Xəbər lenti

Rəis müavini və oğlu yaralandı, 1 nəfər öldü - Bakıda atışma+YENİLƏNİB
Ölkə20:30 23.02.2014

Rəis müavini və oğlu yaralandı, 1 nəfər öldü - Bakıda atışma+YENİLƏNİB

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakının Sabunçu rayonunda baş verən atışmanın bəzi təfərrüatları da məlum olub.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, silahlı insidentə səbəb rayonun Musabəyov küçəsində yaşayan Gülağa Lətifovun ərazidə aparmaq istədiyi tikinti ilə bağlı qonşuları Asif Nəzərov, Yusif Əlipaşayev və Akif Nəzərovla mübahisə etməsi olub.

Belə ki, qəsəbədəki 68 saylı orta məktəbin həyətində stadion üçün nəzərdə tutulmuş ərazidə çay evi tikdirmək istəyən Gülağa Lətifova Musabəyov küçəsində yaşayan sakinlər etiraz ediblər. Həmin küçənin daha bir sakini Nazim Süleymanov APA-ya deyib ki, G. Lətifov məktəbin balansında olan əraziyə daş tökdürərək qanunsuz tikintiyə başlamaq istəyib. Ona tikinti aparmaması ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən də xəbərdarlıq edilib.

Lakin G. Lətifov bu gün tikintiyə başlayıb, sakinlər isə ona mane olmağa çalışıblar. Bu zaman G. Lətifov silaha əl atıb. Maşınında gəzdirdiyi "Vinçester" markalı tüfənglə qonşuları Asif Nəzərov, Yusif Əlipaşayev və Akif Nəzərovu ağır yaralayıb, ərazidə olan digər qonşu Fərid Qədirov isə aldığı güllə xəsarətlərindən ölüb.

G. Lətifov hadisə yerindən qaçıb. Hazırda hüquq-mühafizə orqanları ərazidə işləyir.

***

Bakının Sabunçu rayonunda polis və naməlum şəxlər arasında atışma baş verib. 

Məlumata görə, təxminən yarım saat əvvəl Sabunçu rayonundakı 62 saylı orta məktəbin yaxınlığında atışma olub. Atışma nəticəsində dörd polis əməkdaşı ağır yaralanıb. Bir nəfər isə öldürülüb. Öldürülən şəxsin Suraxanı rayon polis idarəsinin rəis müavini Akif Nəzərovun oğlu olduğu bildirilir. Yaralılar 3 saylı Sabunçu rayon xətəxanasına yerləşdirilib. Hələlik atışmada qarşı tərəfin kimlər olduğu məlum deyil ("Qafqazinfo"). 

***  

Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Sabunçu qəsəbəsi Musabəyov küçəsində qeydə alınıb.

Qonşular arasında düşən dava daha sonra silahlı insidentə çevrilib. Nəticədə 1955-ci il təvəllüdlü Akif Nəriman oğlu Nəzərov və onun oğlu, 1985-ci il təvəllüdlü Asif Nəzərov, həmçinin 1954-cü il təvəllüdlü Yusif Hacıəliəhməd oğlu Əlipaşayev və 1990-cı il təvəllüdlü Fərid Bəxtiyar oğlu Qədirov güllə xəsarətləri ilə 3 saylı Şəhər Klinik xəstəxanasına yerləşdiriliblər.

F.Qədirov aldığı güllə xəsarətlərindən xəstəxanada ölüb. Hazırda hüquq-mühafizə orqanları hadisənin başvermə səbəbini araşdırırlar. 

Qeyd edək ki, hadisə nəticəsində yaralanmış Akif Nəzərov Suraxanı rayon Polis İdarəsində rəis müavini, onun oğlu Asif Nəzərov Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsində təhqiqatçı vəzifəsində çalışır. 

Qaynar.info