Qaynarinfo şair, ssenarist Rəşad Nağı Mustafa ilə müsahibəni təqdim edir.
- Qulu Ağsəs deyirdi ki, adı 3 sözdən ibarət olan adamlar istedadsız olur... Düzdürmü, Rəşad Nağı Mustafa?
- Qulu Ağsəs paxıllığından elə deyib. (gülür) Hər 3 adımın böyük mənaları var. Hətta Nağı, yaradıcı, müasir mənasını daşıyır. Ona görə, belə sözlərə inanmayın. (Gülür)
- Rəşad, müsahibədən əvvəl şeir haqqında sorğu keçirmişdim, həm bir çox oxucular, həm də bəzi yaradıcı adamlar, xüsusi ilə nasirlər daxil olmaqla dedilər ki, şeir artıq ciddiyətini itirib, yaxşı şeirlərin hamısı yazılıb. Sən necə düşünürsən? Ümumiyyətlə, ən yaxşı şeirini yaza bilmisənmi?
- Azərbaycanda "şeir ciddiyətini itirib" deməyə ixtiyarı olan, ümumiyyətlə, şeirdən danışmağa haqqı olan barmaqsayı yaradıcı adam var. Bu, başqa məsələdir. Belə də, ciddi şeir deyəndə nə nəzərdə tutulur? Ümumiyyətlə, şeir niyə belə mənasız yerlərə bölünür? Şeir şairin hissləridir və heç kim, kiminsə hissinə ciddi deyil deyə bilməz. Şeir nitq hadisəsidir. Adicə danışanda hikmətli danışırsansa, o şeirdi. Misalçün, mənim bu dəqiqə kiməsə "salam, necəsən" deməyim, üzdə olan bir çox şairlərin şeirindən yaxşıdır. Bu yaxınlarda bir ədəbiyyat adamı Elvin Paşanın bir şeirinə belə bir rəy bildirmişdi:
"Şeir mətn baxımından həm natamamdır, həm də zəifdir. Daha uğurlu işləmək olardı".
Mən də ona belə bir cavab yazdım:
Başla yazılmayıb, ürəklə yazılıb. Ona görə, əsl şeir də ürəklə yazılır, başla yox. Elvin oturub saatlarla söz axtarmayıb, söz özü Elvini tapıb. Nə natamamdır, nə də zəif.
Əsl şeirdi. Şeir, ümumiyyətlə, belə olur. Beş dəqiqəyə yazırsan, nədi odur. Bundan uğurlu ola bilməz.
Gələk əsas məsələyə. Əgər kimsə deyirsə, ən yaxşı şeirimi yazmışam, deməli, gələcəkdə yaxşı şeir yaza bilməməkdən qorxur, özünü də sığorta edir.
- "Şeir ciddiyətini itirib" deməyə ixtiyarı olan, şeirdən danışmağa haqqı olan barmaq sayı şair var deyirsən. Məsələn, kimlərdir onlar?
- Bu sualın cavabın Elvin Paşadan soruşarsan...
- Deyirsən, o, sənin adını çəkəcək? Rəşad, sənin də, dostlarının da haqqında tez-tez deyilən belə bir ifadə var; "Onlar ancaq öz "kruq"larının adını çəkir, bir-birilərinin şeirini paylaşır, bir-birilərini tərifləyir. Düz deyirlərsə, niyə belə edirsiz ki?
- Mənim adımı şeirdən söhbət düşəndə "yaxşı şeirləri var" deyib çəkə bilərlər. Mən kiminsə şeirinə nə şair kimi, nə də ədəbiyyatçı kimi fikir bildirmirəm. Çünki şair olmaq kimi iddiam olmayıb. Və yaxud, şair olmaq üçün nələrsə etmirlər. Mən şairəm, şeir yazıram, ədəbiyyat adamıyam deyib, cibiboş gəzənləri görmüşəm. Şairlərin, yazıçıların çoxu elə bilir, onlar ancaq bu sahədən pul qazanmalıdılar. Ona görə də bu sahələrlə bağlı yerlərdə 500-600 manata işləyirlər. Sonra da yazırlar ki, dolana bilmirik. Dolana bilməzsən də, bəlkə sən hansısa şirkətdə yaxşı satış meneceri olacaqdın, bəlkə Sədərəkdə yer götürüb işlətsəydin, indi normal yaşayırdın? Mən, 7 il dərman şirkətində işləmişəm, bir ara taksi sürürdüm, indi sseanri yazıram. Elə sən özün də ofisant, qarovulçu, fəhlə işləmisən. "Onlar ancaq öz "kruq”larının adını çəkir, şeirini paylaşır" deyənlərsə, başından böyük qələt edir. Girin, profilimə baxın. Özünü bəyənmədiyim Aqşin Yeniseydən, mənim "kruqum" olmayan Kazım Kazımoviçdən, üç adlılar istedadsız olur deyən Qulu Ağsəsdən və. s o qədər şeirlər paylaşmışam ki.
