə səfər etmələri üçün Azərbaycan vətəndaşlarına viza alınması və səfər etdikləri ölkələrdə mühacir statusu alaraq yaşaya bilmələri üçün iş yerindən arayış, bank hesabından çıxarış, daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədlər, hüquq mühafizə orqanlarına çağırış məktubu, guya xəsarət almalarına dair tibbi arayış və digər hüquq verən rəsmi sənədləri saxtalaşdırıb satmaqla, onlara müraciət edən şəxslərin qanunsuz miqrasiyalarını təşkil ediblər.

Qeyd edilənlərlə bağlı əvvəllər eyni xarakterli əməllərə görə dəfələrlə məhkum olunmuş Ramin Hacılı, eləcə də yuxarıda adları çəkilən digər şəxslər Cinayət Məcəlləsinin 178.3.1-ci (mütəşəkkil dəstə tərkibində dələduzluq) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barələrində müvafiq olaraq həbs və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri seçilib.

Xatırladaq ki, digər şəxslərin cinayət işi ayrıca icraata götürülüb.