Bəzən toy sahibi əlavə fotoqraf gətirmək istədikdə buna icazə verilmir və ya qarşılığında əlavə disk, ya da toy albomunu alması tələb olunur. Bir çox halda narazılıqla qarşılanan bu hallara isə restoran inzibatçılarının öz izahları var.
Qaynarinfo.az xezerxeber.com-a istinadən bildirir ki, restoranlara nəinki əlavə fotoqrafın girişinə, heç qonaqların şəxsi fotoaparatları ilə şəkil çəkmələrinə də icazə verilmir. Hətta bəzi restoranlar bunu menyu vərəqəsində elan da edirlər. Ən maraqlısı budur ki, toy sahibi istədiyi fotoqrafı toyuna gətirmək üçün məcburi olaraq ya slayd disk, ya da fotoalbom almalıdır. İnzibatçılar bunu fotoqrafların restoran sahibinə ödəməli olduğu planla əlaqələndirirlər.
Belə hallarda məcbur qalıb fotoalbom alan toy sahibi əlavə olaraq minimum 200 manat xərc çəkməlidir. Fotoqraflar hər toyda adam sayına görə plan ödədiklərindən əlavə fotoqrafın gəlməsi, hətta kiminsə öz fotoaparatı ilə şəkil çəkməsi təbii olaraq onlara sərf eləmir. Bunun əziyyətini çəkənlər isə əlbəttə vətəndaşlar olurlar.