- Amma yaradıcı adam öz işindən pul qazanmalıdır axı. Həm də yaxşı pul. Məsələn, Avropa ölkələrində yazıçı kitabını yazır, qonorarı ilə də dolanır. Bəlkə, belə olmağının səbəbi ədəbi qurumların düzgün fəalliyyət göstərməməsidir? Yaxud da, kitab sənayesinin olmamağı? Sənin dediyindən belə çıxır ki, konkret olaraq yaradıcılığa hobbi kimi baxmalısan, hə?
- Kim deyir onu? Harda yazılıb? Hansı qanunda? Kim belə vəd verib? Kim deyib ki, yaradıcı adam öz işindən pul qazanmalıdır? Avropda yazdığı kitabın qonorarıyla dolanmayan minlərlə adam da var. Ədəbi qurumların fəaliyyəti haqqında heç nə deyə bilmərəm. Çünki heç nə ummuram o qurumlardan. Mənim kitabım az satılırsa, buna ədəbi qurumlar neyləsin? Heç kütlə də günahkar deyil. Günahkar bilirsən kimdi? Pul qazanmaq üçün kitab yazan adam. Dolanmaq üçün, yaxşı yaşamaq üçün kitab yazarlar?
- Rəşad, sən gənc nəsil şeir yazanların içində xüsusi seçilənlərdənsən. Şeirlərin haqqında kifayət qədər ciddi adamlar müsbət fikirlər səsləndirib. Bir dəfə yazmışdılar ki, Rəşad Nağı Mustafa çərçivə içindədir. Yəni, dindar olduğuna eyham olunmuşdu. Çərçivə içində olan insan isə nə qədər yaxşı yazsa da, mütləq hansısa mövzuda daxili senzura onu üstələyəcək. Ədəbiyyatın azadlıq olduğunu nəzərə alsaq, bu fikiri düz hesab edə bilərik?
- Əvvəla deyim ki, özumə dindar desəm, dindarlara haqsızlıq etmiş olaram. Sədəcə, şeirlərimin çoxunda Allahı, Allahdan olanları, Allahın sevdiklərini və Allahı sevənləri yad etmişəm. Bu da biixtiyar olur. Mənim şüuraltımda da, könlümdə də, xislətimdə də Allah var. Bu gün mənim seksdən, sevişməkdən, içkidən, qadının körpücük sümüyündən yazmamğım çərçivələnmək sayılırsa, onda içkidən, seksdən yazıb, Allahdan yazmayanlar da çərçivələnmiş sayılır. Mən özümə qırmızı xətt qoymamışam. Bu mənim daxilimdən gələn şeydir, yaradılışım belədir. Hamı azad olmaq istədiyi qədər azaddır. Ədəbiyyat azadlıqdır, amma əxlaqsızlıq, ədəbsizlik, tərbiyəsizlik deyil...
- Din ədəbiyyata, ümumilikdə yaradıcılığa mane olmursa, niyə bir çox dindar şairlər məsələn, şeirdə Allaha şirk qoşmağa, onu tənqid etməyə, üsyan etməyə yaxşı baxmır, qəbul etmir? Şeir gözəl olsa da, məhz bu cür ifadələrə görə bəyənilmir...
- Ümumiyyətlə, mənə bir şey maraqlıdır, bu şairlər, xüsusi ilə də gənclər Allahdan nə istəyir? Baxırsan yazır ki, Allah düş aşağı, ay nə bilim, mən Allah olsaydım, filan şey edərdim, ay nə bilim Allah kişini düz yaratmayıb. Sən kimsən axı?! Kimsən?! Nə istəyirsiz Allahdan? Əşşi, ev istəyin, maşın istəyin, xoşbəxtlik istəyin...
Şeirdə Allahı tənqid edən, şirk qoşan adamlara dindarların reaksiyasi normaldır. Dindarlar öz doğmasını müdafiə edir sadəcə.
