Azərbaycan Hava Yollarına məxsus təyyarənin qəzaya uğramasından iki gün sonra "Rosaviasiya"nın rəhbəri Dmitri Yadrov hadisə ilə bağlı açıqlama verib. O, həmin vaxt Ukrayna pilotsuz uçuş aparatlarının Qroznı hava limanına hücumlarını və "kovyor" rejiminin tətbiq edilməsini xatırladıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Rusiyanın "İnterfaks" agentliyi
yazıb.
"Hadisənin baş verdiyi gün və saatlarda Qroznı hava limanı ətrafında vəziyyət kifayət qədər çətin idi. Ukrayna pilotsuz uçuş aparatları bu vaxt Qroznı və Vladiqafqaz şəhərlərində mülki infrastruktur obyektlərinə terror hücumları həyata keçirirdi. Bu səbəbdən Qroznı hava limanı ərazisində təcili olaraq bütün hava gəmilərinin çıxarılmasını nəzərdə tutan "Kovyor" rejimi tətbiq olunmuşdu", deyə Yadrov bildirib.
Yadrova görə, hadisə baş verən vaxt aeroport ərazisində sıx duman olub. O bildirib ki, təyyarə kapitanı eniş etmək üçün iki uğursuz cəhd göstərib və ona alternativ hava limanları təklif olunub, lakin kapitan özü Aktauda enməyi seçib.
Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Azərbaycanın təyyarəsinin Rusiyanın vurduğu barədə Bakının bəyanatını şərh etməkdən imtina edib.
25 dekabrda, Bakıdan Qroznıya uçan Azerbaijan Airlines-a məxsus Embraer sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Azerbaijan Airlines-ın məlumatına görə, təyyarədə 67 nəfər, o cümlədən 5 ekipaj üzvü olub. Onlardan 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan və 3-ü Qırğızıstan vətəndaşıdır.
Qazaxıstanın Aktau şəhərində Azərbaycan Hava Yollarına məxsus təyyarənin qəzaya uğraması nəticəsində 38 nəfərin həyatını itirdiyi bildirilib. Bu barədə Qazaxıstanın baş nazir müavini və aviasiya qəzasının araşdırılması üzrə dövlət komissiyasının rəhbəri Kanat Bozumbaev məlumat verib.
Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi bəyan edib ki, Qazaxıstanda qəzaya uğrayan Azərbaycan Hava Yollarına məxsus təyyarə Rusiyanın zenit-raket kompleksi ilə vurulub.
"Euronews" mənbələrinin məlumatına görə, Bakıdan Qroznıya uçan təyyarənin 25 dekabrda qəzaya uğramasına səbəb, Rusiyanın "yer-hava" sinfinə aid raketi olub və raket təyyarənin yaxınlığında partlayıb. Reuters-ə görə, təyyarəni Rusiyanın "Panzir-S" zenit-raket sistemi vurub. "Təsdiqlənmiş faktlara əsaslanaraq Bakı Rusiyanın təyyarənin vurulması ilə bağlı etirafını gözləyir", - agentliyin mənbəsi bildirib.
Alpər
Şərhlər