Xəbər lenti

Çörəkbişirmə sexində istehsal dayandırıldı
Ölkə12:29 15.07.2013

Çörəkbişirmə sexində istehsal dayandırıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində fəaliyyət göstərən 29 saylı çörəkbişirmə müəssisəsində istehsal qadağan edilib.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin yaydığı məlumatda bildirilir ki, araşdırma zamanı müəyyən olunub ki, müəssisədə müəyyən edilən qaydada təsdiq olunan texnoloji prossesi reqlamentləşdirən texnoloji təlimat və resepturalar mövcud deyil.

Eyni zamanda müəssisədə istehsal olunan çovdar və buğda unu qarışığından hazırlanan çörəklərin təhlükəsizlik göstəricilərinin yoxlanmasını təsdiq edən gigiyenik və uyğunluq sertifikatı da mövcud deyil. Nəticədə normativ sənəd “ГОСТ 2077-84”standartının, “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci, 6-cı, 7-ci, 13-cü, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddələrinin tələbləri pozulub.

Yoxlanılan məhsulun qablaşdırılması, saxlanması və markalanması normativ sənəd “ГОСТ 2077-84” standartının tələblərinə cavab verməyib. Belə ki, reklam xarakterli “Pəhriz” yazısı qeyd olunan, çörəyin saxlanılma müddəti maksimum 36 saat olduğu halda markalanmada 3 gün göstərilib. Müəssisədə istehsal olunan məhsulun müayinəsi üçün sınaq bölməsi (laboratoriya) yoxdur və heç bir laboratoriya ilə müqavilə bağlanmayıb. Məhsulun keyfiyyətinə nəzarət olunmadığı müəyyən olunub.

İstehsalda istismar olunan 6 ədəd ölçmə vasitəsi isə “ГОСТ 8.513-84” standartının tələbləri və “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə zidd olaraq müqayisəli yoxlamadan keçməmiş halda istifadə olunub.

Aşkar olunan nöqsanlarla əlaqədar olaraq, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 3123 ünvanında fəaliyyət göstərən 29 saylı çörəkbişirmə müəssisəsində istehsal qadağan edilən, müəssisə barədə inzibati qaydada protokol tərtib olunub.

Qaynar.info