Ölkə 16:23 15.08.2022

Rüstəm Usubovun ölkədən çıxmaq istəyi baş tutmadı: Səbəb nədir? (İDDİA)

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin keçmiş rəisi, general-mayor Mövlam Şıxəliyev və digərlərinin cinayət işi Baş prokurorun keçmiş birinci müavini Rüstəm Usubovu çətin vəziyyətə salıb. 

Qaynarinfo xəbər verir ki, Mövlam Şıxəliyev və digərlərinin cinayət işi üzrə Bakı Hərbi Məhkəməsində hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə keçirilən məhkəmə proseslərində istər zərərçəkənlər, istərsə də, təqsirləndirilən şəxslər vaxtaşırı Rüstəm Usubovun adını çəkirlər. Məhkəmə sona yaxınlaşdıqca isə Rüstəm Usubovun ünvanına daha ciddi ittihamlar səsləndirilir. 

İddialara görə, "MTN işi”ndə Rüstəm Usubovun adının tez-tez çəkilməsi artıq onun da prosesə cəlb olunmasını zərurətə çevirilib. Baş prokurorun keçmiş birinci müavini də bunun fərqində olduğundan narahatdır. 

İddia olunur ki, Rüstəm Usubov bu yaxınlarda ölkəni tərk etmək istəyib. Lakin məqsədinə çata bilməyib. 

Gununsesi.info-nun yaydığı bir məlumat da bu iddianın əsassız olmadığını ortaya qoyur. Sayt yazır ki, Rüstəm Usubov Avropaya getmək istəyib. Lakin bu niyyəti baş tutmayıb. Rüstəm Usubovun viza üçün müraciət etdiyi Avropa İttifaqı ölkələrindən birinin Bakıdakı səfirliyi ona imtina cavabı verib.

Vizaya dair imtinanın səbəbi açıqlanmasa da, ehtimal olunur ki, bu, Rüstəm Usubovun adının son zamanlar "MTN işi” çərçivəsində keçirilən məhkəmə prosesində hallanması ilə bağlıdır.

Baş Prokurorun sabiq birinci müavini qanunsuz həbslərə təqdimatda və saxta ittiham aktlarını təsdiqləməkdə günahlandırılır.

Seyid