Xəbər lenti

Rusiyada doğulan gənc Azərbaycan vətəndaşlığı ala bilmir
Ölkə20:10 29.10.2014

Rusiyada doğulan gənc Azərbaycan vətəndaşlığı ala bilmir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Quba rayonun, Alpan kəndində yaşayan Əlfiyyat Babayeva 20 yaşlı nəvəsi Yana Arifovna Babayevanın Azərbaycan vətəndaşlığına qəbul edilməməsindən şikayətçidir.

ANS TV-nin məlumatına görə, Yana iki il əvvəl vəfat edən mərhum oğlu Arifin Rusiyanın Krasnador şəhərində İrina adlı rus qızı ilə qeyri-rəsmi nikahından doğulub və rəsmi sənəd olmadığından anasının soyadı ilə sənədləşdirilib. Nənənin sözlərinə görə, bir müddətdən sonra oğlu İrinadan ayrılaraq Azərbaycana qayıdıb, qızı Yananı da özü ilə Qubaya gətirib. Şikayətçinin bildirdiyinə görə, Yana 16 yaşına çatanda Quba polis şöbəsində şəxsiyyət vəsiqəsi almasında problem yaşayıb, elə o vaxtdan yollarda qalıb. Nəvəsinin Azərbaycan vətəndaşlığını qəbul eləməsindən ötrü Dövlət Miqrasiya Xidmətinin Xaçmazdakı regional idarəsinin hesabına 110 manat dövlət rüsumunu ödədiyini də deyir, amma bu qurumda onun get-gələ salındığını iddia edir.

Əlfiyyat Babayevanın sözlərinə görə, onu bu işdə 4 ildir ki, yubadırlar: "Deyirlər get 3 aydan sonra gələrsən. Bir ildir ki, sənədləri vermişəm. Yenə də deyirlər ki, get 3 aya gələrsən”.

Quba Rayon Məhkəməsi isə 2013-cü ildə Yanaya atasının soyadı doğum haqda şəhadətnamə verilməsi üçün qərar çıxarıb. Bütün bunlardan sonra yenidən müraciət etdiyi Quba qeydiyyat və şəxsiyyət vəsiqəsi bölməsindən ona bir daha məsələnin həllini Dövlət Miqrasiya Xidmətinin səlahiyyətində olduğu bildirilib.

Yana artıq ailə qurub, iki azyaşlı uşağı da var. Amma şəxsiyyəti təsdiq edən sənədi olmadığına görə nə rəsmi nigahı, nə də uşaqlarının doğum sənədi var. Bölmə rəisi Namiq Ələkbərov da ahıl qadının onlara müraciət elədiyini deyərək problemin Dövlət Miqrasiya Xidmətinin köməyindən sonra həll edilə biləcəyini bildirdi. 

Miqrasiya Xidmətinin Xaçmazdakı regional idarəsindən bildirildi ki, Azərbaycan vətəndaşlığı məsələləri ilə bağlı mərkəzi aparata müraciət eləməyimiz gərəkdir. Dövlət Miqrasiya Xidmətinin ictimaiyyətlə əlaqələr idarəsindən isə sorğumuza əsasən məlumat verildi ki, Yana Babayevanın 1999-cu ildən ölkəmizdə yaşaması, nənəsinin Azərbaycan vətəndaşı olması nəzərə alınaraq onun vətəndaşlıqla bağlı sənədləri Azərbaycan Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasına göndərilib və həmin komissiyada bu müraciətə baxılır. 

Qaynar.info