İsmayıllıda Şahdağ Milli parkda yanğın baş verir.
Qaynar.info Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, İsmayıllı rayonu, Tircan kəndində Şahdağ Milli parkına məxsus dağlıq ərazidə quru ot, kol-kos və ağaclar yanır. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin texnika və canlı qüvvəsi və Aviasiya dəstəsinin 2 helikopteri qeyd edilən yanğının söndürülməsinə cəlb olublar.
* * *
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Şahdağ Milli Parkının ərazisində baş verən yanğın hadisəsi ilə bağlı rəsmi məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən Qaynar.info-ya verilən məlumata görə, yanğının söndürülməsi üçün dərhal ETSN-nin yerli qurumlarının nümayəndələri, Fövqəladə Hallar Nazirliyinin xüsusi dəstələri, habelə yerli əhali hadisə yerinə cəlb olunub. Yanğının tam söndürülməsi üçün zəruri tədbirlər görülür.
İlkin ehtimala görə yanğın meşədə moruq yığan vətəndaşların ehtiyatsızlığı səbəbindən baş verib. Yanğının səbəbkarlarının müəyyən edilməsi və məsuliyyətə cəlb edilməsi ilə bağlı Şahdağ Milli Parkı tərəfindən aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına müraciət hazırlanır.
Hazırda ərazidə yanğının tamam söndürülməsi və dəymiş ziyanın miqdarının müəyyən edilməsi ilə bağlı işlər aparılır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi meşə və yaşıllıqlarımızı qoruyub saxlamaq üçün əhalini bir daha odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə və Azərbaycan xalqının milli sərvəti olan meşələrimizi qorumağa çağırır.
Qaynar.info