Ölkə 14:32 29.03.2023

Sabiq icra başçısının cəzası azaldıldı

Cəlilabad rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalovun barəsindəki hökmdən verilmiş şikayətə baxılıb.

APA-nın əldə etdiyi xəbərə görə, Şirvan Apellyasiya Məhkəməsində keçirilən iclasda müdafiə tərəfinin şikayəti qismən təmin edilib.

Hakim İsmayıl Əhmədovun sədrlik etdiyi hakimlər heyətinin qərarı ilə Namiq Zeynalovun cəzası 12 ildən 11 il 9 aya endirilib.

Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılıb.

Xatırladaq ki, Namiq Zeynalov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyatla həbs olunub.

Vəzifə cinayətləri ilə bağlı ittiham olunan sabiq icra başçısı Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il azadlıqdan məhrum olunub. İş üzrə üzərinə həbs qoyulmuş əmlaklar dövlət nəfinə müsadirə edilib.