Xəbər lenti

Repetitorluq fəaliyyəti: Lisenziyalaşdırıla və vergiyə cəlb oluna bilərmi?
Ölkə07:16 15.09.2023

Repetitorluq fəaliyyəti: Lisenziyalaşdırıla və vergiyə cəlb oluna bilərmi?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Repetitorluq fəaliyyəti lisenziyalaşdırılmalıdır”.
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Elmin Nuri bildirib. Elmin Nuri repitorluğu faydalı xidmət sahələrindən biri kimi qiymətləndirir: 
"Faydalı bir sahədir. Amma bizdə bu qədər geniş yayılmış repetitorluq qırmızı xətti keçib. Yəni, məktəb, tədris prosesinin zəifliyi, o qədər də yararlı olmaması onun sahəsini genişləndirib. Həmçinin qəbul prosesinin az qala tamam ayrı bir müstəvidə, tədris proqramı isə bir ayrı müstəvidə olması repetitorluğu məktəbdən soyutdu. Əskinə, repetitorluğun işi məktəbə, tədrisə dəstək idi. Bu bütün dünyada belə qəbul olunur və çox hörmətli sahələrdən biri hesab edilir. Repetitorluq məktəbə, təhsilə zərbə yox, onu inkişaf etdirən bir sahə olmalıdır. Bizdə isə bu əndazəsini aşdığına görə artıq məktəbə dəstək deyil, imicini daha da aşağı saldığına görə müəyyən addımlar atmaq lazımdır”. 
Ekspert qeyd edib ki, həmin addımlardan biri repetitorluq sahəsinə verginin təyin olunmasıdır: 
"Hamı bilir, istər paytaxt, istər regionlarda repetitor kimi nəticələri yüksək olan şəxslər əsasən bütün gücünü buna verir. Məktəb onlar üçün ikinci dərəcəli iş yeri olaraq dəyərləndirilir. Bəzən də məktəbə sadəcə işini qorumaq üçün getməyə üstün tuturlar. Artıq onların məktəbdən alacağı maaşa da ehtiyacları yoxdur. Bu səbəbdən razıyam ki, repetitorluq fəaliyyəti göstərənlər üçün vergi tətbiq olunsun".
Eksept bunun bir xidmət sahəsi olduğunu vurğulayıb: 
"Qazanclarının müəyyən bir hissəsini, məsələn 4%-ni dövlətə vergi olaraq verə bilərlər. Bundan əvvəl isə başqa bir zəruri addım atılmalıdır. Repetitorluq fəaliyyəti lisenziyalaşdırılmalıdır. Kim ki, bu işlə məşğul olursa, istər evində, istər ofisdə, istər məktəb daxilində onları müəyyən etmək problem deyil. Onlar Dövlət İmtahan Mərkəzindən lesenziya ala və onun tələbinə uyğun olaraq fəaliyyət göstərə bilər. Burada onun fəaliyyəti artıq real müstəviyə keçir. Bunun faydası ondan ibarətdir ki, lisenziyalaşdırılmış repetitorlar digər faydasız repetitorları üstələyəcək. Onlar dövlətə müəyyən qədər vergi də ödəyəcək. Bu az da olsa, büdcəyə xeyir verəcək".
Elmin Nuri əlavə olaraq bildirib ki, repetitorluq o qədər də gəlirli xidmət sahəsi deyil: 
"Bu elə də yüksək gəlir sahəsi sayılmır. Aylıq qazanc 10 mini, hətta eləsi var ki, 3-5 mini də keçmir. Belələrinə əlavə dəyər vergisi tətbiq olunmasa daha yaxşı olar. Öz qazancının 4%-ni vergi kimi ödəsə, bu daha məsləhətli görünər. Bəs, bu mümkindürmü? Bəli, Azərbaycan kiçik ölkədir, Bakı da o qədər də böyük bir şəhər deyil, burada hamı bir-birini tanıyır. Ona görə də lisenziyasız fəaliyyət göstərən repetitorlar aşkarlanaraq, müəyyən bir çərçivəyə salına bilərlər. Bu kimi addımlar mümkündür". 
Təhsil eksperti hesab edir ki, bundan sonra xidmət sahəsi legitim müstəviyə keçəcək:
"Vətəndaş dövlətin vergi ödəyicisidir. Ən azından bu məsələ tənzimlənəcək. Lisenziya və vergi prinsipləri yalnız yaxşı repetitorları üzdə saxlayacaq. Bu işi bazara çevirən şəxslərə müəyyən bir mane olacaq. Repetitorluq olmasa, məktəblərin vəziyyəti necə olacaq? Deyərdim ki yaxşı. Bu gün hamının ağzında bir söz var, nə yaxşı ki, repetitorluq var, bizim uşaqlar bunun hesabına universitetlərə daxil olurlar. Bu yalnış yanaşmadır. Sizin uşaqlar onların əzbərlətdiyi proqram əsasında universitetlərə daxil olurlar. Nəticə də ondan ibarətdir ki, biz bu günün  tələbəsini xüsusi analiz qabiliyyətli şəxs kimi görə bilmirik. Bu böyük problemdir. Vəziyyət sonra özü-özünü tənzimləyir. Qəbul qaydalarında müəyyən dəyişiklik olunduqda, müəyyən addımlar atıldıqda, o öz yerini tapacaq. Repetitor olmasa, təhsilimiz batar ifadəsi yalnışdır”.
Bahar Rüstəmli