Dünən Qismət Rüstəmov AYB üzvlüyündən istefa verdiyini bəyan edib
O, istefasının səbəblərini Kulis.az-a açıqlayıb: “Əlbəttə, bu qərar barəsində min adam min şey düşünə bilər, məsələn, fərz edə bilərlər ki, bu demonstrativ, şou xarakterli addımdı, fikirləşə bilərlər ki, son günlər Türkiyədəki olayların təsirilə verilmiş qərardı, düşünərlər ki, Şərifin AYB-dən xaric edilməsinə etirazdır, Elnaz Eyvazlının, Babək Göyüşün, Mövlud Mövludun, Ayxan Ayvazın istefasına dəstəkdir. Tələsik, emosional verilmiş qərar sayanlar da ola bilər, dönüklük hesab edənlər də, yerində atılmış addımdı deyənlər də. Müsbət və ya mənfi sonsuzluğa qədər uzada biləcəyim bu düşüncələrin hamısı müəyyən qədər həm doğrudur, həm də yox. Bu çox uzun mətləbdir, indi bunları xırdalamağın heç bir anlamı yoxdur, doğrusu həvəsim də qalmayıb. Kəsəsi, bu yazı ilə AYB üzvlüyündən çıxmağımı bəyan edirəm”.
Gənc yazarın AYB-dən istefa verməsinə Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, 525-ci qəzetin baş redaktoru Rəşad Məcid münasibət bildirib. R.Məcid Qaynar.info-ya açıqlamasında deyib ki, Şərif Ağayara görə bir neçə yazar Yazıçılar Birliyindən istefa verib: “Qismət də onların sırasına qoşuldu. Çıxmasını istəməzdim, amma çıxıbsa, nə deyə bilərəm ki. Nə deyim?! Deyim, çıxma?!”