
Bir neçə gün öncə (mayın 12-də) həbs olunan, ötən gün isə barəsində həbs-qətimkan tədbiri seçilən Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi, "Azİmport” şirkətinin sahibi Rəşad Məmmədovla bağlı yeni faktlar ortaya çıxıb.
Arqument.Az-a daxil olan məlumata görə, "Azİmport” şirkətinin sahibi olan R.Məmmədovun Bakıda və rayonlarda böyük torpaq sahələri, həmçinin biznes obyektləri var. O, bu obyektləri və torpaq sahələrinin bir hissəsini müxtəlif təzyiq vasitələrindən istifadə edərək əldə edib. Belə ki, R.Məmmədovun bacısının əri A.Əsgərov tərəfindən rəhbərlik edilən şirkət Bakıda yüzlərlə, minlərlə ailənin halal mal-mülkünü qəsb etməkdə ittiham olunur.
Arqument.Az-a daxil olan ilginc məlumata görə, "Azİmport” şirkətinin rəhbəri Bakının Qala kəndində yerləşən "Zeytun bağları"nda böyük əraziləri zəbt edib. Onun 2 mindən çox zeytun ağacını məhv edərək 5 hektar ərazini zəbt etdiyi da bu iddianı təsdiq edir.
Arqument.Az-ın əməkdaşının Qala kəndində, sözügedən ərazidə apardığı sorğular və ərazidən çəkilən fotogörüntülər də diqqət çəkir. Yerli sakinlər bildiriblər ki, ərazi Rəşad Məmmədov tərəfindən 2-3 il öncə alınıb, bir müddət öncə isə hasarlanıb. Məmmədov da bu müddət ərzində bağda "yaşıl terror"a start verib. Hasara alınmış ərazidə isə hansısa obyektlərin tikilməsi nəzərdə tutulubmuş...
Sakinlərin sözlərinə görə, "Zeytun bağları"nı Məmmədova Abşeron Rayon İcra Hakimiyyəti verib. Çünki ərazi Abşeron rayonuna daxildir.
Məlumat üçün bildirək ki, 1963-cü ilin 4 yanvar tarixində Abşeron rayonu yaradıldıqdan sonra bu bağlar da rayonun balansına verilib. Çünki Abşeron rayonu, əslində, Bakı və Sumqayıt şəhərlərinin inzibati ərazilərindəki kolxoz və sovxozlara, quşçuluq sənayesinə, aqrar sahəyə xidmət edən idarə və müəssisələrə, kənd tikinti və meliorasiya təşkilatlarına, aqrar istiqamətli elmi-tədqiqat institut və laboratoriyalarına yüksək ixtisaslı rəhbərliyi təmin etmək məqsədilə yaradılıb.
Məsələ ilə bağlı Abşeron rayon İcra Hakimiyyətinin mövqeyini öyrənmək mümkün olmadı. Araşırmalarımız davam edir.