Ölkə 16:50 07.09.2022

Sadə sözləri belə düz yaza bilməyən müəllimləri işə kim götürüb? - Ekspert

"Həmin müəllimlər bu günə kimi şagirdlərə təhsil verməklə onların beyinlərini yalnış informasiyalarla doldurub”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Elçin Əfəndi "şənbə” və "anbar” sözünü yaza bilməyən müəllimlərdən danışarkən deyib. Ekspert hesab edir ki, həmin müəllimlərin orta məktəblərə qəbul olması və müəllim kimi işə başlamaları Emin Əmrullayevin günahı deyil:
 
"Çünki onlar orta məktəblərə Emin müəllimə qədərki dövrdə qəbul olunub. Onlar Emin müəllimə qədərki nazirlərin –Misir Mərdanov, Mikayıl Cabbarov, Ceyhun Bayramovun dövründə işə qəbul olunublar. Bu müəllimlərin kimliyini araşdırsaq, onlar hardasa 20 il ştajları olan müəllimlərdir. Həmin dövrdən bugünkü dövrün müqayisəsini aparsaq görəcəyik ki, müəllimlərin işə qəbulu imtahanı nəticəsində olur. Onlardan ali məktəbi bitirməklə bağlı müvafiq biliklər və sənədlər qəbul olunur. Bunun əsasında da işə qəbul olunurlar”.
 
Elçin Əfəndi deyir ki, müəllimlərin sertifikasiya imtahanlarının keçirilməsinin üstünlüklərindən biri savadlıq müəllimlərin işə qəbiludur:

"Sertifikasiya məsələsini dəfələrlə müzakirə etmişik və mən yenə də həmin məsələyə toxunmaq istəyirəm. Sertifikasiya nə üçün keçirilir? Sertifikasiya bu qəbildən olan müəllimləri, müasir təhsil standartlarına cavab verməyən, müasir təhsil proqramlarından bixəbər olan müəllim heyətinin prosesdən uzaqlaşdırımasını tələb edir. Sertifikasiyanın keçirilməsinin də bir növ mahiyyəti bundan ibarətdir ki, yalnız müvafiq bilik və bacarıqları uyğun olan və dərs demək imkanları olan şəxlsər bu prosesdə iştirak etsinlər. Digərləri isə prosesdən kənarda qalsınlar”.

Qeyd edək ki, Elm və Təhsil naziri Emin Əmrullayev müəllimlərin sentyabr konfransında 500 müəllimin "anbar", "pambıq" və "şənbə" kimi sadə sözləri düzgün yaza bilmədiklərini açıqlayıb.
 
Bahar Rüstəmli