Xəbər lenti

Ölkə 23:13 30.07.2026

"Rusiya Dəmir Yolları": Ermənistan müqaviləyə xitamı nəzərdən keçirirsə, qoyduğumuz investisiyaları geri qaytarsın

"Rusiya Dəmir Yolları" (RJD) Ermənistanın dəmir yolu konsessiyası ilə bağlı bəyanatlarına cavab verib.

"Report" xəbər verir ki, holdinqin rəhbəri Oleq Belozerov TASS-a bildirib ki, RJD Ermənistan tərəfinin ölkənin dəmir yollarının icarəsinə görə mümkün ödəniş tələbi ilə bağlı açıqlamasını mətbuatdan eşidəndə bunu təəccüb və anlaşılmazlıqla qarşılayıb.

"Qeyd etmək lazımdır ki, Rusiya tərəfi – "Cənubi Qafqaz Dəmir Yolu" QSC və onun yeganə səhmdarı olan "Rusiya Dəmir Yolları" ASC (RJD) simasında – 2008-ci il tarixli konsessiya müqaviləsi çərçivəsində üzərinə götürdüyü öhdəlikləri ardıcıl və tam həcmdə yerinə yetirir", – deyə o bildirib.

Belozerov qeyd edib ki, konsessiya sayəsində Ermənistan müasir dəmir yolu infrastrukturuna sahib olub və bununla da respublika büdcəsi dəmir yolunun bərpası və saxlanılması xərclərindən azad edilib. Bundan əlavə, əldə olunan bütün mənfəət dəmir yolunun inkişafına yönəldilib, səhmdara isə indiyədək heç vaxt dividend ödənilməyib.

"Rusiya Dəmir Yolları"nın (RJD) və "Cənubi Qafqaz Dəmir Yolu"nun (CQDY) gəlirləri hesabına 2008–2025-ci illər ərzində ümumilikdə təxminən 396,3 milyon ABŞ dolları həcmində investisiya qoyulub və bu vəsait tam şəkildə müvafiq sənədlərlə təsdiqlənib.

O bildirib ki, CQDY ölkənin ən əhəmiyyətli və iri işəgötürənlərindən biridir. "İki min beş yüz əməkdaşın əməkhaqqı mütəmadi olaraq indeksləşdirilir. Növbəti əməkhaqqı artımı isə 1 aprel 2026-cı il tarixində həyata keçirilib", – deyə o əlavə edib.

Onun sözlərinə görə, Ermənistanda Debed çayının daşması nəticəsində dəmir yollarına dəyən ziyanın aradan qaldırılması Rusiya Federasiyasının Ehtiyat Fondu hesabına maliyyələşdirilib. "Həmçinin 2021-ci ildə Ermənistana "Transmaşholdinq" ASC istehsalı olan 27 yeni vaqon təhvil verilib. Bundan başqa, bir neçə il ərzində EP2D markalı dörd yeni elektrik qatarı da satın alınıb.

RJD konsessiya müqaviləsinin şərtlərinə sadiq qalmaq niyyətindədir. Əgər Ermənistan tərəfi müqaviləyə xitam verilməsi və ya onun şərtlərinin dəyişdirilməsi imkanını nəzərdən keçirirsə, bu halda bizim qoyduğumuz investisiyaların geri qaytarılmasını gözləmək hüququmuz var".

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->