Xəbər lenti

Rəsmi qurumlar Suriyaya gedənlərlə bağlı nə düşünür? - AÇIQLAMA
Ölkə12:15 16.01.2014

Rəsmi qurumlar Suriyaya gedənlərlə bağlı nə düşünür? - AÇIQLAMA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Suriyada döyüşən Azərbaycanlılarla bağlı gələn xəbərlər artmaqda davam edir. Demək olar ki, bununla bağlı hər gün mediada yeni xəbərlər yazılır.

Qaynar.info
xəbər verir ki, Bəşər Əsədə qarşı döyüşən azərbaycanların əsasən Quba, Qusar, Xaçmaz, Şəki, Zaqatala bölgəsindən getdiyi bildirilir. Qeyri-rəsmi məlumatlara görə təkcə Şəki, Zaqatala bölgəsindən Suriyaya gedənlərin sayı 250 nəfəri ötüb.

Suriyaya aparılan azərbaycanlıların "vahabi" və digər dini qruplaşmalara aid olduğu istisna edilmir. Aparılan azərbaycanlılar arasında gənclər xüsusi üstünlük təşkil edir. Yayılmış məlumatlara görə, bunların içində tələbələr və hətta azyaşlılar da var.

Bu gün yayılan məlumatda isə Bakı Slavyan Universitetinin (BSU) 4-cü kurs tələbəsi Əhmədov Tural İsmayıl oğlunun universitetdə təhsilini yarımçıq qoyaraq Suriyaya - döyüşə gedib. Bu barədə məlumatı tələbənin anası Şəlalə xanım və BSU-da təsdiq edib. 

Maraqlıdır, azərbaycanlı gənclər bu işlərə necə cəlb olunur, rəsmi qürumlar bununla bağlı hansısa araşdırmalar aparmağı planlaşdırırmı, azərbaycan vətəndaşlarını ölümə aparanlar kimlərdir? 

Bütün bu və digər suallarla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müraciət etdik. Nazirliyin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov Qaynar.info-ya açıqlamasında bildirdi ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətində azərbaycanlı gənclərin Suriyaya kimlər tərəfindən aparılması haqda heç bir məlumat yoxdur.

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin ictimai əlaqələr şöbəsinin müdiri Arif Babayev isə bildirdi ki, bununla bağlı müvafiq tədbirlər görülür və bu kimi hallar diqqətdə saxlanılır: "Milli Təhlükəsizlik Nazirliyinin mövqeyi belədir: Azərbaycan Respublikasının milli maraqlarına və təhlükəsizliyinə mümkün təhlükələrin qarşısının alınması üçün bütün zəruri və qabaqlayıcı tədbirlər həyata keçirilir".

Təhsil Nazirliyinin mətbuat xidmətindən isə Qaynar.info-ya bildirdilər ki, nazirlik şagirdlərin və tələbələrin Suriyaya gedib-getməməsi ilə bağlı araşdırmalar aparacaq: "Bəlkə, heç kəs getməyib, bunlar hansısa şəxslərin yalandan yaydığı məlumatlardır. Təbii ki, araşdırmalar aparılacaq və bununla bağlı təhsil müəssisələrinə müvafiq göstərişlər və tapşırıqlar veriləcək. Həmçinin şagirdlər və tələbələrlə ciddi maariflənmə işi aparılacaq".  

Pərviz
Qaynar.info