Ölkə 17:51 06.07.2022

Ramin Hacılının səhhətində problem yaranıb - Anası Prezidentin köməkçisi ilə görüşüb

Azərbaycan Avropa Hərəkatının sədri, Ramin Hacılının anası Hürü Hacıyeva Prezidentin köməkçisi Fuad Ələsgərovun qəbulunda olub.
 
Bu barədə Qaynarinfo-ya Hürü Hacıyevanın özü məlumat verib. 

Onun sözlərinə görə, görüşdə Ramin Hacılının Prezident İlham Əliyevə ünvanladığı məktubu Fuad Ələsgərova təqdim edib. 

Hürü Hacıyeva oğlunun cinayət işi ilə bağlı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə yol verilən qanun pozuntularını da diqqətə çatdırıb. 
Ramin Hacılının anası onu da bildirib ki, oğlu bundan əvvəl 3 il 6 ay həbs cəzası alıb. Bu dəfə isə onu başqa işə görə əsassız olaraq ittiham edirlər. 

Hürü Hacıyevanın sözlərinə görə, Fuad Ələsgərov məsələni araşdıracağını və diqqətdə saxlayacağını bildirib.

Bu gün həm də Ramin Hacılının cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Prosesdə onun vəkili Rəşad Əliyev vəsatətlə çıxış edib. Vəsatət Ramin Hacılının tibbi ekspertizadan keçirilməsi ilə bağlıdır.
 
"Müvəkkilimin onkoloji xəstəliyə tutulmasından şübhələrimiz var. Bu adam iki ay ərzində 30 kiloqram çəki itirib”, - deyə o vəkil bildirib. 

Hakim vəsatəti təmin etməyib, növbəti məhkəmə iclası isə iyulun 13-nə təyin edilib.

Ramin Hacılı qanunsuz miqrasiyada ittiham olunub. Onunla bir qrup şəxs Cinayət Məcəlləsinin 178.3.1-ci maddəsi (mütəşəkkil dəstə tərkibində dələduzluq) ilə istintaqa cəlb olunublar. Sonradan digər şəxslər azadlığa buraxılsa da, Ramin Hacılının işi ayrıca icraata verilib.

Seyid