Dünya 19:49 09.06.2023

Ruslar Ukrayna, ABŞ və Aİ-yə bərabər ölçüdə nifrət edir, Çin və İranla isə…

ABŞ, Avropa İttifaqı və Ukrayna ilə bağlı Rusiya sakinləri arasında mənfi qiymətləndirmələr üstünlük təşkil edir, onların payı son aylarda bir qədər artıb. Çin və İranla bağlı müsbət qiymətləndirmələr üstünlük təşkil edir.

Bu barədə Qaynarinfo müstəqil "Levada mərkəzi”nin sorğusunun məlumatlarına istinadən xəbər verir.

Respondentlərdən ölkələrə münasibətini aşağıdakı siyahıdan qiymətləndirmələri istənilib: ABŞ, Aİ, Ukrayna, Çin, İran.

Rusiyalıların 77%-i ABŞ-a, 74%-i Ukraynaya, 72%-i isə Avropa İttifaqına mənfi münasibət bəsləyir. Rusiya əhalisi ən yaxşı münasibəti Çinə (87%) və İrana (69%) göstərir.
 
Rusiya sakinləri Belarusu ən yaxın ölkə hesab etməkdə davam edirlər: bu rəyi 77% (2022-ci ildə - 72%) bölüşür. İkinci yeri davamlı olaraq Çin tutur: 58% (2022-ci ildə - 50%) dost hesab edir. Hindistan əhəmiyyətli artım göstərərək üçüncü yerdə qərarlaşıb - 21%-dən 31%-ə qədər artıb və Qazaxıstanı ötüb: Respondentlərin 26%-i (2022-ci ildə - 28%) Qazaxstanı dost  hesab edir. Azərbaycan 7-ci yerdədir, Rusiya əhalisinin 12% (2022-ci ildə  -10%) bizim ölkəni dost hesab edir.

"Levada mərkəzi”nin sorğusu 25-31 may 2023-cü il tarixlərində 1603 nəfər arasında keçirilib. Tədqiqat respondentin evində şəxsi müsahibə yolu ilə aparılır. Statistik xəta (0,95 ehtimalı ilə) 3,4%-dən çox deyil.

Xatırladaq ki, Levada Mərkəzin sorğusuna əsasən, rusların təxminən 30%-i Putinin Ukraynaya nüvə zərbəsi endirəcəyini gözləyir.

Nizami Bağırov