
Respublikaçı Alternativ Hərəkatı 28 May Respublika Günü münasibəti ilə Məmməd Əmin Rəsulzadənin Novxanı kəndində yerləşən abidəsini önündə bayram mitinqi keçirilib.
Bayram mitinqində REAL-ın yüzlərlə üzvü iştirak edib. Mitinqdə 28 Mayın tarixi önəmindən danışılıb. Bildirilib ki, 28 May – Azərbaycanın tarixində çox böyük önəmi olan bir gündür. Bu gün – xalqımızın millətə çevrildiyi, onun mədəni və dini kimliyi, eləcə də dünyaya açıqlığı üzərində siyasi kimliyin qurulduğu gündür. Onun təməlini qoyanlar, çeşidli xalqların, dinlərin və dillərin iç-içə yaşadığı, bir-birinə qovuşduğu bir coğrafiyada hər kəsin azadlığını, bərabərliyini, mülkiyyətini və onlardan doğan ədalətli istəklərini, bilikli arzularını və məlumatlı seçimlərini gerçəkləşdirə biləcək bir dövlət qurmağa girişmiş bir nəsil olub.
Həmçinin qeyd olunub ki, REAL ölkədə respublika quruluşunu bərpa etmək üçün yaranıb, bunun uğrunda çalışır. Yaranışımız və çalışmalarımız respublikaçı dəyərlərini gözü götürməyənlər üçün təhlükə kimi göründü. Bizi vurdular. Başqanımız İlqar Məmmədov’u tutdular. Elə bildilər ki, REAL dağılacaq. Amma REAL böyüdü və böyüməkdə davam edir. İlqar Məmmədovun özü də, hekayəsi də getdikcə güclənir. Onun hələ də həbsə saxlanmasının məqsədi – ölkəmizdə respublikaçılığı əngəlləməkdir.
Dövlətimiz Avropa Şurası kimi nüfuzlu bir qurumun üzvü olsa da, Avropa Birliyi kimi imkanlı bir qurumla əməkdaşlıq etsə də, NATO-yla yaxınlaşmaq istədiyini desə də, bütün bu qurumların rəhbər tutduğu dəyər və prinsiplərdən uzaq qaldı. Bir sıra sahələrdə ölkəmizin adı mənfi örnək kimi çəkilməyə başladı. Bunların bir təməl səbəbi var – dövlətimizin hələ də respublika ola bilməməsi.
Nə qədər ki, ölkəmizdə siyasi məhbuslar var və ya olacaq, nə qədər ki, məhkəmələrimizdə ədalət olmayacaq, nə qədər ki, hakimiyyətimiz seçkisiz qalacaq, nə qədər ki, iqtisadiyyatımız inhisarçı olacaq, bir o qədər də millətimiz çağdaş dünyadan geridə qalacaq.
Biz gileylənmirik. Qarşımızda real işlər və onları görəsi olacaq REAL var!
Respublika Günümüz qutlu, gələcək günlərimiz respublikaçı olsun!
Başqa alternaitv yoxdur, ola da bilməz!
Qaynarinfo.az












