
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yasamal rayonu, Şərifzadə küçəsi, 12 ünvanda yerləşən “Aspirantlar yataqxanası”nda yaşayan 118 ailənin üzvləri sabah - sentyabrın 13-də sosial durumlarının ağırlığına, mənzil şəraitlərinin pis olmasına etiraz olaraq aksiya keçirəcəklər.
Virtualaz.org saytına müraciət edən elmi işçilər deyiblər ki, yataqxanada yaşayanların mənzillə təmin olunmasına dair AMEA rəhbərliyinin iştirakı ilə iclas keçirilib və prezident İlham Əliyevə müraciət ünvanlanıb. Müraciətə müsbət cavab gəldikdən sonra isə tikinti şirkəti ilə razılıq əldə edilib. Şirkət bu ilin may ayında tikinti işlərinə başlayıb. Lakin sakinlərlə müqavilə bağlanılmayıb, üstəlik müəyyən şərtlər də irəli sürülüb. Buna görə də narazı alimlər etiraz aksiyası keçirməklə problemin həllinə nail olmağa çalışacaqlar. Sakinlər deyirlər ki, artıq tikinti şirkətinə xəbərdarlıq da edilib.
Redaksiyamıza daxil olan bu məlumata aydınlıq gətirmək, vəziyyətlə yerindəcə tanış olmaq üçün “Aspirantlar yataqxanası”na üz tutduq. Qeyd edək ki, yataqxanada gördüklərimizdən sonra söhbət etdiyimiz alimlərin adlarını açıqlamamaq qərarına gəldik. Bunun səbəblərini isə yazıda qeyd edəcəyik.
Elm adamlarına layiq görülən yaşayış...
Öncə onu deyək ki, Azərbaycan ziyalılarının yaşadığı bina uçmaq üzrədir. Yataqxananın tavanı, döşəməsi dağılıb, divarlar isə çat verib. Yaxınlıqdakı binanın tikintisinə başlayandan sonra isə otaqlarda da çatlar əmələ gəlib.
Sakinlərin sözlərinə görə, bu yataqxana 1978-ci ildə istifadəyə verilib: “Sovetlər dönəmində bu yataqxana yalnız müvəqqəti yaşayış məqsədilə, yəni subaylar üçün nəzərdə tutulmuşdu. Binada bir korpusda iki otaq var, hər otaqda isə iki qız və ya iki oğlan yaşaya bilərdi. Burada müvəqqəti yaşayaraq dissertasiya müdafiə edən gənc alimlər sonradan AMEA-nın ailəvi yataqxanasına köçürülürdü. Bundan sonra isə paytaxtın o zamankı mərkəzi icra strukturu - Bakı Soveti elmi dərəcəsi olanları evlə təmin edirdi. Alimlər üçün sonuncu dəfə 1990-ci ildə bina tikildi. 1992-ci ildə o zamankı prezident Əbülfəz Elcibəyin tapşırığına əsasən, elmi dərəcəsi olan 33 alim ailəvi yataqxanada mənzillə təmin edildi. Bundan sonra isə ailəvi yataqxanaya köçürülmə prosesi dayandırıldı”.
Müsahiblərimiz deyirlər ki, 1992-ci ildən sonra ailəvi yataqxanalar özəlləşdirildi: “Bu yataqxanada yaşayanların əksəriyyəti isə artıq ailə qurmuşdular. Onlar dissertasiya müdafiə edəndən sonra evlə təmin ediləcəklərini gözləyirdilər. Lakin 1993-cü ildə elm adamlarının mənzillə təminatı dayandırıldı. Ailəli olanlar akademiyanın o vaxtki prezidenti Eldar Salayevə müraciət edəndən sonra ailələrini də yataqxanaya gətirdilər”.
Sakinlər bildirir ki, burda doğulan uşaqlar artıq 20 yaşına çatıb: “2005-2006-ci ilədək bu yataqxanada otaq almaq mümkün idi. Amma son 6-7 ildə yataqxanada boş otaq yoxdur”.
