Xəbər lenti

Ruhinin dörd titulu - KÖŞƏ
Ölkə10:53 25.10.2013

Ruhinin dörd titulu - KÖŞƏ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İntiqam Valehoğlu

Ruhi adlı bir xanım sənətçi var. Yəqin ki, çoxlarınız tanıyırsınız onu. Şəxsən mən bu xanımın cəmi bir klipini görmüşəm. Gümüşü paltar geyinmişdi deyəsən həmin klipdə. Müğənniliyin daşını atandan sonra Həcixanım oldu. İndi də həmkarlarımız onu “dəb ikonası” kimi təqdim edirlər. 

Bu xanımın müğənniliyini birtəhər qəbul etmək olar. 

Hər halda “Pişik Günelə” baxanda toya getməlidir. Onsuz da indi oxumaq üçün səs vacib deyil. 

Lap Həcixanım olduğunu da tutaq ki, qəbul etdik. Adam gedib müqəddəs yerləri ziyarət edib, bir ətək pul töküb. Bizim də borcumuzdur onun bu dini titulunu qəbul etmək. Hərçənd ki, söhbət İslam dinindən gedirsə, burda dini titul anlayışı qəbul olunmur. 

Müğənniliyini qəbul etdikmi? Etdik. Həcixanım olduğunu qəbul etdikmi? Onu da etdik. Biznes ledidir? Lap yaxşı. Sağlığına qismət. Bu da normaldır. Pulu var, biznes qurub. Kim nə deyə bilər ki? Qurduğu biznes kimin hesabınadır, hansı pullarladır, bunun da bizə dəxli yoxdur. Lap tutaq ki, kiminsə hesabınadır. İrad bildirə bilmərik. 

Amma bu “dəb ikonası” söhbəti bir az ağ oldu elə bil. Dəbdən az-çox anlayışı olanlar bilir ki, dəb ikonası dəb gündəmini müəyyənləşdirən şəxsdir. Ruhi xanım nə vaxt dəbin gündəmini müəyyənləşdirdi ki, xəbərimiz olmadı? Axı Türkiyədən hansısa modelyeri hansısa məbləğ hesabına bura gətirmək ikonalıq deyil. Əli Mirəliyev bu söhbəti eşidib adamdan soruşmaz ki, mən Mərdəkanda bağımda quş uçurduram xəbərim yoxdur. Bəs sən niyə sakit oturmusan? Niyə münasibət bildirmirsən? 

Tam səmimiyyətimlə deyirəm ki, bu xanımı nə həyatda üzbəsurət görmüşəm, nə də müsahibə almışam. Çünki müğənni kimi açıqlama almaq istəyəndə bir də xəbər tutmuşam ki, Həcixanımdır. Həcixanım kimi dinimizin incəlikləri barədə sual ünvanlamaq istəyəndə deyiblər ki, Ruhi xanım artıq bizneslə məşğuldur. İndi də “biznes ledi” kimi fikrini öyrənmək istəyirdim ki, dedilər gecikmisən. İndi də “dəb ikonası”dır. İkona haa...

P.S. Yazıyla bağlı təklif və iradlarınızı prodüserimə bildirə bilərdiniz. Hayıf ki, o da işdən çıxıb.

modern.az