
Kriminal aləm Ukraynadan qoparılaraq, Rusiyaya birləşdirilən Krım uğrunda mübarizəyə başlayıb.
İnterpress.az Rusiya mətbuatına istinadən xəbər verir ki, slavyan “qanuni oğru”lar bu mübarizədə aralarında azərbaycanlı “qanuni oğru” Rövşən Lənkəranski də olmaqla digər qruplaşmaya uduzmamaqda israrlıdır. Belə ki, bu günlərdə Yaltada keçirilməsi planlaşdırılan “sxodka”da da məhz gürcü və azərbaycanlı “qanuni oğru”ların klanına qarşı mübarizədə birgə hərəkət etmək müzakirə ediləcəkmiş. Məlumata görə, Krımdakı “sxodka”da slavyan “oğru”ların mənafeyini Yuri Pişuqin və Oleq Pirovov təmsil etməli olub.
Ancaq iyulun 26-da keçirilməsi planlaşdırılan görüş polis basqını nəticəsində baş tutmayıb. “Sxodka”ya toplaşan 40-a yaxın şəxs saxlanılıb ki, onların da içində tanınmış “qanuni oğru”lar Yuri Piçuqin, Oleq Piroqov, Nodar Asoyan, Kaxabera Oraqveladze, Kamo Səfəryan da olub. Onlarla profilaktik söhbət aparıldıqdan sonra azad ediliblər. Çünki həbs qəti imkan tədbirinin seçilməsi üçün heç bir əsas olmayıb. Məlumata görə, Ded Xasanın klanına daxil olan və Krımda uzun müddət “nəzarətçi” kimi tanınan Kamo Səfəryanın ciddi rəqiblərindən biri hesab edilən Sergey Asatryanın bu günlərdə Moskvada ölümcül döyülməsi də məhz Krım məsələsinə görə xəbərdarlıqdır.
Qeyd edək ki, K.Səfəryan öz “kriminal karyerasına” SSRİ-də cibgir kimi başlayıb. Elə o zaman ilk məhkumluq həyatını yaşayan K.Səfəryan 1998-ci ildə sui—qəsdə məruz qalıb. Amma killer səhvən onu yox, qardaşı Xəzəri öldürüb. Bundan sonra Səfəryan Krıma köçüb və ərazi üzrə “nəzarətçi” olub. 2008-ci ildə Ukraynadan deportasiya edilən Səfəryan Aslan Usoyanın klanına qoşulub.
Lakin 2012-ci ildə onun təşəbbüsü ilə “taclandırılan” Koba Dzidzişvili ilə bağlı problem yaranıb. Bundan sonra onunla qarşı tərəf – R.Lənkəranskinin də daxil olduğu klan arasında qarşıdurma daha da şiddətlənib. R.Lənkəranskinin Krım ətrafında baş verən hadisələrlə bağlı münasibəti tam aydın olmasa da onun da slavyan “qanuni oğru”lara qarşı mübarizəyə dəstək verdiyi bildirilir.
Qaynar.info