Martın 10-da Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşüb.
Qaynarinfo xəbər verir ki, bu barədə Gürcüstan Parlamentinin mətbuat xidməti məlumat yayıb.
Görüşdə Gürcüstan və Azərbaycan arasında tarixi dostluğa və çoxşaxəli səmərəli əməkdaşlığa xüsusi diqqət yetirilib.
Ş.Papuaşvili Azərbaycanın Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə verdiyi dəstəyə görə minnətdarlığını bildirib, öz növbəsində, Gürcüstanın da Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb.
Bundan əlavə, iki ölkə arasında yüksək səviyyəli səfərlərin intensivliyi müzakirə olunub.
Ş.Papuaşvili qeyd edib ki, yeni çağırış parlamentdə ilk rəsmi səfərin məhz Azərbaycan Milli Məclisinin sədrinin həyata keçirməsi rəmzi və sevindirici haldır.
Görüşdə hər iki ölkənin qanunverici orqanları, o cümlədən parlament sədrləri və sektoral komitələr arasında əlaqələrin yüksək qiymətləndirildiyi bildirilib. Əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün qarşılıqlı anlaşma memorandumu imzalanmasının vacibliyi vurğulanıb.
Tərəflər Cənubi Qafqaz regionundakı mövcud vəziyyəti də müzakirə edərək, mehriban qonşuluq münasibətlərinin, sülh və təhlükəsizliyin əhəmiyyətinə toxunublar. Həmçinin, strateji əhəmiyyətə malik regional layihələrin həyata keçirilməsi istiqamətində əməkdaşlıq etməyə hazır olduqlarını bildiriblər.
Görüşdə Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze, parlament sədrinin müavinləri Nino Tsilosani və İlia İnciya, həmçinin parlament üzvləri Savalan Mirzoyev, Zaur Darğallı, Henrietta Tsitsava və Dimitri Xundadze iştirak ediblər.
Şərhlər