- Məsələn, Ramiz Rövşən də Allaha çox söz deyib, ona da aiddir bu sözlərin?
- Aiddir. Amma Ramiz Rövşəni bağışlamaq olar, bəlkə Allah da bağışlayıb. Ramiz Rövşənin 70 yaşı var, səhv də olsa, hərdən üsyan edə bilər. Amma 19-20 yaşlı adam nəyin üsyanın edir? Dədən sağ, anan sağ. Kişi qazanır, xərcləyirsən. Nə istəyirsən Allahdan? Qızı öpmək istəyəndə qız qoymayıb, gedib axşam şeir yazıb ki, Allah göydəsən, düş aşagı üzbəüz danışaq. Heç iki oğlunu şəhid verən ata, ana belə eləmir e...
- Gənc şair Rəvan Cavidin şeirində belə misra var idi: "Mən qadın olsaydım, Allah doğardım". Şair kimi qəbul edirsən bu misranı? Yəni, ədəbi baxımdan. Günah deyil ki?
- Bu tip misralar publikaya hesablanmış misralardır. Məsələ tanınmaqdır, məşhurlaşmaqdı, məşhur olmaq da, ətrafındakı qızların sayının artmağı deməkdi. Mən şəxsən bu misradan sonra tanıdım o şairi. Girdim profilinə, baxdım gördüm yaraşıqlı oğlandı, yəni, belə şeirlər yazmasa da "qız tuta" bilər. Nəyin günah olub-olmadığını demək üçünsə, mən balacayam. Amma sırf bu misra çərənnəmədir, şeir deyil.
- Ədəbi mühitdə də bir qədər susqun görsənirsən. Heç bir ədəbi prosesə fikir bildirmirsən. Bu, insan itirməmək üçün belədir, düşmən qazanmaq istəməmək üçündür, yoxsa başını aşağı salıb şeirini yazmaq, işini görməkdir?
- Yox, sadəcə, ədəbiyyatdan daha ciddi işlə məşğulam. Pul qazanıram, ailəmə, dostlarıma vaxt ayırıram. Sseanari yazıram, yazırıq, yəni, komanda olaraq. Elvin, Pərviz, Rauf, Elşən, mən.
Düşünürəm, ədəbi proseslərin mənim fikrimə ehtiyacı yoxdur. 2-3 nəfər hamımızın adından danışır onsuz da.
- Ssenari yazıram, dedin. Buna sənin təbirincə ehtiyac, dolanışıq deyək, yoxsa, yaradıcılığın sərhədini genişləndirib, sevdiyi işlə məşğul olmaq?
- Hazırda Kriştiano Ronaldo kimi mən də sevdiyim işdən pul qazanıram. O futbol oynayır, mən sseanri yazıram. Fərqimiz - o məndən çox qazanır. Amma qazancımız hər ikimizi də qane edir. Həmişə futbolçulara həsəd aparmışam ki, həm sevdiyi işi görüb pul qazanırlar, həm də yaxşı pul qazanırlar. Bir adam niyə məcburiyyətdən futbol oynasın axı? Hələ ki, sevdiyim işi görürəm, amma iş çoxalır, çoxaldıqca sevəcəmmi? Bax, onu bilmirəm...
- Azərbaycan filmlərinin bayağı olduğunu əksəriyyət deyir, görürük də. Siz yazdığınız filmin, ssenarinin bayağı olmadığından əminsiniz? Yoxsa elə bayağıdır, sadəcə, kommersiya məqsədlidir, dolanışıq üçün?
- Əvvəla, onu deyim ki, komanda olaraq iş görürük. Elvin Paşanın rəhbərliyi altında işləyirik. Pərviz Arif, mən, Elşən Mehdi, Rauf Məmmədzadə. Raufu çıxmaq şərti ilə, yerdə qalan adamlar qısa müddət ərzində şeirləri ilə ədəbi mühitdə tanınmış adamlardır. İndi həmin adamlar bu sahəyə yönəlib. Düşüncə eynidir, hədəf eynidir, qırmızı xətlər eynidir. Biz daha çox yumor yazırıq. Yazdıqlarımızın bayağı olmadığına əminik. Nə bayağıdır, nə də beldən aşağı. Hazırda xalqın istədiyini veririk. Sübut olaraq yazdığımız serialların reytinqinə baxa bilərsiniz.
- Müsahibə üçün təşəkkür edirik, Rəşad.
- Mən də suallar üçün təşəkkür edirəm, Orxan. Çox sağ olun.
Orxan Saffari