Xəbər lenti

Rusiya ATƏT-in sonunu gətirə biləcəkmi? – ŞƏRH
Dünya 21:53 30.05.2023

Rusiya ATƏT-in sonunu gətirə biləcəkmi? – ŞƏRH

"Rusiya və Belarusun Estoniyanın ATƏT-ə sədrliyinə veto qoyması qurumun ləğvi məsələsini hüquqi cəhətdən rəsmiləşdirə bilər”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Qulamhüseyn Əlibəyli Finlandiyanın xarici işlər naziri Pekka Haavistonun ATƏT-in dağıla biləcəyi ilə bağlı fikirlərini şərh edərkən deyib:
 
"ATƏT-də məsələlər, qurum sədrinin seçilməsi konsensus əsasında qəbul olunur. Konsensus alınmayanda isə həqiqətən də qurumun fəaliyyətində problemlər yarana bilər. Rusiya və Belarusun Estoniyanın sədrliyinə veto qoyması ATƏT-in daxili qaydalarına uyğun deyil. Çünki qaydalara görə, vaxtaşırı olaraq, 6 aydan bir üzv dövlətlər quruma sədrlik edirlər. Təcrübədə bu məsələyə hansısa bir ölkənin indiyə kimi veto qoyması halı baş verməyib”. 

Həmsöhbətimiz bildirir ki, Moskvanın bu istiqamətdə ilk addım atması Rusiyanın artıq ATƏT-in daxili qaydaları ilə razılaşmadığına işarədir:"Əslində, faktiki olaraq Rusiya bununla ATƏT prinsiplərindən kənara çıxır. Belə olan halda müəyyən qərarların qəbul olunmasında "konsensus-1” anlayışı var. Hesab edirəm ki, mövcud vəziyyətdə ATƏT bu vasitədən istifadə etməlidir. Müəyyən qərarların qəbulu kiminsə veto qoyması səbəbindən mümkün olmursa, nəzərə cəhətdən həmin dövləti kənara qoyub, qərarlar qəbul etmək olar. Yəni ATƏT digər üzv dövlətlərin dəstəyilə nəzəri baxımdan Rusiyanın vetosunu aşmaq imkanına malikdir. Amma praktik baxımdan bunu mümkün hesab etmirəm”. 

Ekspertin fikrincə, ATƏT ləğv olsa da, onun yoxluğu dünya düzəninə o qədər də təsir göstərməyəcək:
 
"ATƏT Avropada təhlükəsizliklə bağlı məsələləri həll etmək üçün yaranıb. İndiki vəziyyətdə  qitədə təhlükəsizlik təmin olunmur. Çünki Rusiyanın Ukraynaya hücumu Avropada təhlükəsizlik sisteminin məhv olması deməkdir. Faktiki olaraq ATƏT ləğv olunmuş bir təşkilatdır. Bu baxımdan, Rusiya ilə Belarusun Estoniyanın quruma sədrliyinə veto qoyması ləğv məsələsini hüquqi cəhətdən rəsmiləşdirə bilər”. 

Qeyd edək ki, Finlandiyanın xarici işlər naziri Pekka Haavisto Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Rusiya və Belarusun Estoniyanın 2024-cü ildə sədrliyinə razılıq verməkdən imtina etməsi səbəbindən dağıla biləcəyini deyib. Haavisto bildirib ki, 2024-cü ildə  sədr problemi öz həllini tapmasa və bu məsələdə konsensus  əldə edilməsə, o zaman gələn il ATƏT-in bir təşkilat olaraq ləğv edilməsi ilə yadda qala bilər.

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->