
Portuqaliya yığmasının kapitanı Kriştianu Ronaldu jurnalistə qarşı ədəbsiz hərəkət edib.
Qaynarinfo.az xəbər verir ki, bu haqda İspaniyanın "El Mundo Deportivo" qəzeti xəbər yazıb.
İnsident dünən Portuqaliya yığması Fransadakı məşq bazasında gəzərkən baş verib. Portuqaliyanın "Korreyu da Manya" nəşrinin xüsusi əməkdaşı "Real"ın hücumçusundan Macarıstanla matça hazır olub-olmadığını soruşub. O isə bundan əsəbləşərək mikrofonu yaxınlıqdakı gölə atıb.
O da məlum olub ki, Ronaldunun bu nəşrlə münasibətləri pisdir. Çünki həmin qurum futbolçunun şəxsi həyatı haqda tez-tez materiallar dərc edir. Hələ dekabrda Ronaldunun Mərakeşdə kikboksçu Badr Hari ilə görüşündən sonra onun homoseksual olduğu iddia edilmişdi.
Qeyd edək ki, Portuqaliya bu gün Avropa çempionatında Macarıstanla görüşəcək. Oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Qaynarinfo.az