Xəbər lenti

Ramiz Mehdiyevin tənqidlərinə məmurlardan reaksiya
Ölkə21:32 29.10.2014

Ramiz Mehdiyevin tənqidlərinə məmurlardan reaksiya

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev oktyabrın 25-də Dövlət İdarəçilik Akademiyasındakı çıxışında qızların təhsildən yayınması, erkən evlilik hallarından söz açıb.

O, cənub bölgəsinin, Lerik və Yardımlı rayonlarının adını xüsusi vurğulayaraq deyib: “Bu il ali məktəblərə qəbul imtahanları zamanı Yardımlı və Lerik rayonlarından sənəd verənlər arasında qızlar müvafiq olaraq 16 və 21 faiz təşkil edib. Bir sıra rayonlarda, misal üçün, Masallı, Cəlilabad, Qobustan, Ağsu və Sabirabadda sənəd verən qızların sayı 40 faizdən azdır”.

Ramiz Mehdiyev qeyd edib ki, bir çox regionlarda, xüsusilə də cənub bölgəsində azyaşlı qızların təhsildən yayınaraq qeyri-rəsmi ailə qurması artıq adi hala çevrilir: “Onlar nə fiziki, nə də mənəvi cəhətdən hazır olmadıqları halda erkən yaşda ana olurlar. Bu məsələ həm səhiyyə, həm təhsil, həm də hüquq-mühafizə orqanlarının diqqətindən necə yayınır?”

Yardımlı Rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavininin səlahiyyətlərini icra edən Mirqiyas Əsgərov “Media forum” saytına deyib ki, hazırda rayonda Prezident Administrasiyası rəhbərliyindən gələn məktubla bağlı iclas və müşavirələr keçirilir: “Əvvəllər rayonda sözügedən hallar üzrə ciddi problemlər yaşansa da son vaxtlar vəziyyətin müsbətə doğru dəyişdiyini müşahidə edirik. Bu da həmin problemlərin aradan qaldırılması üçün rayon icra hakimiyyətinin həyata keçirdiyi islahatların nəticəsidir. Təkcə bu il ali məktəbə 20-yə yaxın, orta ixtisas məktəbinə 30-dan çox qız qəbul edilib. Ötən illə müqayisədə bu rəqəm kifayət qədər yüksəlib. Ümumilikdə bu il ali təhsil ocaqlarına qəbul olunan 119 gəncimizə xüsusi qayğı göstərilib, onlar mükafatla təltif ediliblər. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə görüşdən (oktyabrın 28-dən Dövlət İdarəçilik Akademiyasında şəhər, rayon icra hakimiyyəti başçılarının ictimai-siyasi və humanitar məsələlər üzrə müavinlərinin seminar-müşavirəsi keçirilir-red.) sonra icra başçısı icra nümayəndələri və məktəb direktorları ilə birgə müşavirə keçirib, xüsusi tapşırıqlar verib”.

Mirqiyas Əsgərov bildirib ki, qızların təhsildən yayınmaları və erkən evlilik problemi rayonda ciddi diqqətdə saxlanan məsələlərdəndir: “Qızlarımızın təhsildən yayınmasına müxtəlif səbəbləri əsas gətirmək olar. Mövcud stereotiplər, mövhumatçılıq, adət-ənənədən gələn hallarla indiyə qədər mübarizə aparırıq, birbaşa məktəblərə gedirik, gənc qızlarla söhbətlər aparılır. Ötən ildən bəri erkən evlilik halı ilə rastlaşmamışıq. Qızların dərsə davamiyyəti də əvvəlki illərlə müqayisədə kifayət qədər yüksəkdir. Ayrı-ayrı məktəblərdə xüsusi olaraq reydlər keçirilir, yoxlamalar aparılır. Ona görə sözügedən məsələlər heç də şiddətli hal almayıb. Bu məqamlar rayon rəhbərliyinin xüsusi nəzarətindədir, hər zaman gündəmdədir.

Hamimiz bilirik ki, Yardımlı dağlıq rayondur. Bu ərazilərdə kənd təsərrüfatı, əkinçilik yüksək səviyyədə inkişaf edə bilmir. Konkret inkişaf edən güclü sahə olmadığına görə Yardımlının sərvəti, ən həssas yerimiz məhz təhsildir. Ona görə davamlı olaraq əhali arasında maarifləndirmə tədbirlərini genişləndirəcəyik. Çünki hər uşaq bir ailədən gəlir, təkcə məktəblərdə deyil, konkret əhali arasında ailələr, valideynlər arasında bu islahatlar aparılmalıdır. Yalnız bu yolla təhsildən yayınma, mövhumatçılıq və digər stereotipləri aşıb keçmək mümkündür”.

Astara Rayon İcra Hakimiyyəti başçısının I müavini Allahverən Mahmudov deyib ki, bu il rayonda qızların təhsildən yayınması, erkən evlilik faktları qeydə alınmayıb: “Məktəblərdə dərsə davamiyyət daim nəzarətimizdədir. İki ildən yuxarıdır bu problemlə ciddi şəkildə məşğuluq, aidiyyəti şəxslərə, təhsil müəssisəsi rəhbərlərinə, rayon təhsil şöbəsinə, icra nümayəndələrinə konkret tapşırıqlar verilib. Təsadüfi hallar ola bilər, amma təhsildən kütləvi yayınmadan söhbət gedə bilməz. Bir neçə il öncə cənub rayonları üzrə müəyyən pis göstəricilər qeydə alına bilərdi. Son illər aparılan təbliğat işləri nəticəsində həm valideynlər erkən evlilik hallarına yol vermir, övladlarının taleyinə məsuliyyətlə yanaşırlar, həm də yerli icra nümayəndələri, müəllimlər üzərinə düşən vəzifələri israrla yerinə yetirirlər.

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin icra başçıları ilə görüşündən sonra Astara Rayon İcra Hakimiyyətində böyük bir müşavirə keçiriləcək. Görüşdə müzakirə edilən bütün məsələlər müşavirə iştirakçılarının, rayon ictimaiyyətinin nəzərinə çatdırılacaq. Yəqin ki, görüşdən sonra rayonun bütün aidiyyəti müəssisələrində, təhsil şöbələrində aparılan işlər daha aktiv fazaya keçiriləcək. Əgər tək-tük fakt qeydə alınıbsa da bundan sonra onlara da yer qalmayacaq.

Yerlərdə icra nümayəndələri erkən nikah faktları ilə bağlı məlumatları daim rayon icra hakimiyyətinə ötürür, zəruri tədbirlər görülür. 2014-cü ildə rayon üzrə bir belə fakt da qeydə alınmayıb. Amma bu o demək deyil ki, gələcəkdə bu cür hallar ola bilməz. Ona görə yerlərdə sakinlər, valideynlər, müəllimlərlə birgə iş aparılacaq. Əgər söhbət qızların təhsildən yayınması, erkən evlilikdən gedirsə, xüsusən valideynlər daha böyük məsuliyyət daşıyır. Çünki balalarımız uşaqlıq həyatını normal yaşayandan sonra müstəqil həyatda uğur qazana bilər. Öncə bunu düşünüb addım atmalıyıq”.

Qaynar.info