
2016-2017-ci tədris ilində ümumi orta təhsil səviyyəsi üzrə yeni təhsil proqramları (kurikulumları) üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) yeni qaydalar əsasında həyata keçiriləcək.
Komissiyadan verilən məlumata görə, yeni qaydalar Təhsil Nazirliyi və TQDK əməkdaşlarından ibarət işçi qrup tərəfindən işlənib hazırlanıb, Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sonuncu iclasında müzakirəyə təqdim olunub, Şura üzvlərinin rəy və fikirləri nəzərə alınıb.
Beləliklə, IX sinif üzrə buraxılış imtahanı Dövlət İmtahan Mərkəzi tərəfindən mərkəzləşdirilmiş qaydada ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün - Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili) və riyaziyyat fənlərindən iki mərhələdə keçiriləcək. Birinci mərhələdə şagirdlərə ana dili (Azərbaycan və ya rus dili) fənindən oxuyub-anlama və yazı bacarıqlarını yoxlamaq məqsədilə 2 mətn əsasında 10 açıq, 10 qapalı, riyaziyyat fənnindən riyazi bacarıqları yoxlamaq məqsədilə 10 açıq, ümumilikdə 30 test tapşırığı təqdim ediləcək. Bundan əlavə, şagirdlər birinci mərhələdə təqdim edilmiş mövzu üzrə könüllülük əsasında inşa (esse) yazacaqlar. Ümumi orta təhsil haqqında fərqlənmə sənədi almaq üçün inşanın (essesin) qiyməti nəzərə alınacaq. İkinci mərhələdə digər məzmun standartları üzrə bilik və bacarıqları yoxlamaq məqsədilə hər bir fənn üzrə 30, ümumilikdə 60 qapalı tipli test tapşırığı təqdim ediləcəkdir.