Rusiya Qızıl Xaç Cəmiyyətinin (QXC) Azərbaycanın Qarabağ iqtisadi rayonundakı erməniəsilli sakinlərə göndərdiyi yardım maşını Ağdam-Xankəndi yolu ilə gedərək Xankəndiyə çatıb.
"Report”un verdiyi xəbərə görə, avtomobilin içərisində olan ərzaqlar Qarabağda yaşayan erməniəsilli sakinlərə çatdırılacaq.
Bununla da Azərbaycanın Qarabağın erməni sakinlərinin ehtiyaclarının qarşılanması üçün təklif etdiyi Ağdam-Xankəndi yolundan istifadə olunmaqla yardım göstərmək təklifi artıq reallığa çevrilib.
09.00
"Rusiya Qızıl Xaç Cəmiyyətinin (QXC) Qarabağdakı erməniəsilli sakinlərə göndərdiyi yardım maşını Xankəndi istiqamətində hərəkət edir”.
"Report”un Ağdama ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bunu Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) baş katibi Ceyhun Mirzəyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Rusiya Qızıl Xaç Cəmiyyətinin (QXC) müvafiq işçi heyəti Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının blok postunu keçib.
Baş katib jurnalistlərin "Yaxın günlərdə Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfində başqa yüklərin keçidi nəzərdə tutulurmu?” sualına isə belə cavab verib: "Belə bir məlumat yoxdur. Əgər hər hansı bir belə məlumat olarsa, media ilə bölüşüləcək”.