Balakən rayonunun Mahamalar kənd sakinləri aldadılaraq adlarına ümumilikdə banklardan 25 min manatdan çox pul götürüldüyünü iddia edirlər. Bu barədə sakinlər özləri anspress-ə şikayət ediblər.
Təxminən 18 nəfərdən ibarət olan qrup iddia edir ki, kəndin sabiq icra nümayəndəsi Mahmudov Sabir Mehrəli oğlu onların hər birinin adına bankdan müxtəlif məbləğdə qaytarmaq məqsədi ilə pul götürüb.
Adıçəkilən kəndin sakini İkramat Abdullayeva deyir ki, bu hadisə rayonda baş verən zəlzələdən sonra olub. Ancaq o özü bankdan 7 min manat pul götürüb. "Sabir müəllim dedi ki, narahat olmayın, evlərinizi təmir etmək üçün mənə pul lazımdır. Bankdan götürün, may ayında dövlət pul köçürəcək. O zaman pulunuzu geri qaytaracam. Mənim adıma 7 min manat bankdan pul götürdük və ona verdim. Amma üstündən artıq 3 il keçib. İndi həmin şəxs üzümə durur ki, sən mənim üçün pul götürməmisən. Mən pulun bir hissəsini güclə banka vermişəm, amma artıq imkanım yoxdur".
Şikayətçi qadının sözlərinə görə, iş hazırda məhkəmədədir. Məhkəmə əvvəlcə işi sakinlərin xeyrinə həll etsə də, daha sonra onları borclu çıxarıb.
Elmira Əhmədova da aldanan sakinlərdəndir. Mahamalar kənd sakinin sözlərinə görə, Sabir adlı icra nümayəndəsi onun adına 4 min manat götürüb. "Bizi yanına çağırıb dedi ki, zəlzələdən sonra eviniz təhlükəli vəziyyətdədir. Dövlətə demişik, fondumuza pul köçürəcək, evlərinizi təmir edəcəyik. Amma hələ ki, bankdan pul götürün, mənə verin, mən fonda pul köçən kimi həmin pulları banka qaytaracam. Amma 3 ildən çoxdur ki, biz əziyyət çəkirik", - deyə sakin bildirib.
Adlarına pul götürülənlər arasında başqa kənd sakinləri də var - Hürü Abdullayeva, Sevil Emçiyeva, Həmsət Əfəndiyev, Xanım Mehdiyeva, Rumiyə Salmanova. Onların hər birinin adına 2, 5, 4, 8 min manat məbləğində pul götürülüb.
İttiham olunan şəxs Sabir Mahmudov deyilənlərlə razılaşmadı. O, açıqlamasında kənd sakinlərinin sözlərini şər-böhtan olduğunu bildirib.
"Mən uzun müddət dövlət orqanında çalışmışam. Ötən ildən yaşımla əlaqədar təqaüdə çıxmışam. Mənim kiminsə puluna ehtiyacım yoxdur. Mən sakinlərdən birinə borc vermişəm, indi qaytarmaq istəmir deyə üstümə şər atır. Bununla bağlı məhkəməmiz də olub. Mən məhkəmədə qalib gəldim. Hətta həmin qadına 3 ilədək həbs cəzası da verildi. Sadəcə uşağı olduğu üçün onu tutmadılar", - deyə icra nümayəndəsi qeyd edib.
Qaynarinfo.az