Moskva HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin ölümünü tamamilə qəbuledilməz siyasi qətl adlandırıb.
Qaynarinfo verir ki, bu barədə "RİA Novosti"yə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Boqdanov bildirib.
Onun sözlərinə görə, faciə regionda daha da eskalasiya təhlükəsi yaradır. O, hadisənin Dohadakı danışıqlara mənfi təsir edəcəyi barədə xəbərdarlıq edib.
Rusiya Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev bildirib ki, Fələstin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsi bütün dünyada anti-İsrail müqavimətinin qaçılmaz möhkəmlənməsinə gətirib çıxaracaq. Siyasətçi öz "Telegram" kanalında Yaxın Şərqdə "qarşılıqlı nifrətin kəskin şəkildə artacağını” proqnozlaşdırıb.
Parlamentari vurğulayıb ki, İsrailin zərbəsi "terror təhlükəsinin arzu olunan aradan qaldırılması” olmayacaq, əksinə, dünyada "anti-İsrail müqavimətinin” möhkəmlənməsinə gətirib çıxaracaq.
"Yaxın Şərq qarşılıqlı nifrətin kəskin artması ilə üz-üzədir. Region özünün ən çətin qarşıdurma dövrünə qədəm qoyur. Məsuliyyət İsrailin üzərinə düşəcək”, deyəKosaçev yazıb.
Haniyə iyulun 31-də səhər tezdən Tehranda İsrailin hücumu nəticəsində ölüb. İranın paytaxtında o, seçilmiş prezident Məsud Pezeşkianın andiçmə mərasimində iştirak edib. İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəyanatına görə, Haniyə və onun mühafizəçilərindən biri Tehrandakı iqamətgahına edilən hücumdan sonra ölüblər.
Haniyə 2017-ci ildən HƏMAS-ın siyasi lideri vəzifəsində çalışıb. 2024-cü ilin aprelində onun üç oğlu İsrailin Qəzza zolağına endirdiyi zərbə nəticəsində həlak olub.
Alpər
Şərhlər