
Xəbər verildiyi kimi, görkəmli dövlət xadimi M.Ə.Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə iyulun 10-da prezident İlham Əliyevin göstərişi ilə Avropaya müalicəyə göndərilib.
O, hazırda Almaniyanın “Şarite” hospitalında müalicə olunur. R.Rəsulzadə ilk müayinələrə başlayıb. Özünün dediyinə görə, müayinədən sonra əməliyyat olub-olmayacağı dəqiqləşəcək.
Müalicəyə göndərildiyi ilk gündən Rəis Rəsulzadə ölkə prezidentinə öz təşəkkürünü bildirib: “Müalicəmlə bağlı Azərbaycan prezidenti İlham Əliyevə müraciət etmişdim. Dövlət başçısının göstərişi ilə hərtərəfli müayinə və müalicə olunmaq üçün Almaniyaya göndərilmişəm. Prezidentə bu diqqətinə görə təşəkkür edirəm”.
Bundan əlavə, Rəsulzadə Araşdırmalar Mərkəzinin rəhbəri Nəsiman Yaqublu da özünün və Rəsulzadə ailəsinin adından ölkə başçısına humanistliyinə görə, təşəkkürünü bildirib: “ Bizim müraciətimizi nəzərə alıb, diqqət ayırdığına görə, ölkə başçısı İlham Əliyevə öz adımdan, Rəsulzadə ailəsi adından təşəkkürümü bildirirəm”.
Müsavat Partiyasının İlham Əliyevin atdığı addımla bağlı mövqeyini öyrəndik. Başqan müavini Gülağa Aslanlı bir daha Azərbaycan səhiyyəsinin bərbad vəziyyətdə olduğunu bildirdi: “Mənim şəxsi mövqeyimə görə, ölkə başçısının birinci vəzifəsi Azərbaycanda səhiyyənin inkişafına şərait yaratmasıdır. Ölkədə yaşayan hər bir şəxs elə imkana malik olmadır ki, Azərbaycan səhiyyəsinin hesabına müalicə olunsun. Azərbaycanın inkişafından danışırıqsa, inkişaf insanların sağlamlığı və aldıqları əməkhaqqı ilə ölçülür. Əgər Azərbaycan insanı, hətta Rəsulzadənin nəvəsi, məşhur rəssam olan bir insan özünü müalicə etdirmək üçün maddi imkana malik deyilsə, bu, utandırıcı bir haldır. Ölkə prezidenti bu məsələ ilə ciddi məşğul olmalıdır. İndiyə qədər müalicəyə ehtiyacları olan insanları bu yolla yola salırlarsa, bunun bir müsbət tərəfi varsa, bundan sonra bütün ölkə insanları üçün bu məsələ əlçatan olmalıdır. Hər bir insanın özünü müalicə etdirməyə imkanı olmalıdır. Ölkənin səhiyyəsi o səviyyəyə çatmalıdır ki, heç kəs müalicə olunmaq üçün xarici ölkəyə getməsin”.
Xatırladaq ki, Rəis Azər oğlu Rəsulzadə Azərbaycan Rəssamlar İttifaqının üzvü, əməkdar rəssamdır. R.Rəsulzadə həmçinin ictimai fəaliyyətlə məşğuldur və Azərbaycan Siyasi Repressiya Qurbanları Assosiasiyasının prezidentidir. Ağır xəstəlikdən əziyyət çəkən R.Rəsulzadənin 2013-cü ilin əvvəlində də Bakıda eyni xəstəlikdən əməliyyat və müalicə olunduğu bildirilir. (musavat.com)
Qaynar.info