
Tanınmış iqtisadçı Rövşən Ağayev Real Hərəkatından və onun İdarə Heyətindən istefa verib.
"Qaynar"-ın verdiyi xəbərə görə, bu barədə R.Ağayev özü bəyənat yayıb.
Öz bəyənatında o, REAL-dan istefasının səbəblərini aşağıdakı kimi açıqlayıb:
"Bəzən son dərəcə çətin qərarlar vermək məcburiyyətində qalırıq. Amma bu qərarları qəbul etmək zərurəti məcburiyyətlərə üstün gəlir... 2011-ci ildən bəri İdarə Heyətinin (İH) üzvü olduğum REAL Hərəkatından ayrılmaqla bağlı qərar vermək mənim üçün çox çətin oldu. Səbəbləri haqda çox qısa bunları deyəcəm. Hərəkatın lideri İlqar Məmmədov artıq 4 il 2 aydır həbsdədir. Təşkilatın İH-nin hər bir üzvü belə şəraitdə onun da əvəzinə çalışmalı, liderin yoxluğunu hiss etdirməməli və REAL-ı öz hədəflərinə yaxınlaşdırmaq üçün daha fədəkar olmalı idi. Bizə qoşulan üzvlərin, eləcə də təəssübkeşlərin İH-dən gözləntisi də bu idi. Təəssüf ki, müxtəlif səbəblərdən bir İH üzvü kimi mən vəzifənin öhdəsindən gələ bilmədim. Bu qərarı qəbul edərkən yanaşmam bu olub ki, hər bir kəs gərəkli ola biləcəyi yerdə olmalı, faydası toxuna biləcəyi işin qulpundan yapışmalıdır. Otən 6 ildə REAL-ın proqramının işlənməsi xaric bu təşkilata mənim heç bir töhfəm dəyməyib. Bacarmayan kənara çəklib bacaranların yolunu açmalıdır.Ümid edirəm ki, İlqar Məmmədovun həbsdən çıxması uzun çəkməyəcək və onun liderliyi ilə REAL Azərbaycanın gələcək siyasi həyatında öz layiqli yerini tutacaq. Bilirəm ki, bəzi üzvlərimizin, xüsusən gənclərimizin bizlərdən gözləntiləri yüksək idi. Gözləntilərini doğrulda bilmədiyim həmin insanların hamısına bir üzr borcum var..."
Qaynar.Az