Xəbər lenti

REAL-dan bəyanat: "Mövqeyimizdə dəyişiklik olmayacaq"
Ölkə15:29 19.10.2017

REAL-dan bəyanat: "Mövqeyimizdə dəyişiklik olmayacaq"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Respublikaçı Alternativ Partiyasının Təşkilat Komitəsi bəyanat yayıb.

Qaynarinfo.Az-a  daxil olan bəyanatda bildirilir ki, Bakı Şəhər İcra Hakimiyyəti siyasi təşkilata qurultay üçün yer ayırmır. 

Bəyanatda deyilir: "Respublikaçı Alternativ Partiyasının Təşəbbüs Qrupu Partiyanın I Təsis Qurultayını bu ilin oktyabr ayının 29-da keçirilməsi ilə bağlı qərar verib. 

Partiyanın Təşəbbüs Qrupu adından Bakı şəhərində yerləşən və 400 nəfərlik zalı olan 4 və 5 ulduzlu otellərə partiya qurultayının keçirilməsi üçün müraciət edilib. Lakin müraciət olunan otellər siyasi partiya tədbirlərinə yer ayırmadıqlarını ifadə edib və yer verməkdən imtina ediblər. 

Bunu nəzərə alaraq oktyabr ayının 2-də Partiyanın Təşəbbüs Qrupu adından qurultaya yer ayrılması üçün Bakı Şəhər İcra Hakimiyyəti Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinə müraciət ünvanlanıb. 

Qanunla nəzərdə tutulan 15 gün ərzində müraciətlərə cavabvermə qaydasını pozaraq Bakı İcra Hakimiyyəti bizim müraciətimizə hələ də cavab verməmiş və hətta müraciətimizi qeydə almadıqlarını və icraata göndərmədiklərini bildirmişlər. 

Müraciətdə göstərdiyimiz yerlərdə digər siyasi partiyalar öz qurultaylarını və digər tədbirlərini keçirmişlər. Belə olan təqdirdə hesab edirik ki, Bakı İcra Hakimiyyəti qanunun tələblərini pozaraq müraciətimizə cavab verməməklə bir tərəfdən ayrı-seçkilik etmiş, digər tərəfdən siyasi fəaliyyət azadlığını kobud şəkildə pozmuş olur. Bütün bunlar onu göstərir ki, Bakı İcra Hakimiyyəti siyasi rəhbərliyin sifarişi ilə hərəkət edir.

Bütün üzvlərimizə və ictimaiyyətə bildirmək istəyirik ki, partiya qurultayını keçirməkdə qərarlıyıq və mövqeyimizdə hər hansı dəyişiklik olmayacaq. Biz mövcud prosesi imitasiya etmək üçün deyil, cəmiyyətin tam etimadını qazanaraq ölkəni irəli apara biləcək partiyanın qurulmasını hədəfləmişik".

Qaynarinfo.Az