
Tanınmış iqtisadçı alim Qalib Toğrul son günlər Türkiyə-Rusiya yaxınlaşması fonunda gündəmə gələn qarşılıqlı hesablaşmalarda dollardan imtina edilməsi məsələsinə münasibət bildirib.
Qaynarinfo.Az xəbər verir ki, Q.Toğrul "Facebook" səhifəsində bununla bağlı geniş şərh yazıb. Şərhi təqdim edirik.
"Beynəlxalq hesablaşmalarda və milli valyutanın kursunun müəyyən edilməsində dollardan imtina Putinin və Ərdoğanın yaşından əvvəlin söhbətidir. Axtarsan, Stalin dönəminə gedib çıxarsan. O zaman Stalin rublun 1937-ci ildə dollara bağlanan kursunu 1950-ci ildə qızıl əsaslı edib (rubl= 0,222168 qram təmiz qızıl). Və hətta beynəlxalq hesablaşmalarda dollardan imtina edib rublu seçənlərin bir birliyini də yaradıb. Bu birliyə o zamankı sosialist ölkələri qoşulublar, İran, Çin, Şimali Koreya, Əfqanistan, Uruqvay, Vyetnam kimi ölkələr “dollarsız bazar” ideyasını dəstəkləyiblər. Ancaq Stalinin ölümündən sonra bu ideya əhəmiyyətini itirib və yaddan çıxıb. Zamana-zaman ərəb ölkələrinin, Çinin, Yaponiyanın, Braziliyanın, Uruqvayın və digər ölkələrinin rəhbərləri bu təşəbbüslə çıxış ediblər. Ancaq bu ideya elə təşəbbüs olaraq da qalıb. Uzaqbaşı milli valyutanın kursuna, neftin qiymətinə müvəqqəti psixoloji təsir göstərib, vəssalam".İqtisadçı alim daha sonra XXI əsrin əvvəllərindən “dollarsız dünya” məsələsi yenidən gündəmə gəlməsini xatırladıb.
"2008-ci ildə başlanan qlobal böhrandan sonra bu məsələ daha da aktullaşıb. Bu ideyanın ən alovlu davamçısı Liviya prezidenti Qəddafi olub. O, bütün Afrika ölkələrini vahid bazarda birləşdirib hesablaşmalarda qızıl dinardan istifadə etməyi təklif edirdi. O vaxt açıq şəkildə Cənubi Afrika Respublikası bu ideyanın əleyhinə olmuşdu və təbii ki, üzdə bir söz deyib, arxada başqa cür hərəkət edən ərəb ölkələri də vardı. Sonralar ayrı-ayrı vaxtlarda Rusiya Çinlə birgə bu məsələni müzakirə etsə də, vahid rəyə gələ bilməmişdilər. Putin tez-tez bu məsələni ortaya atır, müzakirələr gedir, fikirlər səsləndirilir və tez də hər şey yaddan çıxır".Üçüncüsü, mümkün olmasa belə, fərz edək ki, Rusiya ilə Türkiyə dollardan imtina edib qarşılıqlı hesablaşmalarda rubla və lirəyə keçdilər. Rusiyanın məhsulu Türkiyə rublla aldı, Türkiyənin məhsulunu Rusiya lirəylə. Hər şeydən əvvəl rublun lirəyə olan məzənnəsi dollar vasitəsilə (çarpaz kurs) müəyyən olunmalıdır. Bunu da görməzdən gələk. Türkiyə satdı, Rusiya aldı və ya əksinə. Əldə qalan artıq lirəni və ya rublu neynəyəcəklər. Rubl və ya lirə dollar deyil, dünya da bu iki ölkədən ibarət deyil, o zaman üçüncü ölkəylə ticarətdə mütləq dollar lazım olacaq. Türkiyə və Rusiya məcburdu ki, əlindəki artıq pulu dollara çevirsin. Əgər sonda yenə dollara möhtac olacaqlarsa, o zaman dollarla müqayisədə kifayət qədər dayanıqsız valyutalar olan rubl və lirə ilə ticarət aparıb, risk eləməyə dəyərmi?"
Alim deyir ki, belə bəyanatlar sadə camaata hesablanıb. "Əgər növbəti aylarda eşitsəniz ki, Rusiya və Türkiyənin dollarda olan ehtiyatları artıb, qəti təəccüblənməyin, bilin ki, Ərdoğanla Putin bir-birindən ayrılan kimi başqa valyutalarda olan dövlət ehiyatlarını dollara çevirmək haqqında göstəriş veriblər".
Qızılgül
Qaynarinfo.Az