Bir neçə gün öncə Rusiyada yerli kafelərdən birində saxlanılan, əksəriyyəti azərbaycanlılardan ibarət olan avtoritetlərlə bağlı maraqlı fakt ortaya çıxıb.
“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, “Ded Xasan”ın tərəfdarlarından olan avtoritet Temur Mirzoyevin rəhbərlik etdiyi kriminal dəstə etiraf edib ki, onlara dəfələrlə Yekaterinburqdakı mer seçkilərində namizədliyini irəli sürən, eks-deputat Yevqeni Rozmanı dəstəkləməklə bağlı “siqnal”lar daxil olub.
Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin bölgə üzrə rəisi bildirib ki, burada hər hansı maddi dəstəkdən söhbət getməyib:
“Biz ilk növbədə etnik kriminal dəstə ilə mümkün əlaqələri araşdırdıq. Xüsusən də Rozmanın Mirzoyevlə görüşü ilə maraqlandıq. Sorğu zamanı biz anladıq ki, bu haqda birbaşa olaraq heç kim danışmayacaq. Lakin təsdiqlədilər ki, seçkilərdə Rozmana dəstəklə bağlı siqnallar alıblar”.
Bəzi faktlara görə, razılıq artıq bir neçə ay bundan əvvəl, Rozmanın Bakıya səfəri zamanı alınıb. Burada onu bir vaxtlar “ura.ru” agentliyinin rəhbəri olmuş, hazırda isə pul mənimsəmə, fırıldaqçılıqda ittiham olunaraq həbs olunan Oksana Panova müşayiət edib.
“Biz hələ deyə bilmərik, bu faktlar nə qədər həqiqətəuyğundur. Lakin saxlanılanlardan biri bildirib ki, onda olan məlumata görə, Bakıda Rozman yerli kriminal aləmin liderləri ilə görüşüb. Məqsəd isə Yekaterinburq diasporu tərəfindən dəstək almaqla bağlı razılıq əldə etmək olub”.
Qeyd edək ki, Rozmanın kriminal aləmlə, xüsusən də Temur Mirzoyevlə yaxınlığı daha əvvəl də teleproqramlardan birində açıqlanmışdı. Lakin Rozman bütün bu iddiaları rədd etmişdi.