
Bakı Apellyasiya Məhkəməsində hüquq müdafiəçisi Rəsul Cəfərovun barəsindəki hökmdən verilmiş apellyasiya şikayəti üzrə 12 iyun saat 10.30-a təyin edilmiş iclas təxirə salınıb.
Bu barədə vəkil Fariz Namazlı Bizimyol.info saytına məlumat verib. O, bildirib ki, iclasın təxirə salınmasına səbəb iş materilaarındakı məhkəmə protokolollarında Rəsul Cəfərovun qeydlərinin olmamasıdır. “Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işinə baxılması sona çatdıqdan sonra Rəsul Cəfərov protkollarla tanış olub qeydlər etmək istəməsi barədə ərizə vermişdi. Protokollarla tanışlıqda hər şeyin qaydasında olduğunu görərək, qeydlər verilmədi. Bakı Apellyasiya məhkəməsi də ərizə olduğu halda qeydlərin olmadığını görərək, dəqiqləşdirlməsi üçün işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərib” – deyə vəkil bildirdi.
Qeyd edək ki, apellyasiya şikayəti hakim Həsən Əhmədovun sədrlik etdiyi cinayət kollegiyasının icraatındadır.
Rəsul Cəfərov 2014-cü il avqustun 2-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 192 (qanunsuz sahibkarlıq), 213 (vergidən yayınma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə ittiham irəli sürülüb. Dekabrın 12-də Rəsul Cəfərova qarşı CM-nin 179.3.2 (mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri üzrə əlavə ittihamlar irəli sürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R. Cəfərov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
"Amnesty International" təşkilatı onu "vicdan məhbusu" kimi tanıyıb.
Qaynar.info