Dünya 16:49 24.09.2022

Rusiyadakı aksiyalar nələrə səbəb olacaq? - Politoloq

Ukraynada ciddi nəticə əldə edə bilməyən Rusiya hökumətinin qismən səfərbərlik elan etməsi bu ölkədə əhalinin müəyyən hissəsinin ciddi narazılığına səbəb olub. Qismən səfərbərlik 300 minə qədər insanın ordu sıralarına çağırılmasını nəzərdə tutur ki, onlar da yəqin ki, mütləq şəkildə Ukrayna cəbhəsinə göndəriləcəklər. Bu isə mənasız müharibədə ölmək istəməyən əhalinin, xüsusən də gənclərin etirazı ilə qarşılanır. Nəticədə qərarın verilməsindən dərhal sonra Rusiyanın əksər şəhərlərini etirazlar bürüyüb. Bu etirazlar nəticəsində 1400-ə yaxın insan saxlanılıb. Qərb isə öz növbəsində Kremlin bu addımına və işğal edilən ərazilərdə referendum keçirmək niyyətinə cavab olaraq Rusiyaya yeni sanksiyalar tətbiq etməyə hazırlaşır. Hətta səfərbərlik elanından dərhal sonra Rusiya əhalisinin xaricə axını da artıb. Maraqlıdır, Rusiyada səfərbərlik əleyhinə baş qaldıran etirazlar nəyə gətirib çıxaracaq? 

Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev bildirir ki, Rusiya cəmiyyəti qismən səfərbərliyə kütləvi şəkildə "yox” desə, Kreml bu avantürasından geri çəkilə bilər:"Qismən səfərbərliyə qarşı baş qaldıran və ölkənin bir sıra şəhərlərini bürüyən aksiyalar əhalinin müharibə əleyhinə olduğunu, xüsusən də Ukraynada mənasız döyüşlərdə ölmək istəmədiklərini göstərir. Onlar aksiya təşkil etməklə həm də Kremlin neoimperalist siyasətinə etirazlarını bildirirlər. İnsanlar heç nədən qırğına getmək istəmir. Yaranmış vəziyyət onu göstərir ki, Kreml üçün səfərbərliyi həyata keçirmək elə də asan olmayacaq. İnsanları zorən müharibəyə aparmaq olmaz. Hadisələrin hansı müstəvidə inkişaf edəcəyinə gəldikdə, hər şey prosesin dərinləşib-dərinləşməyəcəyindən asılıdır. Başlanan aksiya dərinləşsə, böyük sosial kataklizmlərə, vətəndaş itaətsizliyinə gətirib çıxara bilər. Rusiya camiyyəsi səfərbərliyə kütləvi şəkildə "yox” deyə bilsə, Kreml rəhbərliyi müəyyən qədər geri çəkilə bilər. Rusiya rəhbərliyi bunun fərqində olmalıdır. Bilməlidirlər kİ, atılan bu addım Rusiyaya növbəti bir baş ağrısı gətirəcək”. 

Rüfət Sultan