Xəbər lenti

Rusların tarix davası
Ölkə12:17 03.03.2014

Rusların tarix davası

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rüfət Əhmədzadə

Rusiya Ukraynadan çıxsa (hansı ki, başqa yolu yoxdur), Belarus da demokratikləşmə ilə üz-üzə qalacaq. Və Qərb institutları Rusiyanı Şərqi Avropada darmadağın etmək üçün son zərbəsinə hazırlaşacaq. 

Bu proseslər Qafqaza da təsir etməmiş olmaz.  Rusiyadan tamamilə asılı Ermənistan, Kreml ilə qismən hesablaşan və məcburən yumşaq siyasət yeridən Azərbaycan da yeni mərhələyə qədəm qoyacaq. 

Bu ölkələr ya demokratikləşməni sürətləndirərək öz aralarında razılığa gəlməli, ya da... Rusiya Cənubi Qafqazı da nəzarətdə saxlamaq üçün Qarabağda müharibə səhnələri oynatmalıdır. Amma itkilər və qurbanlar “oyun” olmayacaq. Çox uzatmayaq, bu məsələ çoxuna məlumdur.

Yazımı yazmağa başlarkən, Ukrayna saytlarındakı xəbərləri izləyirəm. Rusiyanın Krıma qoşun yeritdiyi və Ukraynada səfərbərliyin başlandığı məlumdur. Başqa elə bir ciddi yenilik yoxdur – kiçik ölçülərdə əzələ nümayişi olmaqla.  Amma hər an gözlənilir. Ona görə də, gecikəcək proqnozlar verməyəcəm. Lakin Ukrayna və Rusiya xalqlarının məsələyə münasibəti çox önəmlidir.

Rusiya xalqı ukraynalılara əyalət adamları kimi baxır.  Və rusçular deyir ki, Ukrayna deyilən bir şey olmayıb, bu və digər “milliyyətçilik” cəhdlərinin hamısı “jid”lərin (yəhudilərin) uydurmasıdır. Amma Ukrayna vətənpərvərləri bu arqumentə cavabı faktlarla verir: “1200 illik Ukrayna tarixində ölkəmiz cəmi 300 il Rusiyanın tərkibində olub”. Cəmi 300 il! Şimali Azərbaycanın 200 il Rusiya əyaləti olduğu kimi! İndi özünüz düşünün... Bəs mübahisələr əsas nəyə görə yaranır? SSRİ vaxtındakı bölgüyə görə.  

Əslində, Ukrayna haqqında yalnız bir neçə ay orda yaşadığıma görə yazmıram, ixtisasım slavistika ilə əlaqəlidir. Slavyan xalqlarının, xüsusilə də, Polşa və Ukrayna xalqlarının tarixini, dilini və ədəbiyyatını yaxşı öyrənmişəm. Və düşünürəm ki, bir xoxolun rusa çevrilməsi üçün təbii-tarixi prosesə ehtiyac yoxdur, bir-iki nəsil boyunca ruslaşdırma siyasəti aparsan yetərlidir. Krımda özünü rus sayanların çoxu heç də rus deyil. Sadəcə, karpatlıları və benderləri bəyənməyən, bizim “ruskoyazıçnı” bakılılar kimi, Rusiya tərəfdarlarıdır. Onların yaşlıları Sovet nostalgiyası ilə yaşayır, cavanları isə  qeyri-rus toplumlara nifrət ilə. Tam əminkliklə deyirəm, Rusiyanın bu gənclərə verəcəyi şeylər Avropa İttifaqının perspektivləri ilə müqayisə olunmaz. Sadəcə, onları “xoxollaşdırma” xofu narahat edir.

“Yevromaydan” hərəkatının ziyalıları isə Rusiyaya və ruslara müraciət edir, deyirlər: “Qardaşlar, biz qəti düşünmürük ki, bizə ruslar müharibə elan edib. Biz belə deyirik: Kreml Ukrayna ilə müharibə edir. Bunu yaxşı bilin və etiraz edin!”.

İstənilən halda, ukraynalı və rusiyalı slavyanların bir-birinə qarşı savaşmayacaq. Tək-tük istisnalar ola bilər. Qafqazda olduğu kimi, Ukraynada da rusların osetin-ləzgi mafiyalarından istifadə edəcəyi şübhə doğurmur. Yanukoviçin ətrafında  elə bu millətlərə aid olan insanlar var idi. Gördüklərimə və eşitdiklərimə görə, bu mafiyalar vasitəsilə, digər  etnik və siyasi çevrələrə qarşı yetərincə addımlar atılıb. 2009-cu ildə Odessada böyük biznesi olan azərbaycanlı iş adamlarını da, Kiyevdəki retsoranlardan birində məhz Regionlar Partiyasından olan osetinlər güllələmişdi.

Və indi, olacaqlar tatarlar, türklər və müsəlman ukraynalılar üçün təhlükəlidir. Onlar üçün məqam gözləmək, mümkün qədər yararlanmaq yaxşı olardı. Amma qurddan tülkülük gözləmək də absurddur. 

Gəlin izləyək, maraqlı “müharibə səhnələri” yaşanacaq.