Bu arada qeyd edək ki, açıqlama verən alimlərin adlarını açıqlamadığımızın bir səbəbi təzyiqlərdən çəkinmələridirsə, digər səbəb ziyalıların yaşadıqları şəraitdən utanmalarıdır: “Bütün ailələr bir otağa sığınıb. 20 kvadratmetrlik otaqda 4-5 nəfər yaşayır. Bu bir otaq isə həm mətbəx, həm yataq, həm də iş otağıdır. Yuduğumuz paltarı içində xörək bişirdiyimiz qazanın üstündən asmaq məcburiyyətindəyik. Yataqxanada 4 ailənin 3 uşağı var. Bu uşaqlar doğulandan indiyədək çarpayıda yatmağın həsrətini çəkirlər”.
AMEA-nın tanınmış xanım alimi isə deyir ki, sonuncu müsahibəsindən sonra tələbələrindən biri işdən çıxıb: “Televiziyalardan biri yaşadığımız şəraiti göstərdi, mən də çıxış etdim. Səhər tələbələrimdən biri “Müəllimə, siz bu şəraitdə yaşayırsınız, amma mən alim olmaq, sizin kimi yaşamaq istəmirəm” dedi və elmdən getdi. Mən onu saxlamağı bacarmadım. Buna görə də bu vəziyyətdə yaşadığımı tələbələrimin görməsini istəmirəm. Axı gənclərə nimunə göstərməliyik. Onlar alim olmaqla yanaşı ailələrini dolandıracaq səviyyədə yaşamaq istəyirlər”.
AMEA-nın elmi işçisi olan digər xanım isə deyir ki, otağı pərdə ilə iki yerə bölüb. Yalnız bir masanın yerləşdiyi küncdə elmi iş yazır.
“Mənzil xəbərinə sevindik, amma...”
Sakinlər 2011-ci ilin əvvəlində AMEA-nın mərhum prezidenti Mahmud Kərimova müraciət ediblər: “Biz evlə təmin olunmağımızı, ya da yataqxananın özəlləşdirilməsini istəyirdik. Rəhmətlik Mahmud müəllim iclas çağırdı və bizim təkliflərimizi müzakirə etdi. Bundan sonra Mahmud Kərimovun imzası ilə ölkə başçısı İlham Əliyevə müraciət etdik. Lakin yataqxananın özəlləşdirilməsinin qanunla qadağan edildiyi əsas gətirilərək tələbimiz yerinə yetirilmədi. Bizə dedilər ki, otaqlar üçün verilən order qeyri-qanuni olduğundan o, hüquqi sənəd sayıla bilməz. Bundan sonra mənzillə təmin olunacağımızı vəd etdilər”.
Onu da öyrəndik ki, AMEA rəhbərliyi tərəfindən mənzilin tikintisi üçün podratçı şirkət olaraq “Evrostroy-S” MMC ilə “Aspirantlar yataqxanasının” ərazisində binanın tikilməsi üçün qarşılıqlı protokol imzalanıb, yataqxanada yaşayan sakinlər isə protokolla razılaşmaq üçün danışıqlara cəlb olunub. 2013-cü ilin may ayından etibarən isə ərazidə tikinti işlərinə başlanılıb: “AMEA ilə “Evrostroy-S” MMC arasında bağlanmış müqaviləyə əsasən, bütün hüquqi səlahiyyətlər podratçı şirkət olaraq “Evrostroy-S” MMC-yə verilib. Lakin “Evrostroy-S” MMC rəhbərliyi bizimlə hələ də müqavilə bağlamayıb”.
Sakinlərin sözlərinə görə, AMEA şirkətə 1 hektar 30 sot torpaq sahəsi ayırıb: “Razılığa əsasən, torpaq sahəsi şirkətə pulsuz verilib. Şirkət də həmin torpaq sahəsində özü üçün iki bina tikir. Həmin binalarda mənzilin 1 kvadratmetri 800 manatdan satılır. Yataqxana sakinləri üçün isə yalnız bir bina nəzərdə tutulub”.
