Xəbər lenti

Sabir Rüstəmxanlı Samir Əsədlidən danışmaq istəmədi
Ölkə06:20 09.11.2013

Sabir Rüstəmxanlı Samir Əsədlidən danışmaq istəmədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Heç bir dava olmayıb, Samir hara, mən hara?”


Vətəndaş Həmrəyliyi Partiyasında (VHP) baş verənlər ciddiliyini qorumaqdadır. Partiya funksioneri Samir Əsədli qovulmasa da, münasibətlər soyuqluğunu saxlayır. İki gün əvvəl onun məsələsi partiyanın Siyasi Şurasında müzakirə edilib. Mətbuatda VHP Siyasi Şurasının iclasında partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədlinin Milli Şuranın namizədi Cəmil Həsənlini dəstəklədiyi üçün partiyadan uzaqlaşdırılması ilə bağlı qərar veriləcəyi barədə yayılan məlumatlar da təsdiqini tapmayıb.

Elə VHP sədri S. Rüstəmxanlı da bir neçə gün əvvəl “Yeni Müsavat”a açıqlama verərək bildirmişdi ki, ona və qardaşının nəşriyyatına qarşı baş verənlərə bir səbəb də Samir Əsədlinin Milli Şuranın mitinqində çıxışıdır: “Məlumdur, Samir Əsədli son mitinqdə  çıxış edib. O çıxışı mən bəyənmədim. Çünki doğru yanaşma deyil, doğru münasibət deyil. Mən realist yanaşmanın tərəfdarıyam. Azərbaycanda seçki qurtarıb, İlham Əliyev prezidentdir  və bu reallığı da hər kəs görür. Cığallıq, vaxt aparmaq, seçkilərin nəticəsi başqa cür olmalıydı demək doğru deyil. Hər nə cür olmalıydısa da, məsələ bitib. Biz seçkilərin nəticələrinə öz münasibətimizi bildirmişik. Samir partiyaya hörmət edirsə, orada gərək çıxış etməyəydi. Onun da məsələsinə baxa bilərik. İndi mən o təzyiqlərlə onu etmərəm, bəlkə də təzyiqlər olmasaydı, onun məsələsinə baxardıq”.

Bununla belə, S.Əsədlinin partiya sədri ilə münasibətlərinin yaxşı olmadığı və onun tezliklə qurumdan xaric ediləcəyi söylənilir. Artıq S.Əsədlinin bir neçə gündür ki, partiyanın qərargahına getmədiyi də vurğulanır.

Məsələ ilə bağlı tərəflərlə əlaqə saxlasaq da, heç biri bu barədə danışmağa həvəsli olmadı. S.Əsədli dedi ki, bu barədə ümumiyyətlə danışmaq istəmir: “Bu mövzunun uzadılmasının da tərəfdarı deyiləm. Yaxşı olar ki, bunu Sabir bəydən soruşun. Mənim başqa işlərim var, onları həll etməliyəm”.

S.Rüstəmxanlı isə qeyd etdi ki, S.Əsədli ilə onun məsələsi ciddi bir şey deyil: “Elə bir məsələ deyil. Mətbuatın yazdığının əksinə olaraq heç bir dava yoxdur. Bunlar mətbuatın işinin yoxluğundandır. Samir hara, mən hara? Ümumiyyətlə, bununla bağlı Siyasi Şuranın qərarı olub, əlavə nəsə deməyə ehtiyac yoxdur”.


Qaynar.info