
Sergey Lavrovun açıqlamalarına sərt reaksiyalar var;
Sahib Kərimli: “Qarabağ münaqişəsi Rusiyaya lazımdır”
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı açıqlamalarına Azərbaycandan sərt reaksiyalar getməkdə davam edir. Kremlin XİN rəhbəri yanvarın 17-də 2016-cı ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın daxili işi olmadığını söyləyib.
Bununla da Rusiya bir daha bu münaqişənin həlli istiqamətində Ermənistanın yanında olacağını dolayısı ilə bəyan edib. Lavrovun dediklərinə təkcə Azərbaycan hökumətinin rəsmiləri səviyyəsində deyil, müxalifət düşərgəsi və müstəqil ekspertlər tərəfindən də sərt təpkilər var.
AXCP sədrliyinə sabiq namizəd, keçmiş vicdan məhbusu, siyasi ekspert Sahib Kərimli “Yeni Müsavat”a açıqlamasında Dağlıq Qarabağ münaqişəsinin Rusiyaya lazım olduğunu söyləyib: “Lavrovun son açıqlaması bir daha göstərdi ki, Qarabağ münaqişəsi Rusiyaya lazımdır. Rusiya bütün sərhədləri boyu, Finlandiyadan, Yaponiyaya qədər çıxardığı və ya onun üçün çıxarılan sərhəd münaqişələrinə özünün təhlükəsizlik məsələsi kimi baxır. Problemlər Rusiyaya ucuz başa gəlmir, ciddi vəsaitlər xərcləyirlər. Rusiya qonşularına faydalı dəyərlər, ideologiya və ya texnologiya ixrac etmir, xof yaratmaqla prosesləri nəzarətdə saxlayır. Bir yerə qədər mümkün olacaq...Qarabağın azadlıq düsturu isə dəyişməz olaraq qalır, ədalətli və inkişaf etmiş Azərbaycan. Təkcə Qarabağa yox, Cənubi Qafqaza da nəzarət etməyimiz mümkündür. Ölkəmizin belə bir potensialı var. Azərbaycanı dəyişməliyik. Azərbaycan yaşanmalı və cazibədar ölkə olsa, "Xalq diplomatiyası" işləyəcək, ermənilərin, gürcülərin, digər Qafqaz xalqlarının cazibə mərkəzi olacaq”.
S.Kərimli onu da qeyd etdi ki, Lavrov bu açıqlaması ilə Azərbaycan prezidentini çətin vəziyyətə salmaq istəyir: “Lavrovun açıqlamasında yeni bir şey yoxdur. Yenilik odur ki, Rusiyanın xarici işlər naziri şəxsən İlham Əliyevi çətin vəziyyətə salmaq istəyir. Münaqişənin həlli ilə bağlı prezidentin açıqlamaları və Rusiyanın yaratdığı hərbi-siyasi bloklara qoşulmaqla bağlı mövqeyi məlumdur. Azərbaycanın strateji seçim etməsiylə bağlı zərurətləri, yeni dünya reallıqlarını nəzərə alsaq, açıqlamadan anlaşılır ki, Rusiya nə özü, nə də qonşuları ilə əməkdaşlığa yeni modellər axtarmır. Rusiya, Rusiya olaraq qalır”.
Siyasi ekspert onu da bildirdi ki, Türkiyə problemlərini həll etdikdən sonra, həm Rusiyaya, həm də Ermənistana daha effektiv təsir imkanlarımız yaranacaq: “Rusiya daxilində sistem yenilənmələri zərurətini dərk edənlərin sayı artdıqca, münaqişənin həllinə yaxınlaşacağıq. Amma bütün bunlar Azərbaycanı güclü ordu quruculuğu işindən soyutmamalıdır. Güclü və təcrübəli ordu diplomatiyada müstəsna əhəmiyyətlidir”.
Qaynarinfo.Az