Şikayətçilər deyirlər ki, tikintiyə başlamazdan əvvəl şirkətin Bəxtiyar Təhmazov adlı əməkdaşı sakinlərlə görüşüb: “Tikinti şirkəti bir otağın qarşılığında bizə bir otaq verir. Yəni ailə üzvlərini sayına görə nə əlavə otaq, nə də artıq yaşayış sahəsi vermirlər. Yalnız elmi dərəcəsi olanlara 10-15 kvadratmetr artıq verilməsi nəzərdə tutulmuşdu ki, bu da elm adamlarının mənzillə təminatına dair sənədlərdə əksini tapıb. Yəni alim kimi hörmət eləmirlər, əlavə iş otağı vermirlər”.
Qeyd edək ki, yataqxanada 4 elmlər doktoru, 5 şöbə müdiri yaşayır: “8 nəfərin elmi işi qəbul olunmaq ərəfədədir. 50-dən çox isə elmlər namizədi var. Bu yataqxanada kənardan heç kim gəlməyib”.
Amma sakinləri narazı salan məsələlərdən biri də 30-dan çox ailəyə mənzil verilməyəcəyi xəbərləridir: “Nə tikinti şirkəti, nə də AMEA rəhbərliyi sakinlərə rəsmi olaraq açıqlama verməyib. Amma mətbuata verilən məlumatda 30-dan çox ailəyə mənzil verilməyəcəyi bildirilib. Məsələ burasındadır ki, onlar vaxtilə AMEA-da işləsələr də hazırda digər sahələrdə çalışırlar. 20 ildən artıqdır yataqxanada yaşayan bu ailələrin sonrakı taleyi qaranlıqdır. Buna görə də biz yataqxanada yaşayan bütün ailələrin mənzillə təminatını tələb edirik”.
Sakinlərin narazılığına səbəb olan digər məsələ isə alimlər üçün nəzərdə tutulan binadakı mənzillərin də satışa çıxarılmasıdır: “Yataqxana sakinləri ilə müqavilə bağlanılmadığı halda mənzillər satışa çıxarılıb. Şirkət deyir ki, əlavə mənzilləri satışa çıxarırıq, amma mənzillərin hansı prinsiplə bölünəcəyi bəlli deyil. Buna görə də mənzillər satılmazdan əvvəl yataqxana sakinləri arasında püşkatma keçirilməsini tələb edirik”.
Şikayətçilər deyirlər ki, yataqxanada yaşayan elm adamlarının əksəriyyətinin yaşı 50-dən çoxdur: “Bizə bir otaq verirlər, 16-20 yaşına çatan övladımız ailə qurarsa, harada yaşayacaqlar? Onları da bizim aqibətimiz gözləyir”.
“AMEA prezidenti bizə “yox” deyir...”
Bunu da alimlərimiz deyirlər: “AMEA-da aparıcı elmi işçi 290 manat məvacib alır. Lakin hər institutda da aparıcı elmi işçi yoxdur. Yəni digərlərinin məvacibi bundan da azdır. İndi deyirlər ki, akademiyadakı vəzifəsindən uzaqlaşana mənzil verilməyəcək. Axı 200 manatla ailə dolandırmaq mümkün deyil. Bu gün alimin, akademikin həyat şəraiti müğənninin, şou adamının həyat səviyyəsi ilə müqayisədə gülünc vəziyyətdədir. Hazırda akademiyada ən cavan alimin yaşı 50-dən çoxdur. Cavanlar daha yaxşı yaşamaq istəyirlər. AMEA-da barmaqla sayılacaq qədər cavan əməkdaş var. Onların da ya valideynlərinin maddi imkanları yaxşıdır, ya da kimlərinsə qohumudurlar. İndi heç kimi 200 manata çalışdırmaq olmur. Buna görə də AMEA məvacibə görə işdən uzaqlaşmış ailələrə mənzil verməməkdə ədalətsizlik edəcək”.
Qeyd edək ki, bina sakinləri AMEA prezidenti Akif Əlizadə ilə görüşmək istəyirlər: “Akif Əlizadə hər kəsi qəbul edir, amma nədənsə bina sakinlərinin görüşmək istəyinə “yox” cavabı verilir”.
Sonda sakinlər “Azərbaycanda heç kimin qazanının qapağı yoxdur, bizim narazılıq etdiyimizi görüb mənzil verməzlər” dedilər...
Qaynar.info





